Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Abşeronun inkişafı davamlıdır

13 İyul 2018
 

Yerləşdiyi bölgənin lideri statusunu layiqincə daşıyan Azərbaycan qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyir, hər ötən dövrü bütün sahələrdə uğurlarla başa vurur. Bu baxımdan 2018-ci ilin geridə qoyduğumuz dövrü də respublikamız üçün əlamətdardır. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iyulun 8-də keçirilən iclasında bu barədə geniş müzakirələr aparıldı, dövlət başçısı vəziyyəti geniş təhlil edərək qarşıda duran vəzifələri müəyyənləşdirdi. İclasdakı giriş nitqində Prezident İlham Əliyev qeyd etdi ki, 2018-ci ilin altı ayında qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunub, ölkəmiz öz dinamik inkişaf templərini saxlaya bilib, həm iqtisadi, həm də beynəlxalq siyasət sahəsində Azərbaycan böyük uğurlar əldə edib.

 

Ötən 6 ay müsbət nəticələrlə əlamətdardır

 

Dünən Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şura iclası Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuşdu. İclası giriş nitqi ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirdi ki, əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin 6 ayında da Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılmış, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilmiş, biznes və investisiya mühiti daha da yaxşılaşdırılmış, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənərək qeyri-neft ixracı artmışdır. Aparılan genişmiqyaslı iqtisadi islahatlar nəticəsində, bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artmış, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil etmişdir. Prezident İlham Əliyev ümumilikdə 2018-ci ilin birinci yarısında görülən işləri müsbət qiymətləndirmiş, bütün layihələrin həyata keçəcəyini, Azərbaycanın bundan sonrakı dövrdə də uğurla inkişaf edəcəyini bildirmişdir.
Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkənin digər bölgələri kimi Abşeron rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülmüş və bu işlər hazırda yüksək əzmlə davam etdirilir. Ölkənin hər yerində yaşanan inkişaf Abşeron rayonunun simasında da aydın müşahidə olunur. Son illərin real mənzərəsi Abşeronun ölkənin əsas inkişaf və quruculuq ünvanlarından biri olduğunu təsdiq edir. Bu inkişaf Abşeronun qüruru olduğu qədər, ölkəmizdən kənarda Azərbaycanın gözəl tanıtımıdır. Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illərdə rayon ərazisində olduqca mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir. Bu dövrdə həm ayrı-ayrı dövlət proqramlarından, həm yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlamışdır.
İradə Gülməmmədovanın sözlərinə görə, respublikamızda həyata keçirilən inkişaf kursu ötən 6 ayda Abşeron rayonunda bütün sahələrin davamlı inkişafını təmin edərək müsbət nəticələrin əldə edilməsini şərtləndirmişdir. Hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilmiş, əhalinin elektrik enerjisi, içməli su-kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun daha da yaxşılaşdırılması, sakinlərin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması istiqamətində xeyli işlər görülmüşdür. Ən əsası rayonun iqtisadi inkişafı istiqamətində müsbət nəticələr əldə olunmuşdur.

 

Abşeronda 350 adda məhsul xarici bazarlara çıxarılır

 

