Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət Gömrük Komitəsinin sədri “Caspian European Club”un idarə heyətinin üzvləri ilə görüşüb

10 İyul 2018
 

İyulun 10-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, DGK sədri Səfər Mehdiyev “Caspian European Club”la DGK arasında daim səmərəli və işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində müstəqilliyin əsas atributlarından birinə çevrilən gömrük orqanlarının Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, diqqət və qayğısı nəticəsində ölkəmizin ən dinamik inkişaf edən dövlət qurumlarından biri kimi formalaşdığını diqqətə çatdıran komitə sədri, son illərdə ölkə başçısının bütün sahələrdə olduğu kimi gömrük sahəsində də həyata keçirdiyi innovativ islahatların gömrük işinin fəlsəfəsini dəyişərək xarici ticarətin sürətləndirilməsinə, ölkəmizin tranzit potensialının artmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına şərait yaratdığını diqqətə çatdırıb.

Fiskal siyasətin təkmilləşdirilməsi, gömrük nəzarəti sisteminin və sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, elektron xidmətlərin sayının artırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin minimuma endirilməsi və ən əsası şəffaflığın təmin olunması istiqamətində islahatların davam etdiriləcəyini deyən komitə sədri bildirib ki, məqsəd xarici ticarətin sürətləndirilərək mal və nəqliyyat vasitələrinin minimum vaxt ərzində maneəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması, biznes subyektlərinə münbit şəraitin yaradılmasıdır.

Aparılan islahatlar çərçivəsində Dövlət Gömrük Komitəsi rəhbərliyində təmsil olunan şəxslərin və ixtisaslı gömrük mütəxəssislərinin indiyə qədər minlərlə sahibkarlarla görüş keçirərək onların gömrük sistemində tətbiq olunan yeniliklərə münasibətini öyrəndiyini bildirən S.Mehdiyev “Caspian European Club” üzvlərinin də təklif və istəklərini dinləyərək nəzərə alacaqlarını vurğulayıb.

Xüsusilə, korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın tam təmin olunması istiqamətində atılan addımlar barədə məlumat verən DGK sədri, indiyə qədər qanunvericiliyin tələblərini pozan onlarla gömrük əməkdaşının ən sərt şəkildə cəzalandırıldığını bildirib, biznes nümayəndələrini də xarici iqtisadi fəaliyyət zamanı qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd əməllərdən çəkinməyə çağırıb. Səfər Mehdiyev onu da bildirib ki, gömrük orqanları daim qanuni ticarəti dəstəkləyəcək, qanunsuz ticarətə qarşı isə qanunvericiliyin tələblərinə uyğun olaraq ən sərt şəkildə mübarizə aparacaq.

“Caspian European Club”un icraçı direktoru Telman Əliyev təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi arasında hər zaman səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Son illərdə gömrük sistemində aparılan islahatların uğurlu nəticələr verdiyini diqqətə çatdıran Telman Əliyev təmsil etdiyi qurumun təklif və rəylərinin diqqətə alınmasından, klub üzvlərinin gömrüklə bağlı məsələlərinin operativ şəkildə həllini tapmasından məmnunluqla bəhs edib. Telman Əliyevin əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə iki qurumun mütəxəssislərindən ibarət işçi qrupun yaradılmasının gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Görüşdə iki qurumun üzvlərindən ibarət işçi qrupun yaradılması qərara alınıb.

Daha sonra görüşdə klub üzvlərini maraqlandıran məsələlər müzakirə edilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.