Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

"Molla Nəsrəddin lətifələri" kitabının və www.mollanasreddin.az portalının təqdimatı olub

12 İyul 2018
İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun və SOCAR AQŞ-nin təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri” kitabının və www.mollanasreddin.az portalının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər dünyada ictimai və humanitar elmlər içərisində folklora marağın xeyli artdığını deyib. Cəmiyyətdə ictimai nikbinlik əhval-ruhiyyəsinin yüksəldilməsi, sosial stressin aradan qaldırılması, sivil və liberal dəyərlər əsasında kommunikativliyin gücləndirilməsi və sosial inteqrasiyanın təmin edilməsində folklorun böyük rola malik olduğunu vurğulayan Akif Əlizadə Molla Nəsrəddin lətifələrinin toplanılması, kataloqlaşdırılması və araşdırılmasının bu baxımdan əhəmiyyətini vurğulayıb.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, bu gün sürətli sosial-iqtisadi yüksəliş yolunda olan Azərbaycan beynəlxalq miqyasda yalnız yeraltı sərvətləri, nefti və qazı, yəni iqtisadi qüdrəti ilə deyil, həm də öz mənəvi dəyərləri, mədəni irsi ilə tanınır.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müasir azərbaycançılıq ideologiyasının formalaşdırılması, tədqiqi və təbliği baxımından folklorun rolundan söz açıb.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımov isə Molla Nəsrəddin obrazı və onun mədəniyyətdəki yeri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.