Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müstəqilliyə qarşı yönələn xain əməllər məhvə məhkumdur

13 İyul 2018
 

Əsrlər boyu Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın dövlət səviyyəsində nümayiş etdirildiyi nümunəvi məkan kimi tanınır. Azərbaycan sivilizasiyalar arasında mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Lakin Azərbaycandakı tolerant mühit və sabitlik hər zaman bəzi qüvvələri narahat edib.

Bu qüvvələr Azərbaycanın dinamik inkişafına, dünyada söz sahibinə çevrildiyinə daim qısqanclıqla yanaşıblar.  Ölkədəki sabitliyi pozmağa yönəlik müxtəlif çirkin kampaniyalar həyata keçirilsə də, heç bir nəticəsi olmayıb. Xalq-iqtidar birliyi hər zaman antiazərbaycançı qüvvələrin planlarını alt-üst edib. 

İyulun 10-da Gəncə şəhərində yaşanan xoşagəlməz hadisələr də bu ssenarinin davamı idi. Yəni, şəhərdəki iğtişaş, törədilən cinayət əməlləri ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələrin çirkin məqsədlərinin tərkib hissəsi sayıla bilər. Din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə insanları iğtişaşlara təhrik etməsi dövlətə qarşı terrordur və islami dəyərlərimizə tamamilə ziddir.

İslam dinindən sui-istifadə edərək iğtişaş törədən və onların bu qanunsuz hərəkətlərinin qarşısını alarkən xidməti vəzifələrini yerinə yetirən yüksək rütbəli polis zabitlərini qətlə yetirən şəxslər antimilli qüvvələrin məkrli planlarının icraçılarıdır. Çünki hadisələr birbaşa respublikadakı mövcud ictimai-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəmizin müstəqil inkişafına ciddi maneə yaratmaq məqsədinə xidmət edirdi. Bu, təkcə polisə deyil, Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönələn xain əməllər idi. Hesab edirəm ki, bütün bu proseslər müəyyən mərkəzlər tərəfindən planlı şəkildə hazırlanıb və xüsusi təlim-təlimat almış şəxslər tərəfindən həyata keçirilib. Həmin şəxslər məqsədyönlü şəkildə şəhərdə asayişi pozmaqla müəyyən addımlar atmağa çalışıblar. Bir sözlə, antiazərbaycançı şəbəkə özünü dindar adlandıran şəxslərdən sui-istifadə etməklə çirkin niyyətini həyata keçirməyə bir daha cəhd edib.

Lakin Gəncə sakinləri təxribat xarakterli dini şüarlar və çağırışlar səsləndirən həmin şəxslərin çirkin əməllərinə heç bir reaksiya vermədi, əksinə, hər kəs bu əməlləri qətiyyətlə pislədi, təxribat xarakterli dini şüar və çağırışlara məhəl qoyulmadı. Gəncə sakinlərinin bu zorakılıq aksiyasına qarşı çıxması, heç bir dəstək verməməsi və pisləməsi bir daha onu göstərdi ki, bütün Azərbaycan xalqı, o cümlədən Gəncə sakinləri bu qanunazidd dini radikalizm hərəkətini pisləyir, bunu törədənlərə ən ağır cəzaların verilməsini tələb edir.

Bu hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı öz dövlətinə sahib çıxır, ölkədə terror, xaos, gərginlik yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələrin planlarını puça çıxarır. Ölkəmizin müstəqilliyini, ictimai-siyasi sabitliyini qorumaq üçün daim yüksək peşəkarlıq göstərən Azərbaycan polisi bu dəfə də məkrli qüvvələrə layiqli cavabını verdi. Bir daha bəlli oldu ki, Azərbaycan polisi cinayətkarlara öz çirkin əməllərini həyata keçirməyə heç zaman imkan verməyəcək.

Bu gün Azərbaycanda mövcud ictimai-siyasi sabitlik ölkəmizin müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Bu sabitliyin əldə olunması o qədər də asan başa gəlməyib. Azərbaycan xalqı xaosun, anarxiyanın hansı nəticələr verdiyini çox yaxşı bilir. Ona görə də dövlətçiliyə qarşı yönəlmiş istənilən təxribat baş verərkən xalq yumruq kimi birləşir, xalq-iqtidar birliyi bütün çətinliklərin öhdəsindən layiqincə gəlir. 

Ümumiyyətlə, Azərbaycanda terrorla, iğtişaşlarla sabitliyi pozmaq istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər. Ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanları buna qadirdirlər. Bu istiqamətdə indiyədək lazım olan addımlar atılıb və yenə atılacaq. Bu cür proseslərdə daim ayıq-sayıq olan vətəndaşlarımız dövlətimizin düşmənlərinə meydan verməyəcək. Hesab edirəm ki, Azərbaycanın güclü, qüdrətli olmasını istəyən hər bir şəxs, təşkilat, siyasi partiya, media qurumu dövlətin yanında olmalı, öz dəstəyini nümayiş etdirməlidir. Qeyri-hökumət təşkilatları insanlar arasında maarifləndirici tədbirlər həyata keçirməlidirlər. Həmçinin Azərbaycan dövlətinin milli maraqları hər bir vətəndaş tərəfindən qətiyyətlə qorunmalıdır.

Düşünürəm ki, respublikamız müstəqilliyini bərpa etdikdən sonra bir sıra ağır sınaqlardan çıxdığı kimi, bu sınaqdan da alnıaçıq, üzüağ çıxdı.

 

Həsən BAYRAMOV,

pedaqoji elmlər doktoru