Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bərdəli gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar

12 İyul 2018
Bərdə rayonunda çağırışçı gənclər Vətənin keşiyində dayanmaq kimi şərəfli borclarını yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsində keçirilən təntənəli mərasimdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak ediblər.

Çağırışçı gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər güllər düzüblər.

Mərasimdə çıxış edən Xidmətin Bərdə rayon şöbəsinin rəisi Əfran Nəbiyev və rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya gəncləri həqiqi hərbi xidmətə yola düşmələri münasibətilə təbrik ediblər. Çıxışlarda sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, ordu ilə xalqın monolit birliyindən danışılıb, çağırışçılara Vətənin layiqli əsgəri olmaq və torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq tövsiyə edilib.

Valideynlər çıxışlarında ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirərək, övladlarının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiklərini deyib, onlara tövsiyələrini veriblər.

Çağırışçılar Azərbaycan Ordusuna, Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.

Mərasimdə Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərindən ibarət “Cəsurlar” komandası hərbi məharətini nümayiş etdirib. 7 nömrəli tam orta məktəbin şagirdləri kompozisiya ilə çıxış edib, çağırışçılara gül-çiçək dəstələri veriblər.

Sonra rayon mədəniyyət evinin “Qarabağ” xalq çalğı alətləri ansamblının konserti olub.

Gənclər Azərbaycan Respublikasının dövlət bayrağını öpərək, musiqi sədaları altında həqiqi hərbi xidmətə yola salınıblar.