Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan dövləti bütün təxribatların qarşısını almağa qadirdir

13 İyul 2018
 

Gəncədə baş verən hadisələr, əvvəlcə şəhər icra hakimiyyəti başçısının silahlı sui-qəsdə məruz qalması, bir neçə gündən sonra şəhər mərkəzində vətəndaş qarşıdurması yaratmağa cəhdlərin edilməsi sabitliyi pozmaq istəyindən xəbər verir. Amma belə məkrli niyyətli şəxslər, pozucu qüvvələr heç zaman unutmamalıdırlar ki,  Azərbaycan kifayət qədər güclü dövlətdir. Hər şey hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Azərbaycan xalqı, xüsusən hadisə baş verən Gəncə sakinləri bu insanlara heç bir dəstək vermir və baş verənləri pisləyir.

Yerli sakinlərin qeyd etdiyi kimi, şəhərin baş meydanına toplaşan həmin insanların Gəncə ləhcəsinə uyğun olmayan üslubda danışması onların radikal, dini təmayüllü pozucu qüvvələr olduğunu, hansısa mərkəz tərəfindən idarə olunduğunu bir daha ortaya qoyur. Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət bütün dinlər üçün eyni şərait yaradıb. Odur ki, bu hadisələrin imanlı adamlarla, əsl dindarlarla bağlılığı yoxdur. Hadisəni törədənlər xaricdən idarə olunan, Azərbaycanı xaosa, xarabazara çevirmək istəyən və bununla da dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmaların əməlləridir. Gəncə sakinlərinin belə çağırışlara dəstək verməmələri onu göstərdi ki, gəncəlilər sabitlik tərəfdarıdır, müstəqil dövlətimizin yanındadır, Prezidentin siyasətinə güvənir və arxalanırlar. Azərbaycan dövləti çox güclüdür, bütün təxribatların qarşısını almağa qadirdir. Ölkəmiz pozucu qüvvələrə heç bir zaman meydan verməyəcək, həmin qüvvələr tez bir zamanda aşkarlanaraq cinayət məsuliyyətinə cəlb ediləcəklər. Xalqımıza, hüquq-mühafizə orqanlarımızın əməkdaşlarına qarşı törədilən bu qanlı hadisənin təşəbbüskarları və iştirakçıları Azərbaycan dövlətinin müqəddəs qanunları ilə mühakimə edilərək, layiq olduqları cəzanı alacaqlar.

Bir daha baş verən hadisələrdən təəssüfləndiyimizi bildirir, iğtişaşlar zamanı həlak olan polis zabitlərinə rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik.

Baş verən qanlı hadisələr, bir qrup şəxsin ixtişaş törətmək cəhdləri bizə bir sıra reallığı da yenidən xatırlatdı. Göstərdi ki, Azərbaycan xalqı öz dövlətini, vətənini çox sevir və daim sülhün sabitliyin bərqərar olmasını arzulayır. Əmin olduq ki, Gəncə əhalisi belə təxribatlara heç vaxt uymayacaqdır. Vətənimizin daim ucalması, respublikamızın inkişaf etməsi, ölkəmizin vətəndaşlarının əmin-amanlıq içərisində, dinc şəraitdə yaşamaları uçun milli birliyimizi qorumalı, dövlətimizin, onun Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməliyik. O zaman heç bir təxribatçı qüvvə öz bəd niyyətini həyata keçirməyə müvəffəq olmayacaq.

 

Vasim MƏMMƏDƏLİYEV,

BDU-nun kafedra müdiri,

akademik