Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xalqını, dövlətini sevən rəhbər

12 İyul 2018
Ümummilli lider Heydər Əliyevin respublikada ilk dəfə hakimiyyətə gəlişinin 49-cu ildönümü münasibəti ilə dünən Zaqatala rayonunda tədbir keçirilib. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin abidə kompleksini ziyarət edərək önünə tər çiçəklər düzməklə Azərbaycanın dahi oğluna öz ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzində konfrans keçirilib. Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Uğurlu gələcəyi yazan və yaradan” adlı geniş məruzəsi dinlənilib.
Rayon rəhbəri 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsini, bununla da Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməlinin qoyulmasını vurğulayıb. Bildirib ki, ulu öndər sovet ittifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasətini yürüdüb. Ulu öndərin respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olmasını sübuta yetirməsi, respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərməsi, fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq olması xüsusi vurğulanıb.
M.Əhmədzadə öz çıxışında xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçməsindən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamasını diqqətə çatdırıb. Qeyd edib ki, üzləşdiyi çətinliklərə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq bütün manelərə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünə inam və siyasi uzaqgörənlik kimi iradi keyfiyyətlərdən məharətlə bəhrələnib. Bütün bunlar da öz növbəsində xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas edib. Müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olub. Daha sonra rayon rəhbəri ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təməl üzərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın ən önəmli dövlətlərindən biri kimi tanındığını qeyd edib.
Konfransda çıxış edən digər natiqlər də ulu öndərin bütün həyatını xalqımızın xöşbəxt gələcəyi naminə Azərbaycana bəxş etdiyini, dövlətçiliyimizin möhkəmlənməsində, ölkəmizin iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafında, milli adət-ənənələrinin qorunub saxlanılmasında sonsuz fədakarlıq göstərdiyini qeyd ediblər. Heydər Əliyev siyasi irsinin zəngin bir xəzinə olduğunu bildirən natiqlər bu xəzinədən xalqımızın daim bəhrələnəcəyini və ondan Azərbaycan dövlətinin siyasətində həmişə istifadə olunacağını xüsusi vurğulayıblar.


Ə.SƏLİMOV,
“Azərbaycan”