Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli iradənin nümayişi çox vacibdir

13 İyul 2018
 

Gəncədə son günlər  bir-birinin  ardınca baş verən  iki qanlı hadisə ölkə  əhalisini, sadəcə, məyus etmədi. Üstəlik, hər kəsin bir vətəndaşlıq borcunu özünə xatırlatmış oldu.

İyulun 3-ü axşam tərəfi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilən sui-qəsdən sonra bir qrup dini-radikal əhalini terroristin müdafiəsinə qalxmağa çağırış adı altında yenidən şəhərdə qan tökməsi heç də təsadüfi sayıla bilməz.

Rəsmi dairələrdən hadisəyə münasibət bildiriləndə  xüsusi  vurğulandı ki, bu,  kriminal hadisə, silahlı basqındır.

Terror baş verib. Yaralananlar var. Bunun  ardınca xalqı, ictimaiyyəti iğtişaşa səsləyən dini-radikal qrup üzvlərinin  onların asayişini  belə qoruyan polisə hücumu da məsələnin mahiyyətini açır. Məqsəd xalq-hakimiyyət birliyinə xələl gətirəcək səviyyədə xaos yaratmaq, milli-mənəvi və dini dəyərləri tapdalamaq olub. Bu isə daim çətin və ağır situasiyalarda müdriklik göstərən xalqımızın dövlətçiliyin müdafiəsində daha sıx birləşdiyini üzə çıxarmış oldu. Azərbaycan polisinin nəinki sıravisinin, həm də yüksək rütbəli zabit heyətinin belə ictimai asayişin qorunmasında xidməti vəzifəsini şərəflə yerinə yetirdiyini göstərdi. Son hadisə eyni zamanda, onların bu yolda şəhid olmaqdan çəkinmədiklərini də təsdiqlədi.

Türkiyənin prezidentlərindən biri Süleyman Dəmirəl  hələ ötən əsrin yetmişinci illərində sağçılarla solçular arasında gedən ideoloji mübarizənin terror  səviyyəsinə qalxarkən söylədiyi “Cümhuriyyət polisinə güllə atan əllər kəsilməlidir” fikrini o zaman heç də səbəbsiz yerə söyləməmişdir. 

Xalqımız yaxşı bilir ki,  ölkədə süni qarşıdurma, xaos yaratmaq istəyən qara qüvvələr, ünsürlər ciddi şəkildə cəzalandırılacaqlar.

Hadisə ictimai maraq kəsb etdiyinə görə öz iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəs öz bəd əməlindən peşmançılıq çəkməlidir. Bu dövləti qurmaq nə qədər vacib idisə, onu qoruyub saxlamaq ondan daha da çətin və şərəflidir. Yəqin ki, həmin iğtişaşı törətməyə çalışan dini-radikallar tutduqları əməldən peşmandırlar. Çünki burada  onların hərəkətləri yalnız fanatiklik deyil, həm də islam dininin qəbul etmədiyi, lənətlədiyi məqamlardır.

 Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır. Belə dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş milliyyətindən  və dini inancından asılı olmayaraq, öz qəti mövqeyini ortaya qoyub. Bu gün də  dini baxışlarından asılı olmayaraq hər kəs milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və ona çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə izah edilməlidir. Hər hansı “səbəb” və ya bəhanə terrora bəraət qazandırmamalıdır. Buna cəhdlər isə yolverilməzdir.

 

Məhəmməd MEHDİYEV,

akademik, BDU-nun dekanı