Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

15 illik şərəfli inkişaf yolu

11 İyul 2018
 

Ötən dövrdə əldə edilən nailiyyətlər perspektiv yüksəlişin zəminidir

 

Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətində diqqət çəkən məqamlardan biri ötən 15 ildə Nazirlər Kabinetinin geniş iclaslarının keçirilməsinin ənənə halını almasıdır. Bu iclaslarda hər rüb, yarım il və il ərzində müxtəlif sahələr üzrə görülən işlər haqqında məlumatlar dinlənilir, təhlillər aparılır, gələcək planlar müzakirə olunur, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycanda çoxlu mütərəqqi proseslərin baş verdiyini nəzərə alsaq, bu iclasların nə qədər əhəmiyyət kəsb etdiyini görərik.

 

Xalqa verilən hesabat və şəffaflıq

 

Ölkə rəhbərinin həyata keçirdiyi siyasi xətt çox dinamik və çevik olduğundan hakimiyyətin hesabatı da kifayət qədər əhatəli və geniş olur. Bu iclasların keçirilməsi xalqa hesabatla yanaşı, həm də hakimiyyətin öz fəaliyyətini açıq və şəffaf şəkildə aparmasının əyani təsdiqidir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, hökumətin fəaliyyəti daim xalqın nəzarəti altında olmalıdır. Çünki Azərbaycan hakimiyyətinin bütün təşəbbüsləri xalqının sosial rifah halının getdikcə yaxşılşmasına, dövlətin daha da möhkəmlənməsinə xidmət edir.
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası da əldə olunan uğurların qiymətləndirilməsi, gələcək hədəflərin müəyyən olunması baxımından kifayət qədər əlamətdar oldu. İclasda görülmüş işlərə nəzər salındı, hökumətin qarşısında duran vəzifələrə bir daha aydınlıq gətirildi.
İlk növbədə, onu qeyd edək ki, 2018-ci ilin birinci yarısı iqtisadi baxımdan uğurlu hesabat dövrü kimi yadda qaldı. Əvvəlki illərdə başlanmış islahatların nəticəsidir ki, iqtisadi statistika müsbətdir. Məsələn, ötən 6 ayda ümumi daxil məhsul 1,3 faiz artıb. Əsas prioritet kimi müəyyən olunmuş qeyri-neft sektorunun inkişafı istiqamətində rəqəmlər ürəkaçandır. Belə ki, bu müddətdə qeyri-neft sektorunda qeydə alınan 2 faiz artım bu sahədə aparılan islahatların nəticəsidir. Qeyri-neft sənayesində isə artım 8,8 faiz həcmindədir. Bu, yenə də onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir. Prezident İlham Əliyevin giriş nitqinin əvvəlində qeyd etdiyi kimi, bu dövrdə respublikamız öz dinamik inkişaf templərini saxlayıb: “İlin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi. Bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir”.

 

6 ayda Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib

 

