Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlətçiliyə qarşı təxribat bu dəfə də uğursuz oldu

12 İyul 2018
 

Cinayətkarlara ən ağır cəza verilməlidir

 

İyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmağa cəhd göstərməsi xəbəri ölkə əhalisini ciddi şəkildə hiddətləndirib. Ölkə ziyalıları, din xadimləri, siyasətçilər hesab edirlər ki, bu cür qanunazidd hərəkətlər Azərbaycanı istəməyən qüvvələrin növbəti təxribatıdır. Gəncədəki hadisə üç il öncə Nardaranda baş verən ssenarinin davamıdır və ölkədə sabitliyi, ictimai asayışı pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır.
Bu təxribatların qarşısı alınarkən polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetiriliblər.

 

Səbatsız insanların əli ilə qarışıqlıq yaratmağa cəhd edirlər

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə hesab edir ki, Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və sabitliyimizə qarşı yönəlmiş bir provokasiyadır.
Onun sözlərinə görə, qeyri-qanuni aksiyanın nə insan hüquqlarının müdafiəsinə, nə də dinə bir aidiyyəti var idi: “İki nəfər yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi bunun düşünülmüş bir addım olmasına dəlalət edir. Bir müddət əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısına, indi isə polis rəsmilərinə qarşı törədilən hadisələr Azərbaycanda çaşqınlıq və gərginlik salmaq istəyindən xəbər verir. Görünür xaricdə antiazərbaycançı dairələrə Azərbaycanın inkişafı, müstəqil siyasəti sərf etmir. Onlar terrora, qeyri-qanuni hərəkətlərə üstünlük verməyə, səbatsız insanların əli ilə qarışıqlıq yaratmağa cəhd edirlər”.
Deputat deyir ki, Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir, o, heç zaman qara qüvvələrin arxasınca getməyəcək. Baş verən hadisələr isə göstərir ki, dövləti, sabitliyi, inkişafımızı hər an qorumalıyıq və Azərbaycan xalqı, dövləti buna qadirdir.

 

Bu, təkcə Gəncəyə deyil, dövlətçiliyə qarşı təxribatdır

 

Milli Məclisdə Gəncə seçicilərini təmsil edən deputat, parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyir ki, bu hadisə təkcə Gəncəyə deyil, Azərbaycan dövlətçiliyinə qarşı bir təxribatdır. Bu, ölkəmizi güclü dövlət kimi və inkişafını görmək istəməyən qüvvələrin məkrli niyyətinin Gəncədə təzahürüdür: “Hesab edirəm ki, bu hadisələrdə Gəncə sakinlərinin bu zorakılıq aksiyasına qarşı çıxması, heç bir dəstək verməməsi və pisləməsi bir daha onu göstərdi ki, bütün Azərbaycan xalqı və Gəncə sakinləri bu qanunazidd dini radikalizm hərəkətini pisləyir, bunu törədənlərə ən ağır cəzaların verilməsini tələb edir”.
Deputat hesab edir ki, bu çirkin qüvvələrin Azərbaycanda öz məqsədlərinə çatmasına dövlət və xalq imkan verməyəcək. Onun fikrincə, qısa müddət ərzində hüquq mühafizə orqanları bütün bu cinayətin təşkilatçılarını, günahkarlarını, iştirakçılarını aşkara çıxaracaq. Bu qeyri-qanuni aksiyanın törədilməsi və hadisə nəticəsində 2 yüksək vəzifəli polis zabitinin şəhid olması bizi daha da ayıq-sayıq olmağa çağırır”.
Musa Quliyev onu da vurğulayıb ki, məlum qeyri-qanuni aksiyada iştirak edənlər Gəncə sakinləri deyil. Çünki bu hadisə əvvəlcədən hazırlanmış, təşkil olunmuş və düşünülmüş bir hərəkətdir: “Bu hadisəni Gəncə sakinlərinin adına yazmaq və bağlamaq böyük günah olar. Burada müxtəlif düşərgələrdə təlim keçmiş və radikalyönümlü, ölkənin sabitliyini pozmaq və iğtişaş törətmək istəyən şəxslər iştirak ediblər. Onlar müxtəlif ölkələrdən də, bölgələrdən də ola bilərlər. Amma onların heç birinin Gəncəyə və Azərbaycana aidiyyəti yoxdur. Bütün bunlar istintaqın gedişində aydınlaşacaq”.

 

Dövlət çox sərt mövqe sərgiləməlidir

 

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa da hesab edir ki, Gəncədə baş verən hadisələr birbaşa dövlət orqanlarının fəaliyyətini pozmaq və eyni zamanda dini radikalizmi, xurafatı Azərbaycan cəmiyyətində vacib bir element kimi təqdim etmək üçün məqsədyönlü şəkildə xarici ölkələrin kəşfiyyat dairələri tərəfindən istiqamətləndirilən bir aksiyadır.
Bu aksiyanın bir neçə təhlükəli tərəfi var: “Bu, ilk növbədə hər hansısa bir məmura qarşı etiraz xarakteri daşımır, birbaşa dövlət orqanlarının fəaliyyətini iflic etmək məqsədi güdür. Bu, silahla, xəncərlə, bıçaqla dövlətin üzərinə gəlmək kimi qiymətləndirilməlidir. Ona görə də dövlət bu məsələdə çox sərt mövqe sərgiləməlidir. İki polis zabitimizi qətlə yetiriblər, icra hakimiyyətinin başçısını ağır yaralayıblar. Bunlar onu göstərir ki, həmin qüvvələr güc nümayiş etdirirlər. Lakin Azərbaycan dövlətinin gücü kifayət qədər çoxdur. Bu cür xurafat elementlərinin hansı ölkədən dəstək almağına baxmayaraq, Azərbaycan dövlətinin kifayət qədər bunun kökünü qazmağa imkanı var”.
Deputat hesab edir ki, bu məsələlərə rəvac verən bütün prosesləri bir daha gözdən keçirmək, qanunvericiliyi müəyyən dərəcədə təkmilləşdirmək və ölkənin hüquq mühafizə orqanlarının imkanlarından istifadə edərək bu cür çirkinliklərin qarşısını almaq lazımdır. Eyni zamanda maarifçilik işləri də aparılmalıdır: “Bu prosesdə siyasi partiyaların, QHT-lərin, media qurumlarının iştirakı daha vacibdir. Bunu hamı üçün bir təhlükə amili kimi gündəmə gətirərək cəmiyyətin ciddi şəkildə öz mövqeyini ortaya qoymasını təmin etməliyik. Çünki bu, dünyəvi dövlət modelimizə qarşı çevrilən məqsədyönlü hərəkatdır. Bunun alt qatda da kifayət qədər dəstəkçiləri var. Məncə bunu çox ciddi araşdıraraq Azərbaycan cəmiyyətini gələcək təhlükələrdən xilas etmək lazımdır”.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”