Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ADA Universitetində XII Bakı Yay Enerji Məktəbi keçirilir

10 İyul 2018
 

İyulun 9-da ADA Universitetində XII Bakı Yay Enerji Məktəbinin açılışı olub. Bu ali təhsil ocağının Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin, SOCAR-ın və “BP Azerbaijan”ın dəstəyi ilə keçirilən illik Yay Enerji Məktəbi iyulun 21-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, XII Bakı Yay Enerji Məktəbinin açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev bildirib ki, ADA Universitetində ənənəvi olaraq XII Yay Enerji Məktəbi keçirilir. Bu yay məktəbi SOCAR ilə birgə təşkil edilir. Bakı Yay Enerji Məktəbi ADA Universitetinin həyata keçirdiyi ilk təlim proqramlarından biridir. Təlim proqramının məqsədi Azərbaycanın qlobal səhnədə mahiyyəti və yerini tanıtdırmaq, bölgənin enerji sənayesi barədə biliyi olan ekspertlərin sayını artırmaqdır.

H.Paşayev qeyd edib ki, ADA Universitetinin artıq brend proqramına çevrilən Bakı Yay Enerji Məktəbi bu il 12 ölkədən – ABŞ, Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Niderland, İordaniya, İsrail və digər ölkələr olmaqla 35 iştirakçı cəlb edib. İki həftə ərzində məktəb iştirakçıları Azərbaycanın və Xəzəryanı dövlətlərin enerji siyasəti ilə bağlı yüksək səviyyəli rəsmilər və nüfuzlu təhlilçilərdən ibarət ekspert qrupunun mühazirələrini dinləyəcək, enerji sahəsində fundamental anlayışlar və terminlər, hüquqi baza, neft və qaz hasilatının Xəzəryanı bölgənin beynəlxalq münasibətlərinə, eləcə də ətraf mühitə təsiri, təbii resursların səmərəli idarəedilməsi kimi vacib mövzuları əhatə edəcək, əldə etdikləri biliklərini interaktiv məşğələlər üçün istifadə edəcəklər. Regionda həyata keçirilən böyük enerji layihələri barədə məktəb iştirakçılarına məlumat veriləcək.

Qeyd olunub ki, XII Bakı Yay Enerji Məktəbinə ənənəvi olaraq ABŞ-ın Texas ştatından “A&M” universitetindən 10 tələbədən ibarət qrup qoşulub.

Həmçinin H.Paşayev XII Yay Enerji Məktəbinin iştirakçılarına ADA Universiteti barədə məlumat verib.

Yay Enerji məktəbinin iştirakçılarını salamlayan SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft siyasətinin tarixi, “Əsrin müqaviləsi”nə aparan yol, həyata keçirilən transmilli neft və qaz layihələri barədə ətraflı məlumat verib, universitetin tələbələrini iyulun 9-da qeyd olunan Diplomatik xidmət günü münasibətilə təbrik edib.

Akademik bildirib ki, Azərbaycanın proqnozlaşdırılan təbii qaz ehtiyatı 3,4 trilyon kubmetr, xam neft ehtiyatı isə 2 milyard tondur. Hazırda ölkədə 2,5 trilyon kubmetr dəqiqləşdirilmiş çıxarıla bilən qaz, 1,5 milyard ton çıxarıla bilən neft-kondensat ehtiyatı var.

“Artıq 19-cu ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2018-ci il yanvarın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 250,7 milyon ton mənfəət nefti satılıb ki, bu da AÇG-dən hasil edilmiş bütün neftin 55 faizini təşkil edir. 2006-cı ilin mayından böyük həcmdə Azərbaycan neftini Avropaya və dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri də “Əsrin müqaviləsi” sayəsində meydana gəldi. Bu kəmər ulu öndər Heydər Əliyevin ikinci şah əsəridir. Azərbaycan, Gürcüstan və Türkiyənin ərazilərindən keçib, birbaşa Aralıq dənizinə çıxan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinin də bir vaxtlar əleyhinə çıxanlar, onun çəkilməsini istəməyənlər vardı. Amma indi baxın: 2018-ci il yanvarın 1-dək dünya bazarına 466,7 milyon ton neft çıxarılıb ki, bunun da 350 milyon tona qədəri Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib,” – deyə X.Yusifzadə bildirib.

TAP və TANAP layihələrindən danışan X.Yusifzadə bildirib ki, TANAP-ın inşası bu il, TAP-ın tikintisi isə 2019-cu ildə qurtaracaq. İlkin mərhələdə “Cənub Qaz Dəhlizi” ilə ildə 16 milyard kubmetr “Şahdəniz” qazı ixrac ediləcək. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa ölkələrinə veriləcək. Cənub Qaz Dəhlizinin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq.

Qeyd edək ki, Bakı Yay Enerji Məktəbi sənayeyə aid məsələləri təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirir. İştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın inkişaf strategiyasına dair məsələlərlə geniş tanış olurlar. Həmçinin Bakı Yay Enerji Məktəbi dünyanın müxtəlif ölkələrindən olan dövlət və fərdi neft şirkətlərinin rəhbərləri ilə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır. Yay məktəbində Azərbaycanın xarici işlər, energetika, ekologiya və təbii sərvətlər nazirləri ilə yanaşı, “TAP”, “BP”, “ExxonMobil”, “Total”, “Statoil” və digər neft şirkətlərinin yüksəkvəzifəli şəxsləri çıxış edirlər. Təlimçilərin siyahısı Oksford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyası və dünyanın digər aparıcı elm mərkəzlərinin görkəmli mütəxəssisləri ilə tamamlanır.

Proqramı uğurla bitirənlər sertifikatlarla təltif olunacaqlar.