Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncədəki təxribat islam dəyərlərinə görə böyük cinayətdir

13 İyul 2018
 

Gəncə şəhərində baş verən terror hadisəsi cəmiyyətdə son günlər müzakirə olunan ən aktual mövzudur. Statusundan, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bu hadisəni qətiyyətlə pisləyir. Baş vermiş olayda cinayətkarlar din adından sui-istifadə edərək öz məkrli planlarını həyata keçirməyə cəhd etdilər. Həm dövlətçiliyimizə, həm də dinimizə qarşı çıxdılar. Bununla bağlı münasibət bildirən din xadimləri də  birmənalı fikirlər səsləndirdilər.

 

Dövlətçiliyimizi hədəf seçənlər dinimizə də ləkə yaxırlar

 

“İmamzadə” məscidinin imamı, QMİ-nin Şamaxı bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Elşən Rüstəmov qeyd etdi ki, Gəncə şəhərində baş verən cinayəti törədənlərin din pərdəsi altında fəaliyyət göstərməsi əsassızdır: “Biz qəbul etmirik ki, ölkədə belə hadisələr baş versin. Əlbəttə, bu, düşmənlərin işidir, təxribatıdır. Din  pərdəsi altında, ölkəni bu cür qarışdırmaya cəhd göstərirlər. Lakin bu hadisədə heç bir dini əlamət olmayıb. Dinə belə təxribatlar yaddır. Din sülhdür, əmin-amanlıqdır. İslam dini dünyaya nümunədir. Bizim dövlətimiz qüdrətli dövlətdir. Azərbaycanda sabitliyi heç kim poza bilməz”.

Onun sözlərinə görə, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyəti iğtişaşlara təhrik etməsi dövlətə qarşı aşkar terrordur, islami dəyərlərə isə ziddir. E.Rüstəmov qeyd etdi ki, terrorçunun dini olmur. Terrorla məqsədə çatmaq bəşəriyyət əleyhinə cinayətdir. İslam dini terrorizmə, zülmə, bu cür davranışların əleyhinə hər zaman çıxıb. Heç bir kəsə insanı öldürmə haqqı verilmir. Bizim dinimiz barış dinidir, insanlar arasında sülh yaratmaq üçün göndərilib. Baş verənlərin islam dini ilə heç bir aidyyəti yoxdur.

“Bütün Şamaxı möminləri, dindarları, əhalisi Gəncədə baş verən təxribatları pisləyir, əleyhinə çıxırlar. Hər zaman da ölkəmizin, dövlətimizin yanındayıq. Bu təxribatlara, din adı altında mənfur fikirlərini yeridən insanlara öz sözümüzü deyirik ki, onlar öz istəklərinə nail ola bilməzlər”, - deyə “İmamzadə” məscidinin imamı söylədi.

 

Din insanları hər zaman barışa, sülhə çağırır

 

Hacı Cəfər məscidi dini icmasının sədri, QMİ-nin səlahiyyətli nümayəndəsi Mirələsgər Mirməmmədov isə bildirdi ki, Gəncədə baş verən iğtişaşlar həm Azərbaycan qanunlarının, həm də dini dəyərlərin tapdalanması kimi qəbul edilməlidir. Bir qrup şəxs Azərbaycandakı asayişi pozmaq üçün ən mühüm vasitə kimi dini təxribatlar törətmək yolunu seçib: “Konkret deyə bilərik ki, bu hadisənin islam dini ilə heç bir əlaqəsi yoxdur. Din hər zaman barışa dəvət edir, insanları sülhə çağırır, terroru, insan ölümünü, işgəncəni pisləyir. Sadəcə olaraq, qarşısına məqsəd qoymuş məkrli qruplaşmalar din adı altında başqa insanları ətrafına cəlb etməyə çalışırlar. Həm də bununla gördükləri əməlin əsl mahiyyətini gizlədirlər. Gəncə hadisələrinin başvermə vəziyyətinə baxanda da açıq-aşkar görünür ki, bu, dinə və dövlətə qarşı olan  cinayətdir. Ona görə də din xadimləri bu olayları pisləyir və insanları diqqətli olmağa çağırırlar”.

M.Mirməmmədov qeyd etdi ki, Azərbaycanda din dövlətdən, dövlət də dindən ayrıdır. Dini məsələləri dövlətə qarışdırmaq lazım deyil: “Bir şəxsin intriqası varsa, hər hansı bir məmurdan narazılığı varsa, bunu qanunla, məhkəmə yolu ilə həll etməlidir. Yalan informasiyalarla insanları aldadıb öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edib, terrora əl atmaq isə birmənalı qəbuledilməzdir.  Yenə deyirəm, əgər insanın hüququ pozulubsa, məhkəməyə müraciət edilməlidir. Dində bu məsələlərin insanların zorakılıqla həll etməsinə icazə verilmir!

Onun fikrincə, belə hadisələr ölkəmizdə əsrlər boyu formalaşmış dini-mənəvi dəyərlərə xidmət edə bilməz. Bu insanlar ictimai sabitliyimizi pozmağa cəhd etməklə, dövlətçiliyimizə qarşı çıxmaqla, eyni zamanda, dinimizi hədəf seçdilər. Ona görə də bu hadisə həm islam dininə, həm də Azərbaycan xalqına hörmətsizlik kimi qiymətləndirilməlidir.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”