Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sıxlıq müşahidə edilən məktəblərdə uşaqların qəbulu ərazi üzrə aparılacaq

09 İyul 2018
“Təhsil haqqında” Qanunda edilən dəyişikliklə təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqların təhsil hüququ tanınıb. Həmin uşaqları məktəbə qəbul etməliyik. Təbii ki, bu, müəyyən ərazilərdə cüzi sıxlıqla nəticələnə bilər. Onlar üçün lazımi şəraiti yaratmaq borcumuzdur.

AZƏRTAC xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva iyulun 9-da jurnalistlərə açıqlamasında deyib.

M.Vəliyeva bu gün ölkə üzrə şagird sıxlığının yalnız müəyyən məktəblərdə müşahidə olunduğunu söyləyib: “Bu, xüsusilə Bakı məktəblərində müşahidə edilir. Paytaxtın 32 məktəbində şagird sıxlığının olduğu məlumdur. Ötən dərs ilində bir sıra məktəblərdə qəbul ərazi prinsipi ilə aparılmadı. Amma bu il sıxlıq müşahidə edilən məktəblərdə, ilk növbədə, uşaqlar ərazi üzrə qəbul olunacaqlar”.

Növbəti dərs ilində müvafiq məsələnin ciddi diqqət mərkəzində olacağını bildirən M.Vəliyeva deyib: “Artıq ikinci ildir ki, məktəbəhazırlıq və məktəblərdə təlimlərə cəlbolunma elektron sistem vasitəsilə həyata keçirilir. Yəqin ki, məktəbəhazırlıqda ərazi prinsipini daha geniş tətbiq edəcəyik”.