Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çirkin niyyətlilərin bəd əməlləri lənətlənməlidir

12 İyul 2018
 

Gəncə Azərbaycanın Qərb bölgəsinin mərkəzi, Murovun, Kəpəzin ətəyinə sığınmış ulu məskəndir. Azərbaycan tarixində Gəncənin şəxsiyyətlərinin adı qızıl hərflərlə yazılıb. Nizamilər, Məhsətilər… kimi dünyanın tanıdığı dahilər məhz Gəncədə dünyaya göz açıb.

Gəncə zaman-zaman yadellilərin hücumlarına sinə gərib. Cavad xan Gəncə uğrunda şəhid gedib. Gəncənin yalnız taleyi deyil, adı da müəyyən dövrdə repressiyaya məruz qalıb.

Sovetləşmə illərində Gəncəyə qətiyyən aidiyyəti olmayan S.M.Kirovun adı verilib: Kirovabad adlandırılıb. Lakin həmin illərdə şəhərin abadlığından söz gedə bilməzdi. Əksinə, şəhər əhalisinin  erməniləşdirilməsi siyasəti yürüdülüb.

Gəncədə bu günlərdə din pərdəsi altında iğtişaş yaratmağa çalışanlar, müstəqil dövlətimizi, inkişafı ilə düşmənlərimizə göz dağı olan ölkəmizi qan çanağını xatırladan İraqa, Suriyaya çevirməyə cəhd edirlər. Təəssüflər olsun ki, dini-radikalizmin bu hərəkətləri qanlı olaya çevrildi.

3 iyul tarixində  qanlı hadisəni törətmiş, terror aktının müəllifi olan Rusiya vətəndaşı Yunis Səfərovun cinayət əməllərinə don geyindirmək məqsədi daşıyan - qanunsuz etiraz aksiyası keçirməyə cəhd edən bir qrup başıpozuğun önünə silahla deyil, əliyalın çıxan yüksək rütbəli polis zabitlərini xəncərlə vurub qətlə yetirməsi nifrət doğurmaya bilməz. Baş verənlər bir daha sübut edir ki, Gəncədəki hadisələr zəncirvari şəkildə bir-birilə bağlıdır və dövlətimizin sarsıdılmasına, ona ağır zərbə vurulmasına yönəlib. Gəncədə baş verən hadisələrin hansısa peşəkar jurnalistlər tərəfindən yox, hicablı, indiyə kimi heç bir jurnalistin tanımadığı bir xanım tərəfindən provokasiya xarakterli (saxta həyəcanla) şəkildə translyasiya olunması və həmin videonun sürətli şəkildə, xüsusilə də xaricdə yaşayan şəxslər tərəfindən paylaşılması da bir çox qaranlıq mətləblərdən xəbər verir.

Azərbaycanın müstəqilliyini, sabitliyini istəməyən qüvvələr daim ölkədəki həssas məsələlərdən istifadə etməkdə maraqlı olublar. Belə məsələlərdən biri də dindir. Azərbaycan dünyəvi quruluşa malik ölkə olsa da, dövlət-din münasibətlərinə xüsusi önəm verib, ölkədəki dini mühitin qorunmasında, məzhəblərarası münasibətlərin tənzimlənməsində dünyaya örnək ola biləcək bir siyasət yürüdür. Hətta yeri gələndə dünya miqyasında İslam dininin təəssübkeşi rolunda çıxış edir. Təəssüflər olsun ki, bu siyasət xaricdən idarə olunan bəzi radikal-dindar, ekstremist elementləri heç vaxt qane etməyib.

Onlar daim din faktorunu qabartmaqla öz çirkin niyyətlərinə nail olmağa can atıblar. Həmin qüvvələrin məqsədi Azərbaycanın mövcud konstitusion quruluşunu dəyişib, teokratik, sırf dinlə idarə edilən bir quruluş qurmaqdan ibarətdir.

Asayişin bərpası zamanı canını fəda edən polislərimiz şəhidlik zirvəsinə yüksəldi. Bəli, dövlətçiliyi qoruyarkən həyatını itirən insan şəhiddir. Amma onlara  qıyan və din adı ilə silahlanan zərərli elementlər bilmirlər ki, İslam dinində günahsız insanı öldürmək kimi tələb və əmr yoxdur?! Bu əməl dinlə lənətlənir. Bunun adı nadanlıqdır ki, o da cəhalətin nəticəsidir.

Həmin zərərli elementlər bilməlidirlər ki, Azərbaycan xalqı öz  müstəqil dövlətini qorumaq üçün belə şəhidləri az verməyib. Belə ünsürlər əmin olsunlar ki, dövlətçiliyimizin qorunması uğrunda canını könüllü olaraq fəda etməyə hazır olan yüz minlərlə vətəndaşımız var.

 

Vasif BABAZADƏ,

akademik