Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hər bir vətəndaşın güvənc yeri

07 İyul 2018
 

Ölkə əhalisi Prezident İlham Əliyevin şəxsində ən yaxın himayədarını görür

 

Azərbaycanda hakimiyyətin xalqa sıx bağlı olduğunu göstərən cəhətlərdən biri fövqəladə halların, ekstremal şəraitin yarandığı zaman vətəndaşların yanında olması, vəziyyətin normallaşması üçün bütün mümkün rıçaqları işə salmasıdır. Məhz bu amil insanlara böyük mənəvi dəstək olmaqla yanaşı, bütün maddi köməklərdən yüksəkdə dayanır.

 

İnsan amili bütün maraqların fövqündə dayanır

 

Heç bir dövlət texnogen və təbii fəlakətlərin törətdiyi qəzadan sığortalanmayıb. Azərbaycanda da zaman-zaman zəlzələdən, daşqınlardan, dənizdə qasırğadan baş verən qəzalar meydana çıxıb. Həmin qəzalar və təbii fəlakətlər zamanı ağır hadisələrin insanların həyatında dərin iz buraxmaması üçün dövlət tərəfindən bütün lazımi tədbirlərin həyata keçirilməsi ilə bahəm, ilk növbədə, Prezident İlham Əliyevin həssaslığı, diqqətcilliyi, hadisə yerlərinə baş çəkməsi cəmiyyətimizin bütün təbəqələri tərəfindən təqdir olunur. Dövlət başçısı belə hadisələr zamanı mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək, ilk növbədə, vətəndaşların mənafeyinə uyğun çevik qərarlar qəbul edib, cəmiyyəti narahat edən problemlərə xüsusi həssaslıqla yanaşıb. Daim yüksək qətiyyət, prinsipiallıq göstərən cənab
İlham Əliyev vətəndaşların maraqlarını əsas götürüb. Bu mənada Prezident İlham Əliyevin idarəçilik fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri onun hər zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir.
Bu günlərdə ölkənin enerji sistemində yaranmış böhranlı vəziyyətlə əlaqədar Prezident İlham Əliyevin kəskin mövqeyi göstərdi ki, ölkəmizin başçısı üçün insan amili və dövlətin maraqları bütün məqsədlərin fövqündə dayanır. İyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verdi. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yarandı. Prezident İlham Əliyev dərhal məsələni nəzarətə götürdü, qəzanın nəticələrinin qısa zamanda aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar verdi, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyası yaratdı. Bununla yanaşı, qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu sahədə aparıcı mütəxəssislərindən, o cümlədən Energetika, Fövqəladə Hallar nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Neft və Sənaye Universitetinin mütəxəssislərindən ibarət ekspert komissiyası fəaliyyətə başladı.

 

Prezidentin xalqa təşəkkürü

 

Qəza baş verən andan dərhal sonra mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr - təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürüldü və onların idarə olunması işi təşkil edildi. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alındı, ən əsası, insan tələfatına yol verilmədi.
“Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş verən qəza ölkənin əksər şəhər və rayonlarında enerjinin kəsilməsinə səbəb oldu. Bunun da nəticəsində içməli su təchizatında uzunmüddətli fasilələr yarandı. Həmin günlərdə anomal istilərin də olduğunu nəzərə alsaq, insanların durumunu təsəvvür etmək çətin deyil. Lakin Azərbaycan cəmiyyəti bu hadisədən üzüağ və şərəflə çıxdı. İyulun 4-də bununla bağlı keçirilən müşavirədə Prezident İlham Əliyev vətəndaşlara göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür edib: “Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük, vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür edirəm. Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.
Enerjinin kəsildiyi saatlarda dövlətin müxtəlif qurumları sözün əsil mənasında, peşəkarlıq göstərdilər. Xüsusilə, daxili işlər orqanlarının gücləndirilmiş rejimdə fəaliyyəti vətəndaşlar tərəfindən təqdir olunur. Bakıda işıqforların işləmədiyi saatlarda bütün yol ayırıclarında yol-patrul xidməti əməkdaşları hərəkəti tənzimlədilər. Məhz onların sayəsində şəhər nəqliyyatı idarəolunmaz vəziyyətdən çıxdı. Eləcə də polisin digər orqanları da səfərbər idilər.
Fövqəladə Hallar Nazirliyi qurumlarının da operativ fəaliyyəti baş verə biləcək faciələrin qarşısının alınmasında mühüm rol oynadı. Məhz onların təxliyə işlərini vaxtında və düzgün şəkildə aparmaları nəticəsində metroda qatarlarda qalmış sakinlər arasında halı pisləşənlər olsa da, çox ciddi problemlər yaşanmadı.

 

Günahkarlar cavab verəcəklər

 

Prezident İlham Əliyevin baş vermiş qəza ilə bağlı reaksiyası çox kəskin oldu. “Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar “ - deyən dövlət başçısı qəzanın çox ciddi araşdırılması və günahkarların müəyyən edilməsi barədə tapşırıqlar verdi.
Bu, haqlı irad idi. Müşavirədə qeyd olunduğu kimi, son 15 ildə Azərbaycanın enerji sektoruna milyardlarla manat həcmində sərmayələr yatırılıb. Onlarla yeni elektrik stansiyası istifadəyə verilib, hansı ki, onların generasiya gücü ümumilikdə 2500 meqavata bərabərdir. Bu gün Azərbaycanda bütün istilik, su və digər elektrik stansiyalarının gücü bir yerdə 6400 meqavata bərabərdir. Amma bütün bunların müqabilində baş vermiş qəza nəticəsində ölkənin enerjisiz qalması başadüşülən deyil.
Enerji sistemindəki vəziyyətlə bağlı keçirilən müşavirədə bu məsələlər ciddi şəkildə müzakirə edildi, Prezident İlham Əliyev bununla bağlı xüsusi tapşırıqlar verdi, Azərbaycan güclü dövlətdir və belə problemlərin bir daha təkrarlanmaması üçün lazımi tədbirlər görüləcək. Lakin bu hadisənin baş verməsində məsuliyyət daşıyanlar qanun qarşısında mütləq cavab verəcəklər.
Ən əsası, bu hadisə bir daha onu göstərdi ki, İlham Əliyev hər bir vətəndaşın güvənc yeridir. Ona görə ölkə əhalisi Prezident İlham Əliyevin simasında özlərinin ən yaxın hamilərini, güvənc yerlərini görür və bununla da fəxr edir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”