Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

7 milyard insanın vətəni

11 İyul 2018
 

2040-cı ildə isə dünyada 10 milyard insanın yaşayacağı  proqnozlaşdırılır

 

1989-cu ildən BMT-nin əhali problemlərinin həllinə yardım göstərən, ən iri beynəlxalq təşkilat olan Əhali Fondunun təsis etdiyi 11 iyul - Ümumdünya Əhalisi Günü ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd edilib. 

Müəyyən səbəblərdən dünya əhalisinin demoqrafiyası daim dəyişikliyə məruz qalıb. Müəyyən dövrlərdə dünya əhalisinin sayı o qədər də sürətlə artmayıb. Bu isə daha çox insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədar idi. 1900-cü ildə dünya əhalisi 1.6 milyard, 2000-ci ildə isə 6 milyard olub. Demoqrafların hesablamalarına görə, əhali bu sürətlə artmağa davam edərsə, 2040-cı ildə dünyada 10 milyard nəfərə çatacaq.

Maraqlıdır ki, ən sürətli təbii artım 1950-1970-ci illərdə müşahidə olunub. Ən çox təbii artım  isə 1963-cü ilin payına düşüb. Həmin il dünyada insanın təbii artımı 2.2 faiz olub.

Dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür. 14 yaşadək olan qrup dünya əhalisinin 34 faizini təşkil edir. 15-65 yaş qrupu cəmiyyətdə maddi nemətlərin əsas istehsalçısıdır ki, dünya əhalisinin 58 faizi bu qrupa aiddir. Üçüncü yaş qrupuna isə 65 yaşdan yuxarılar aiddir. Onların sayı əvvəlki yaş qruplarındakından az, daha doğrusu, dünya əhalisinin 8 faizidir.

Əhalinin cins tərkibində də maraqlı məqamlar az deyil. Yeni doğulan uşaqlar arasında oğlanların sayı daha çoxdur: hər 100 qıza 104-107 oğlan düşür. 15 yaşadək olan oğlan və qızların sayı bərabərdir. Sonrakı dövrlərdə yaş strukturunda qadınların payı artır. Bunun müxtəlif səbəbləri var. Mütəxəssislər hesab edirlər ki, bu, ilk növbədə, qadınların orta ömrünün kişilərinkinə nisbətən çox olması ilə əlaqədardır.

Dünya ölkələrində qadınlar kişilərdən çoxdur. Qadınlar dünya əhalisinin 51, kişilər isə 49 faizini təşkil edir. Ancaq bəzi Asiya və Afrika ölkələrində bu nisbət dəyişir. Buna səbəb amillər də az deyil: erkən nikah, çoxuşaqlılıq, cəmiyyətdə və ailədə qadınların hüquqlarının tapdalanması və onlara qarşı zorakılıq...

Dünya əhalisi linqvistik xüsusiyyətlərinə görə də bölünür. Bütün dillər qohumluq münasibətinə görə ailələrə, onlar isə öz növbəsində qruplara bölünür. Daha geniş yayılmış dil ailələri bunlardır: Hind-Avropa, Çin-Tibet, Malayziya-Polineziya, Sami-Hami, Bantu, Altay, Qafqaz, Ural, Sudan və s. Onu da deyək ki, 2.5 milyarddan çox insan Hind-Avropa dil ailəsində danışır.

Antropoloqlar dünya əhalisini irqi tərkibinə görə avropoid, monqoloid və neqroid qruplarına bölürlər. Böyük coğrafi kəşflərə qədər avropoid irqi Avropa, Şimali Amerika, Hindistan, Yaxın və Orta Şərqdə yaranaraq, sonradan bütün dünyaya yayılıb. Monqoloid irqi, əsasən, Şərqi və Cənub-Şərqi Asiyada, Amerikada yerli hindular arasındadır. Neqroid irqi isə Afrikada daha çox yaşayır.

Dünya əhalisinin orta sıxlığı bir çox faktorlara görə regiondan-regiona dəyişir. Hazırda dünya əhalisinin orta sıxlığı hər kv. km-də 45 nəfərdir ki, onların böyük hissəsi, yəni 85 faizi Şərq yarımkürəsində yaşayır. Əhalinin orta sıxlığına görə Banqladeş birinci yerdədir. Avropada isə əhali sıxlığına görə ilk yerləri Niderland və Almaniya tutur. Burada sıxlıq hər kv. km-də 2000 nəfərdir. Dünyanın ən çox sıx məskunlaşmış əraziləri Şərqi və Cənub-Şərqi Asiya, Çin, Koreya, İndoneziya, Vyetnamdır. Bu ərazilərdə 2 milyard əhali yaşayır.

Əhalinin din tərkibi də müxtəlifdir. Onlar milli və dünyəvi dinlərə ayrılırlar. Dünya dinləri bir neçə xalqın sitayiş etdiyidir. İslam əsasən Asiya və Şimali Afrikada geniş yayılıb. Dünyada 50-dən artıq müsəlman ölkəsi var. Xristian dini isə əsasən Avropa, Amerika, Avstraliya və Yeni Zenlandiyada yayılıb.

BMT-nin yaradıldığı 1945-ci ildən indiyə kimi dünya əhalisi 3 dəfə artıb. Hazırda planetin 7 milyarddan çox əhalisi var.

Azərbaycanda Ümumdünya Əhalisi Günü 2005-ci ildən geniş şəkildə qeyd olunmağa başlanıb. Ölkəmizdə MDB məkanında ilk dəfə olaraq demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiqlənib. Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyul 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” təsdiq edilib. Dövlət başçısının imzaladığı 19 mart 2007-ci il tarixli fərmanına əsasən, Dövlət Miqrasiya Xidməti yaradılıb. 28 dekabr 2006-cı il tarixdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı  da təsdiq edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfərdir. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri,  eləcə də 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Azərbaycanda əhalinin sayı 10 milyona yaxındır.

İnsan amili bu gün Azərbaycan dövlətinin sosial siyasətinin prioritetlərindən biri olduğu üçün ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılması, sayının artırılması istiqamətində mühüm proqramlar reallaşdırılır. Azərbaycan eyni zamanda, regionda uzunömürlülər diyarı kimi də tanınır. Bunun təbii səbəbləri  az olmasa da, unudulmamalıdır ki, ölkədə  sağlamlığın vacib faktor kimi diqqət mərkəzində saxlanması dövlət başçısı  İlham Əliyevin, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa, ölkə vətəndaşlarının  hər birinə qayğısının  təcəssümüdür.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”