Dövlət başçısı iqtisadiyyatla yanaşı, ölkəmizin beynəlxalq siyasət sahəsində uğurlar əldə etdiyini xüsusilə vurğuladı. Bunun kifayət qədər əsasları var. Məhz siyasətin nəticəsidir ki, Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycanın həyata keçirdiyi xarici siyasət milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə təmin edib. Eyni zamanda, bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya verərək özünü uğurla doğruldur.
İlin birinci yarısı da Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı və möhkəmlənməsi ilə bağlı kifayət qədər uğurlu dövrdür. Bunun bariz nümunələrindən biri prezident seçkiləri oldu. Seçkilərdən sonra bütün aparıcı ölkələrin dövlət və hökumət başçılarının Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktubları həm də Azərbaycanın beynəlxalq birlikdə böyük hörmətə və nüfuza malik olmasının göstəricisi idi.
Bu dövrdə təkcə ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə üç dəfə məktub ünvanlaması bir çox mətləblərdən xəbər verir.
Ən azından, bu məktublar ABŞ kimi dünyada böyük siyasi çəkisi olan bir dövlətin Azərbaycana və onun rəhbərinə olan xüsusi diqqət və ehtiramının nəticəsidir.
Azərbaycanın bu dövrdə inkişaf etmiş və beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malik bütün dövlətlərlə, əsas güc və iqtisadi mərkəzlərlə, o cümlədən Avropa İttifaqı ilə səmərəli, işgüzar və bərabərhüquqlu münasibətləri daha da dərinləşib. Respublikamızın Aİ dövlətləri ilə strateji tərəfdaş kimi nüfuzu artıb.
Dövlətin dünyadakı yeri və nüfuzu təkcə siyasi amillərlə ölçülmür. Həm də iqtisadi sahədəki nailiyyətlər hər bir ölkə üçün beynəlxalq imic baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün həyata keçirdiyi qətiyyətli siyasi kursla beynəlxalq aləmdə yüksək nüfuz qazanan Azərbaycana həm də müstəqil enerji siyasətinə, bölgədə reallaşdırdığı qlobal layihələrinə görə ehtiramla yanaşırlar. May ayında açılışı olan “Cənub qaz dəhlizi” də Azərbaycanın beynəlxalq nailiyyəti kimi tarixə düşdü. Bütün dünya bir daha gördü ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayan, aydın və düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir. İyun ayında isə həyata keçirdiyi möhtəşəm neft-qaz layihələri ilə Avropanın enerji xəritəsinə dəyişikliklər etməyi bacaran Azərbaycanın növbəti qlobal təşəbbüsü həyata vəsiqə aldı: 2014-cü ildən inşasına başlanılan Transanadolu təbii qaz boru kəməri (TANAP) istifadəyə verildi. Beləliklə, Azərbaycanın təbii qazını Avropaya çatdıracaq “Cənub qaz dəhlizi”nin əsas seqmentlərindən biri də istismara verildi.
Əlbəttə, bütün bunların kökündə dayanan əsas amil Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətdir. Çünki beynəlxalq münasibətlər sistemindəki təcrübədən də məlum olduğu kimi, hər dövlət müstəqil siyasət yürütmək iqtidarında olmur. Azərbaycanda isə vəziyyət fərqlidir. Respublikamız öz siyasi kursunu hansısa dövlət və ya mərkəzlə razılaşdırmır və yalnız öz mili maraqlarını təmin edən yolla inamla addımlayır. “Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir” - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bununla bağlı fikirlərini bildirib.
Dövlətin və xalqın inkişafı, yüksəlişi, dünya birliyindəki yerinin müəyyən olunması ona rəhbərlik edən şəxslərdən əhəmiyyətli dərəcədə asılıdır. Tarix bunu hər bir güclü dövlətin təcrübəsində sübut edib. Müstəqil Azərbaycanın da 1993-cü ildən sonra yazılan tarixinə nəzər salsaq, bunu aydın görə bilərik. Məhz ulu öndər Heydər Əliyevin başladığı və bu gün Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgədə liderə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib.
Respublikamız daim hər cür xarici təsirə, çirkin kampaniyaya, şərəfsiz qarayaxmaya sinə gərib, heç zaman güzəştə getməyib. Cənab Prezident dəfələrlə bəyan edib ki, yürütdüyü müstəqil siyasət və dövlətimizin milli maraqları heç bir halda kənar diktəyə məruz qalmayacaq. Hansı siyasi cəbhədə yer alması isə Azərbaycanın müstəqil dövlət olaraq öz seçimidir və bu, müzakirə predmeti ola bilməz.
Bunun nəticəsidir ki, Azərbaycanın dünya miqyasında mövqeləri ötən 15 ildə daha da güclənib. Ötən 6 ayda isə bu istiqamətdə kifayət qədər uğurlu gedişlər edilib. Reallıq həm də ondan ibarətdir ki, müstəqil siyasət dövlətə başucalığı gətirir. Azəbaycanın nümunəsində bu, aydın görünməkdədir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”