Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəkili gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşdülər

12 İyul 2018
 

Şəki şəhərində çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirilib. Şəhər rəhbərliyi və tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsi  önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Yalçın Sadıqlı çıxış edib. O, ölkəmizdə ordu quruculuğu sahəsində görülən uğurlu işlərdən danışıb. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan  Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti öz bəhrəsini verir. Ordumuzun dünyanın ən qabaqcıl ordusu kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülür. Vətənimizin bir qarış torpağının belə, düşmən tapdağında qalmaması üçün Silahlı Qüvvələrin şəxsi heyəti daim döyüş əzmini möhkəmləndirir, ordumuz ən müasir hərbi texnikalar ilə təchiz olunur. Məhz göstərilən dövlət qayğısının nəticəsidir ki, indi Azərbaycan ordusu ən çətin döyüş tapşırığını  yerinə yetirməyə tam qadirdir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müstəqil Azərbaycanın Milli Ordusunda xidmət etməyin çox müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib. Şəkililərin Böyük Vətən müharibəsində, eləcə də Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərmələrindən söz açıb.

O, gənclərə şərəflə xidmət etməyi, Vətənin keşiyində möhkəm dayanmağı tövsiyə edib, sağ-salamat evlərinə, doğmalarının yanına qayıtmalarını arzulayıb.

Hərbi xidmətə yola düşən gənclərin valideynləri də yolasalma mərasimində çıxış ediblər. Valideynlər adından çıxış edən Mənsur Əzizili bildirib ki, bu gün Azərbaycan xalqı öz ordusu ilə fəxr edir. İyunun 26-da keçirilən hərbi parad bir daha ordumuzun hansı gücə və potensiala malik olmasından xəbər verir. Belə güclü və əzəmətli bir orduya əsgər göndərmək hər bir valideyn üçün fəxrdir. O, oğlu Qara Əzizilinin də çağırışçılar sırasında olmasından qürur duyduğunu, övladının Vətən qarşısındakı borcunu vicdanla, alın açıqlığı ilə yerinə yetirəcəyinə əminlik ifadə edib.

Çağırışçı Elvin Süleymanov da, onunla birlikdə hərbi xidmətə yollanan digər gənclər də Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanacaqlarını bildiriblər.

Məktəblilərin təqdim etdikləri bədii proqramdan sonra gənclər təntənəli marşın sədaları altında üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi xidmətə yola düşdülər.

 

Əli SƏLİMOV,

“Azərbaycan”