Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada TANAP şirkətinin inzibati binasında olub

10 İyul 2018
İyulun 9-da Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyəyə səfərə gələn Azərbaycan Respublikası Baş naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada TANAP şirkətinin inzibati binasında olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə TANAP-ın baş direktoru Hüseyin Saltuk Düzyol inzibati binanın quruluşu və iş şəraiti barədə Azərbaycan nümayəndə heyətinə geniş məlumat verib.

Sonra əsas toplantı salonunda TANAP-la bağlı sənədli film nümayiş olunub. Filmdə TANAP-ın layihələndirilməsi, tikintisi, boru xəttinin keçdiyi coğrafiyanın relyefi və s. mühüm məqamlar barədə müfəssəl məlumatlar var.

Baş nazir Novruz Məmmədov Azərbaycanın neft strategiyasının istiqamətləri barədə fikir və mülahizələrini bölüşüb.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft strategiyası sayəsində əldə olunan böyük uğurlardan danışan Azərbaycan hökumətinin başçısı diqqətə çatdırıb ki, TANAP Avrasiya məkanında enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rola malik layihədir. Novruz Məmmədov deyib ki, TANAP da daxil olmaqla həyata keçirilən və perspektivdəki bütün iqtisadi layihələr Azərbaycanın və Türkiyənin qüdrətinə əlavə güc verib. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, o cümlədən dövlət başçılarımızın birgə qəbul etdikləri qərarlar ölkələrimizin və xalqlarımızın maraq və mənafelərini təmin edir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib.