Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ƏZMİN ZƏFƏRİ

08 İyul 2018
 

Rusiya - Xorvatiya - 2:2 (Penaltilər seriyası - 3:4)

Qollar: Denis Çerışev, 31; Mario Fernandes, 115 - Andrey Kramariç, 39; Domaqoy Vida, 101

Soçi. “Fişt” stadionu

 

Rusiya-Xorvatiya matçı ilə dünya çempionatında sonuncu yarımfinalçının adına aydınlıq gəldi. Rusiya komandası xorvat səddini adlamaqla 1966-cı il mundialında yarımfinala çıxan SSRİ yığmasının tarixi nailiyyətini təkrarlaya bilərdi. Azərbaycan əsilli cinah oyunçusu Aleksandr Səmədov Rusiya komandasının əsas xüsusiyyətinin xarakter, yəni iradə olduğunu bildirmişdi. O, həmçinin səbir və göstərdikləri əzmkarlıq sayəsində ispanları mübarizədən kənarlaşdırdıqlarını demişdi.  Bu səbr yenə ruslara tarixi bir nailiyyət yaşada bilərdi.

Xatırladaq ki, Rusiya və Xorvatiya komandalarının əvvəlki görüşlərində - Avro-2008-in seçmə mərhələsi çərçivəsində keçirilən hər iki oyun qolsuz bərabərliklə başa çatmışdı. Tərəflər bu dəfə də heç-heçə  ənənəsini poza bilmədilər.

Braziliyalı referi Sandro Rikkinin start fitindən sonra xorvatlar oyuna daha sürətli başladılar. Ruslar isə müdafiəyə çəkilərək əks hücum taktikası seçdilər. Bu taktika Rusiya millisi üçün 1/8 finalda ispanlarla görüşdə uğurlu alınmışdı. 

Hamı təzyiqi get-gedə artıran Xorvatiya millisinin qol vuracağını gözlədiyi bir vaxtda ruslar əks hücumlardan birində hesabı açdılar. Denis Çerışev mükəmməl bir qolla meydan sahiblərini sevindirdi. Lakin 39-cu dəqiqədə xorvatiyalı Andrey Kramariç başla topu qapıya vurub hesabı bərabərləşdirdi.

Fasilədən sonra xorvatlar hücuma, ruslar isə müdafiəyə daha çox üstünlük verirdilər. Bütün cəhdlərə baxmayaraq, real qol imkanlarından istifadə olunmadı və qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatdı.

Qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə oynanıldı. İspaniya komandası ilə qarşılaşmada olduğu kimi Rusiya millisinin oyunu penalti zərbələrinə aparmaq niyyəti bu dəfə də baş tutdu. 101-ci dəqiqədə  xorvatiyalı  Domaqoy Vida komandasını hesabda  irəli çıxartdı. Əlavə vaxtın başa çatmasına 5 dəqiqə qalmış Mario Fernandes əsas vaxtda yekun hesabı müəyyənləşdirdi-2:2.

Qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələri yerinə yetirildi. Penaltiləri daha dəqiq yerinə yetirən xorvatlar 4:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəldilər.

Beləliklə, iyulun  11-də keçiriləcək yarımfinal matçında İngiltərə və Xorvatiya yığmaları üz-üzə gələcəklər.