Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri müzakirə edilib

10 İyul 2018
İyulun 10-da Gənclər və İdman Nazirliyində gələn il Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki, Əlaqələndirmə Komissiyasının üzvü, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir və Əlaqələndirmə Komissiyasının üzvü, Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç iştirak ediblər.

Toplantı zamanı “Bakı-2019”a hazırlıqla bağlı Təşkilat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, Atletlər kəndindəki vəziyyət, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması, könüllülərin yarış proqramı və digər mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

Məlumat üçün bildirək ki, Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Atletlər kəndi və bir sıra idman qurğularında da olacaqlar.

Avropa Gənclər Yay Olimpiya Festivalı gələn il iyulun 20-28-də Bakıda keçiriləcək. Yarışın açılış mərasimi iyulun 21-də təşkil olunacaq. Ümumilikdə 50 Avropa ölkəsindən 3 min 600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaq. On idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

Qeyd edək ki, Avropa Gənclər Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədilə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülüb. Festival 14-18 yaş arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çox idman növlü tədbirdir. Birinci festival 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. Bu tədbir iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur.

Xatırladaq ki, festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən kvalifikasiya raundu olmadan iştirak etmək hüququnu qazanır.