Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qaxlı gənclər Vətənin keşiyində dayanmaq üçün həqiqi hərbi xidmətə yola salınıblar

12 İyul 2018
Qax şəhərində bir qrup çağırışçı gənc həqiqi hərbi xidmətə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və valideynlərin iştirakı ilə keçirilən mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin rəisi, polkovnik-leytenant Rövşən Ədilov Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində inamlı addımlar atılır. Orduda islahatların aparılması, struktur dəyişiklikləri, peşəkar kadrlarla komplektləşdirmə, hərbi təhsilin müasir tələblərə uyğun qurulması öz bəhrəsini verir. Artıq ölkəmizdə nizam-intizamlı, düşmənə layiqincə cavab verə biləcək peşəkar ordu yaradılıb, şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığı daha da yüksəlib.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, ziyalılar və valideynlər Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib, gənclərə şərəflə xidmət etməyi, hərbi biliklərə dərindən yiyələnməyi tövsiyə ediblər.

Uşaqların hazırladığı bədii proqramdan sonra çağırışçı gənclər Azərbaycan bayrağının altından keçərək, onlar üçün ayrılmış xüsusi avtobusla hərbi hissələrə yola düşüblər.