Abşeronda görülmüş işlərlə bağlı rayon icra hakimiyyəti başçısının müavini İlham Quluyev məruzə ilə çıxış etdi. Qeyd olundu ki, hesabat dövründə rayonda iqtisadi inkişaf məsələləri, sahibkarlığın stimullaşdırılması, əhalinin maddi rifahının daha da yaxşılaşdırılması kimi məsələlər rayon icra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılmışdır.
Cari ilin birinci yarısında rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 104 milyon manata çatmışdır. Sənaye müəssisələrində işləyənlərin sayı 8087 nəfər olmuş, çalışan işçilərin orta aylıq əməkhaqqı 343 manat təşkil etmişdir.
Rayon sahibkarları tərəfindən ixracyönümlü məhsul istehsalına diqqət artmış, ərazidə fəaliyyət göstərən 38 şirkət tərəfindən istehsal olunan 350 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilmişdir.
2018-ci ilin ötən müddəti ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında 115 hüquqi, 690 fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Ümumilikdə sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsi olaraq 6 ay ərzində rayon ərazisində 2406 yeni iş yeri açılmışdır.
Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 22 investisiya layihəsi üçün 15 milyon 535 min manat güzəştli kredit verilmişdir. Həyata keçiriləcək bu layihələr üzrə 225 yeni iş yerinin yaradılması nəzərdə tutulur. O da diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin 22 mart 2018-ci il tarixli sərəncamına əsasən 2018-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0,7 hektar sahədə xalça istehsalı emalatxanasının tikinti işləri sürətlə davam etdirilir.
2018-ci ilin 6 ayı ərzində rayonda tikinti işlərinin həcmi 43,2 milyon manat olmuşdur. Hesabat dövründə rayonda Mənzil Tikinti Kooperativləri tərəfindən çoxmənzilli yaşayış binaları üzrə 135 min kvadratmetrlik yaşayış fondunun tikintisi başa çatdırılaraq istismara qəbul edilmişdir. Bundan əlavə rayon ərazisində 60 min 800 kvadratmetr xidmət, istehsalat və ticarət üzrə qeyri-yaşayış obyekti, 210 min 600 kvadratmetr isə istixana kompleksi istifadəyə verilmişdir.
Hesabat dövründə rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsullarının istehsalında artıma nail olunmuşdur. Rayon ərazisində 1413 hektar sahədə taxıl biçini itkisiz başa çatmışdır. 6 ay ərzində 645 hektar tərəvəz sahəsindən 56414 ton məhsul yığılmışdır. Hesabat dövrü ərzində 19691 sentner ət, 142245 sentner süd istehsal olunmuş, yumurta istehsalı isə 71,4 milyon ədəd olmuşdur.
Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndirilməsi ilə bağlı işlər davam etdirilir, Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarda 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə gedir. 210 hektar sahədə artıq badam əkilmiş, 210 ha sahədə damlama üsulu ilə suvarma şəbəkəsi quraşdırılmış, 8 km uzunluğunda su xətti çəkilmiş, 70 min kubmetrlik su hovuzu tikilmiş, 30 ədəd müxtəlif təyinatlı texnika alınmışdır.
O da bildirildi ki, Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, torpaqlardan səmərəli istifadə olunması, istər bələdiyyə, istərsə də dövlət mülkiyyətində olub, lakin istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların dövriyyəyə cəlb edilməsi və bu torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.
Artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. Bu il isə öz xərclərindən əlavə 23 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuşdur.
Hesabat dövründə Abşeron rayon büdcəsinin yerli gəlirlər proqnozu 16 milyon 391 min 338 manata qarşı 18 milyon 980 min 535 manat və ya 115.8 faiz yerinə yetirilmiş, büdcəyə nəzərdə tutulduğundan 2589197 manat əlavə vəsait daxil olmuşdur. 2018-ci ilin 6 ayı ərzində rayonun yerli büdcəsinin icrası 7 milyon 115 min 55 manat proqnoza qarşı 5 milyon 953 manat və ya 71 faiz icra olunmuşdur. Yerli xərclərin proqnozla müqayisədə az icra olunması əsasən iyun ayının əməkhaqqının iyul ayında ödənilməsi ilə əlaqədardır.

 

İnfrastruktur sahələrində yenilənmə işləri davamlıdır

 

