Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İLHAM ƏLİYEV inkişafın yeni hədəflərini bəyan etdi

10 İyul 2018
 

2018-ci ilin altı ayında bütün vəzifələrin uğurla icra olunduğunu deyən dövlət başçısı Nazirlər Kabineti qarşısında yeni vəzifələr müəyyənləşdirdi:

 

* islahatlar daha da dərinləşdirilməlidir;

* iqtisadi və maliyyə sektorlarında maksimum şəffaflıq təmin edilməlidir;

* vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır;

* sosial təminat sahəsində şəffaflıq və ədalət tam bərqərar olmalıdır;

* azərbaycan qeyri-formal məşğulluğa qarşı çox ciddi tədbirlər görən ölkəyə çevrilməlidir;

* dövlət xərclərinə nəzarət gücləndirilməlidir;

* korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır.

 

* Prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.

 

* Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir.

 

* Xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir.

 

* Apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan, demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur.

 

* 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət Ermənistanda tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır.

 

* Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq.

 

* 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa, niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən.

 

* AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çoxəsrlik tarixində bunlar qədər xəyanətkar, satqın olmamışdır.

 

* İnkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik.

 

* Altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz, qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 7,6 faiz, bitkiçilik 14 faiz, əhalinin pul gəlirləri 9,3 faiz, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. 67 min yeni iş yeri yaradılmışdır. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır. Ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir.

 

* Azərbaycanın demək olar ki, bütün şəhərləri tikinti meydançasına çevrilibdir. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan vermişdir.

 

* Qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq, biz buna nail olacağıq. Bu il plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir. 100 min hektar yeni torpaqlara su veriləcək və 300 subartezian quyusunun qazılması nəzərdə tutulur. Bu il 137 modul tipli məktəb tikilib istifadəyə verilməlidir. Bakı şəhərində 12 məktəb əsaslı təmir edilməlidir. Bu il 160 milyon manat dəyərində 5 mindən çox kənd təsərrüfatı texnikası alınacaq.

 

* Bu gün bizim Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələrimiz var. TAP layihəsi icra edilir. Əlbəttə, bütün bu infrastrukturu biz yaratmışıq. Neft-qaz sahəsində görülmüş bütün işlər ən yüksək qiymətə layiqdir.

 

* Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdədir. Yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir. Xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Bax, bu rəqəmlər əyani şəkildə göstərir ki, Azərbaycan hansı böyük uğurlara imza atıb. Bu, əyani şəkildə göstərir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və biz elə etməliyik ki, ölkəmizin inkişafını dayanıqlı və daimi edək.