Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

TARİXDƏ BİR İLK

12 İyul 2018
 

Xorvatiya - İngiltərə - 2:1

Qollar: İvan Perişiç, 68; Mario Mandzukiç, 109 - Kiran Trippier, 5

Sarı vərəqələr: Mario Mandzukiç, 48; Ante Rebiç, 96 - Kayl Uolker, 54

Moskva. “Lujniki” stadionu

 

Dünən futbol üzrə dünya çempionatında ikinci finalçının da adı məlum oldu. Bu İngiltərə yığmasına qalib gələn Xorvatiya millisidir. 

İlk dəfə müstəqil ölkə kimi DÇ-1998-də iştirak edən Xorvatiya tarixində 2-ci dəfə mundialın yarımfinalında təmsil olunurdu. 1998-ci ildə dünya çempionu adını qazanan  Fransa komandasına uduzan (1:2) xorvatlar həmin vaxt mübarizəni 3-cü yerdə başa vurmuşdular. Ondan sonra iştirak etdikləri üç dünya çempionatında qrupda qalan, DÇ-2010-a, ümumiyyətlə, çıxa bilməyən xorvatiyalılar digər idman növlərindən su polosunda 2 dəfə, həndbolda isə 1 dəfə dünya çempionluğunun sevincini yaşayıb.

Xorvatlar hazırkı mundialda iki oyunun gedişində qapılarından birinci top buraxsalar da, ruhdan düşməyərək məğlubiyyətdən xilas ola biliblər. Onlar həmçinin 1990-cı ildə ardıcıl iki mərhələdə penaltilər seriyasında qalib gələn Argentina komandasının nailiyyətini təkrarlayıblar.

Xorvatiya üçün uğurlu DÇ-1998-də Davor Şuker 6 qolla mundialın bombardiri olmuşdu. Komandanın indiki heyətində isə səkkiz futbolçu fərqlənib. Onlardan da yalnız Luka Modriç rəqib qapısına 2 dəfə yol tapa bilib. Onu da qeyd edək ki, bu qarşılaşmaya kimi xorvatlarda Modriç, ingilislərdə isə Harri Keyn hərəyə 3 dəfə “matçın oyunçusu” seçiliblər.

Sayca 15-ci dəfə mundialda çıxış edən İngiltərə millisi isə tarixində 3-cü dəfə yarımfinalda oynayırdı. 1966-cı ildə dünya çempionu olan ingilislər DÇ-1990-da da 4-cü yeri tutmuşdular.

Rəqiblərin şəxsi görüşlərinə gəlincə, onlar dünya və Avropa çempionatlarının final turnirində cəmi bir dəfə qarşılaşıblar: Avro-2004-ün qrup oyununda ingilislər 4:2 hesabı ilə qalib gəliblər. Bundan sonra Avro-2008-in seçmə mərhələsində iki qələbəyə sevinən (2:0 və 3:2) xorvatlar DÇ-2010-un seçmə mərhələsinin hər iki görüşündə məğlub olublar (1:4; 1:5).

Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüşün ilk hissəsində xorvatların çox yorğun olduqları nəzərə çarpırdı. Çünki dörddəbir finalda ruslarla 120 dəqiqə oynamaq komandada əlavə fiziki yorğunluğa səbəb olmuşdu. İngilislər isə İsveç komandasını heç də əziyyət çəkmədən təcrübə hesabına məğlub etmişdilər. Oyuna sürətli başlayan İngiltərə yığması meydançanın mərkəzində pressinq tətbiq edərək xorvatiyalı Modriçin topla təmin olunmasına mane olmaq istəyirdi. İlk dəqiqələrdən istədiklərinə nail oldular. Qurulan hücumlardan birində rəqib futbolçuya qarşı edilən kobudluğa görə hakim cərimə zərbəsi təyin etdi. Kiran Trippier möhtəşəm zərbə ilə ingilisləri hesabda irəli çıxartdı. Qoldan sonra müdafiə olunaraq rəqibi əks hücumlarda tutmaq taktikası seçən ingilislərin qapıları qarşısında bir neçə dəfə təhlükəli epizodlar yarandı. Lakin xorvatlar bundan yararlana bilmədilər.

Fasilədən sonra taktiki düzülüşlərdə dəyişiklik edən xorvatlar oyunda üstünlüyü ələ keçirdilər. Rəqib qapısı qarşısında yaradılan qol epizodları 68-ci dəqiqədə bəhrəsini verdi. İvan Perişiç hesabda bərabərliyi bərpa etdi-1:1.

Matçın əsas vaxtında bundan başqa qol olmadı. Qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə oynanıldı.  Ardıcıl 3 matçdır (1/8 finalda Danimarka, 1/4 finalda Rusiya) oyunu penaltilər seriyasına kimi aparıb çıxardan Xorvatiya komandası bu dəfə əlavə vaxtda hesabda irəli çıxdı. Mario Mandzukiç qapıçı  Yordan Pikfordla dueldən qalib ayrıldı. Hesabı bərabərləşdirmək üçün ingilislər nə qədər cəhd göstərsələr də, buna nail ola bilmədilər.

Beləliklə, iyulun 15-də keçiriləcək final matçında Fransa və Xorvatiya  komandaları qarşılaşacaqlar.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”