Cari ilin birinci yarısında rayon infrastrukturunun yenilənməsi də diqqət mərkəzində olub. İlin ötən dövrü ərzində rayonun daxili imkanları hesabına yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 4 min kubmetr çınqıl tökülərək yayılmış, 68 min kvadratmetr sahə asfaltlanmışdır. Uzunluğu 18 km olan Hökməli-Qobu-Lökbatan yolu əsaslı şəkildə yenidən qurulmuş, Güzdək-Buta yolunda 1070 metr uzunluğunda yolun birinci qat asfalt örtüyü verilmiş, 3500 metr hissəsində isə təmir işləri başa çatdırılaraq asfaltlamaya hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, Mehdiabad-Pirşağı avtomobil yolunun təmirinə başlanılmış, Bakı-Quba avtomagistralından Masazır, Novxanı istiqamətinə 2,7 km uzunluğunda alternativ yolun asfalt olunması ilə bağlı hazırlıq işləri görülmüşdür. Mehdiabad-Pirşağı yolunun kənarında 1500 metr uzunluğunda piyada səki çəkilmiş, 500 metr uzunluğunda sıradan çıxmış 159 mm-lik boru yenisi ilə əvəz olunmuşdur.
Əhalinin sabit elektrik enerji təminatı ilə bağlı yaşayış məntəqələrində 44 yeni transformator quraşdırılmış, 8 transformator təmir edilmiş, 410 ədəd dayaq və 57165 metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrində 27421 metr uzunluqda “SİP” kabelləşməsi aparılmışdır. Hökməli, Qobu, Aşağı Güzdək, Saray, Masazır, Fatmayı, Görədil, Novxanı, Məmmədli yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilmişdir. Güzdək qəsəbəsinin enerji təchizatının Qaradağ rayonundan ayrılması məqsədilə Paylayıcı Transformator Məntəqəsinin tikintisi başa çatdırılaraq Qobu yarımstansiyasından qəsəbəyə 10 kv-luq xətt çəkilişində son tamamlama işləri görülməkdədir. Hazırda Xırdalan, Masazır yaşayış məntəqələrində inşa olunmuş yarımstansiyalardan yeni çəkilmiş kabellərin şəbəkəyə qoşulması istiqamətində işlər aparılır.
2018-ci ilin 6 ayı ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 62037 p/m uzunluqda yeni içməli su, 51 min 55 p/m uzunluqda kanalizasiya xətləri çəkilmişdir. 895 p/m uzunluqda korroziyaya uğramış xətt dəyişdirilərək 22 ədəd müxtəlif markalı nasos təmir edilmişdir.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə rayonun Pirəkəşkül, Qobustan kəndlərində içməli su, Mehdiabad və Digah qəsəbələrində isə ayrılmış vəsait həcmində 5200 p/m uzunluğunda kanalizasiya xətlərinin yenilənməsi işləri başa çatdırılmışdır. Hazırda təmir tikinti təşkilatı tərəfindən Novxanı kəndində layihə əsasında su şəbəkəsinin inşası davam etdirilir. Rayon Sukanal idarəsi tərəfindən Aşağı Güzdək qəsəbəsinə gələn mərkəzi su xəttinin dəyişdirilməsinə başlanılmış və hazırda 600 metr su xətti yenilənmiş və işlər davam etdirilir.
Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı ötən ilin iyul ayından başlanılmış işlər davam etdirilmiş, bir il ərzində 94,8 km uzunluğunda içməli su, 52,8 km uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Hazırda paralel olaraq su və kanalizasiya çəkilişi işləri başa çatmış küçələrin asfaltlanması işləri həyata keçirilir. Ümumilikdə layihə çərçivəsində iki il ərzində 168 km içməli su, 110 km uzunluğunda kanalizasiya xəttinin çəkilişi işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
“Azərduz” İstehsalat Birliyinin fəaliyyət göstərdiyi Masazır duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Prezidentin müvafiq tapşırığı əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 13,2 km xəttin çəkilişi başa çatdırılmış, hazırda nasosxananın inşası işləri sürətlə davam etdirilir. Tikinti quraşdırma işlərinin ayın sonlarına kimi tamamilə başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan əlavə, təmir tikinti təşkilatları tərəfindən Novxanı kəndi ərazisində layihə əsasında su şəbəkəsinin inşası davam etdirilir. Məmmədli kəndində qrunt sularının axıdılması məqsədilə Nəsirəddin Tusi, Səməd bəy Mehmandarov və İsmət Qayıbov küçələrində ümumi uzunluğu 1200 metr olan açıq kanal çəkilərək mərkəzi kanalizasiya xəttinə birləşdirilmişdir. Kəndin mərkəzi küçəsinin ətrafında olan divarların üzlük daşlarla üzlənilməsi işlərinə başlanılmış, hazırda bu istiqamətdə işlər davam etdirilir. Saray qəsəbəsində Cabir Novruz və Sülh küçələrinə 660 kubmetr çınqıl tökülərək yayılmış və avtobus marşrutlarının işləməsi üçün normal vəziyyətə gətirilmişdir.
Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Saray, Novxanı, Masazır yaşayış məntəqələrində müxtəlif diametrli 2,1 km uzunluğunda yeni təbii qaz xətləri çəkilmiş, rayon üzrə ümumilikdə 4400 ədəd sayğac quraşdırılmışdır. Hazırda ötən il Ceyranbatan qəsəbəsindən Saray qəsəbəsinə çəkilmiş xəttin davamına başlanılmış, çəkilməli olan 5 km uzunluğunda xəttin 1 km-lik hissəsi çəkilmişdir.
Abşeron İH başçısının aidiyyəti orqanlar qarşısında qaldırdığı məsələnin nəticəsi olaraq, Qobu qəsəbəsinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə Lökbatan qəsəbəsi istiqamətindən 6,2 km uzunluğunda 250 və 160 mm yeni xəttin çəkilişi işlərinə başlanılmış, artıq bu günədək 500 metr 250-lik, 600 metr uzunluğunda 160-lıq xəttin çəkilişi həyata keçirilmişdir.
Hesabat dövründə Abşeron Telekommunikasiya Qovşağı tərəfindən tarif gəliri planı üzrə 4 milyon 85 min manat gəlir əldə edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 392 min manat çoxdur. Ötən 6 ay ərzində internet abunəçilərinin sayı 38452-ə çatmışdır.
2018-ci ilin 6 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir. Mehdiabad qəsəbəsində 1200 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi başa çatmış, ətrafında abadlıq işləri görülmüşdür. Əhalinin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Xırdalan şəhəri ərazisində mərkəzi rayon xəstəxana binasının inşası davam etdirilir.

