Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ordumuzun uğurları möhtəşəm qələbəni sürətlə yaxınlaşdırır

08 İyul 2018
 

Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması və Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəri oldu. 

Xalq Cümhuriyyətinin və ordumuzun yaradılmasının 100-cü ildönümünə təsadüf edən bu hadisə cəmiyyətimizin xoş ovqatını daha da artırdı, düşmən üzərindəki qələbə gününün o qədər də uzaqda olmadığını göstərdi. Hər birimiz növbəti dəfə ordumuzdakı qalibiyyət əzminin şahidi olduq.

 

Naxçıvan əməliyyatı yüksək peşəkarlıqla həyata keçirildi

 

Günnüt əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirib. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər düşməndən geri alınıb. Bu, Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti Yerevan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuzun nəzarət etməsinə imkan verib. Ümumilikdə 11 min hektar ərazi düşməndən azad edilib. Bu ərazinin isə 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı torpaqlardır.
Bu uğurlu və tarixi qələbədən sonra ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi üçün və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis-istehkam tədbirləri görülüb, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradılıb, yeni səngərlər qazılıb. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi qurulub. Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakıda təşkil olunan təntənəli hərbi paradda nitq söyləyən Prezident İlham Əliyev Naxçıvan əməliyyatının yüksək məharətlə, peşəkarlıqla həyata keçirildiyini bildirib: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir.

 

Düşmənin təxribatı öz başında çatlayır

 

Ermənistanın siyasi-hərbi rəhbərliyi Günnüt kəndinin ordumuz tərəfindən geri alınmasını özünəməxsus şəkildə izah etməyə cəhd etdi. Lakin hələ may ayında Ermənistanın müdafiə və xarici işlər nazirlərinin Ermənistan sərhədinin Naxçıvan istiqamətinə səfər etmələri rəsmi Yerevanın narahatlığından xəbər verirdi. Ermənilər bir neçə gün Azərbaycan Ordusunun bu əməliyyatını özünəməxsus şəkildə izah etməyə çalışdılar. Ermənistanın siyasi-hərbi rəhbərliyi həm də iqtidara yeni gəldiyindən dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazandırmağa cəhd etdi. Hətta bu qrup media nümayəndəsinin məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə səfərini təşkil edərək guya heç bir şeyin baş vermədiyini sübut etmək istədilər. Lakin Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-fotoçəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən ermənilər sonda məğlubiyyətlərini etiraf etməli oldular. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır.
Görünən odur ki, Naxçıvan istiqamətində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı Ermənistanı həqiqi mənada, təşvişə salıb. Günü bu gün də düşmən bütün variantlardan istifadə edərək hansısa nəticəni əldə etmək istəyir. Təbii ki, Azərbaycanın nəzarət altına aldığı yüksəklikləri geri qaytarmaq, ümumiyyətlə, qeyri-mümkündür. Çünki Ermənistan ordusu heç nəyə qadir deyil. Ona görə düşmən müxtəlif təxribatlara əl atmaqla, o cümlədən ərazidə yanğınlar törətməklə vəziyyəti xeyrinə dəyişməyə cəhd edir. Amma elə bu yanğın da bumeranq effekti verərək Ermənistanın özünə ziyan vurub. Belə ki, erməni əsgərləri bir neçə gün əvvəl gecə saatlarında açılan atəşlərlə yeni əldə etdiyimiz ərazilərimizi yandırmağa çalışıb. Lakin külək şimal tərəfə, Ermənistan istiqamətinə əsdiyinə görə, həmin yanğın erməni kəndlilərinin təsərrüfatlarını və düşmənin postlarını yandıraraq məhv edib.
Qeyd edək ki, Azərbaycan əsgərlərinin düşmən tərəfdə mülki obyektlərə ziyan vurmaq imkanı olsa da, bunu etmir. Çünki bizim hədəfimiz mülki vətəndaşlar və təsərrüfatlar deyil.
Azərbaycan Ordusunun uzun illərdən sonra tarixi torpaqlarımıza nəzarət etməsi mühüm nailiyyətdir. Bu həm torpaqlarımızın işğaldan azad olunması, həm də kənd təsərrüfatı üçün yararlı torpaqlardan istifadə etməyə imkan yaranması deməkdir. Sərhəddə yerləşən bu yerlərin etibarlı müdafiəsi, zəngin bitki örtüyü arıçılıqla, maldarlıq və heyvandarlıqla məşğul olanlar üçün çox əlverişlidir. Artıq bu imkanlardan səmərəli istifadə olunur.
Bütövlükdə, son dövrlər cəbhə xəttində baş verənlər, ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər bir daha ondan xəbər verir ki, Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmayacaq, bir qarış da torpağını düşmənə güzəştə getməyəcək. Yaxında olan böyük qələbənin işartıları artıq görünməkdədir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”