Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyevdən Ermənistana sərt xəbərdarlıq

11 İyul 2018
 

Azərbaycan Prezidenti işğalçı ölkənin siyasi iflasını uğurla həyata keçirir

 

Bu gün müasir Azərbaycandan bəhs edərkən onu xarakterizə edən əsas cəhətlər sırasında ilk olaraq dünyanın ən sürətlə inkişaf edən, davamlı nailiyyətlərə imza atan ölkəsi olmasına xüsusi diqqət yetirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir. Dinamik tərəqqisi Azərbaycanı artıq siyasi, iqtisadi cəhətdən nəinki regionda, daha böyük məkanda aparıcı ölkəyə çevirib.
Bütün bunlara paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin nəticəsidir ki, indi ölkəmizlə qarşılıqlı əməkdaşlığa can atanların sayı durmadan artır.
Ölkəmizdə əldə edilən bu uğurlar fonunda işğalçı Ermənistana nəzər saldıqda tamam əks mənzərə müşahidə olunur. Bunun ümdə səbəblərindən biri isə işğal siyasətinə görə Azərbaycanın Ermənistanı təcrid vəziyyətinə salmasıdır. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib: “Bu müsbət fonda baxın görün Ermənistanda nələr baş verir. 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir”.
Bu gün Ermənistanda belə etiraflara rast gəlinir: ölkənin, onun keçmiş rəhbəri Serj Sarkisyanın siyasi fiaskosunun müəllifi Yerevanı uğurla təcrid durumuna salmağı bacaran Azərbaycanın dövlət başçısı İlham Əliyevdir. Birmənalı həqiqətdir ki, ötən dövr ərzində Azərbaycan Prezidenti qlobal informasiya savaşında dünya erməniliyini gücdən salmaqla, neytrallaşdırmaqla yanaşı, şəxsən Serj Sarkisyanın siyasi iflasını həyata keçirdi. Xalq bu canidən yaxasını qurtardı. Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu.
Bunun reseptini Prezident İlham Əliyev həmişə söyləyirdi. Dövlət başçısının böyük uzaqgörənliklə dediyi “erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu zəlil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır” fikri Yerevanda artıq reallığa çevrildi.
Azərbaycan Prezidenti bildirib ki, haqq-ədalət öz yerini tapıb və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovulub: “Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni, bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz”.
Aydındır ki, işğal siyasətinə son qoymayacağı təqdirdə, qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bundan əlavə, ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə Ermənistanın təcridini daha da dərinləşdirib. Bu fonda Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanı tərk edənlərin sayı sürətlə artır.
İndi bu ölkədə görülən bütün tədbirlərə baxmayaraq, əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub.
Ancaq real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır.
Bununla yanaşı, Ermənistan iqtisadiyyatında miqyası hər gün genişlənməkdə olan tənəzzül ölkənin xaricdən asılılığını daha da artırır. Eyni zamanda, Ermənistanın xaricdən götürdüyü borcların miqdarı sürətlə artır. Bunun nəticəsində işğalçı ölkənin xaricdən maliyyə, iqtisadi, siyasi asılılığı getdikcə daha da güclənir. Belə şəraitdə Ermənistanın formal müstəqilliyini davam etdirə biləcəyi böyük sual altındadır.
Ekspertlər qeyd edirlər ki, hazırda Ermənistanda baş verənlər ölkənin sosial, iqtisadi və siyasi həyatında uzun müddət davam edən tənəzzülün nəticəsidir. Faktiki olaraq işğalçı ölkədə yaranmış iqtisadi böhran, siyasi ziddiyyətlər, həmçinin işsizlik, baş alıb gedən korrupsiya halları, yoxsulluq səviyyəsi bu ölkəni sürətlə çökdürür.
İstər köhnə, istərsə də yeni hakimiyyətin tutduğu məntiqsiz, ədalətsiz və reallıqdan uzaq işğalçılıq siyasətinə görədir ki, ölkənin qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasında heç bir irəliləyiş hiss olunmur. Bu ondan irəli gəlir ki, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Halbuki Ermənistanın bir dövlət kimi var olması birbaşa işğal siyasətinə son qoyulmasından asılıdır. Əks təqdirdə, Ermənistanın tənəzzülü daha sürətli xarakter alacaq.

Elçin CƏFƏROV,
“Azərbaycan”