 

Bütün vəzifələr tam yerinə yetiriləcək

 

Rayon ərazisində məskunlaşmış 11 min 855 məcburi köçkün ailəsinin qayğıları da daim diqqət mərkəzində saxlanılır. Məcburi köçkün rayonlarının işğal günü ərəfələrində həmin rayondan olan şəhid ailələri ilə görüşlər keçirilərək onlara maddi kömək göstərilir. Xırdalan şəhərində 27-ci məhəllədə tikintisi yarımçıq qalmış və qəzalı vəziyyətdə olan tikilidə məskunlaşmış 48 məcburi köçkün ailəsi barədə siyahı Dövlətqaçqınkoma təqdim edilmiş və yaxın vaxtlarda həmin ailələrin yeni evlərlə təmin edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlara diqqət və qayğısı ilə Masazır kəndində daha bir 12 mərtəbəli çoxmənzilli yaşayış binasının inşası başa çatmış və yaxın günlərdə açılışı gözlənilir.
* * *
Rayon Sukanal idarəsinin rəisi Qorxmaz Abbasov, Bağlar Sukanal idarəsinin rəisi Bəhlul Ramazanov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Məhərrəm Abdulov və rayon Statistika idarəsinin rəisi Təvəkkül Mirzəyev təmsil etdikləri sahələrdə görülən işlərlə bağlı hesabatla çıxış etdilər.
Çıxışlarda vurğulandı ki, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, payız-qış mövsümünə hazırlıqla bağlı rayonda işıq, içməli su, təbii qaz, yol və digər sahələrdə problemlərin meydana çıxmaması, rayon ərazisində yaşıllıqların qorunub saxlanılması və xüsusilə yol kənarları boyunca əkilən ağacların vaxtında suvarılması, ərazidə sanitar təmizliyin təmin edilməsi, rayonun inzibati ərazisində və rayona təhkim olunmuş dövlət fondu torpaqlarında qanunsuz tikintilərin qarşısının alınması qarşıda duran ən mühüm vəzifələrdəndir. Çıxış edənlər əminliklə bildirdilər ki, 2018-ci ilin növbəti aylarında da qarşıda duran vəzifələr vaxtında və keyfiyyətlə yerinə yetiriləcək, rayonun sosial-iqtisadi inkişafı və əhalinin sosial problemlərinin həlli istiqamətində mümkün olan bütün tədbirlər tam həyata keçiriləcəkdir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”