Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət İdarəçilik Akademiyasında magistratura pilləsindən məzun olan dövlət qulluqçularına diplomlar verilib

06 İyul 2018
Prezident İlham Əliyevin 2017-ci il 22 sentyabr tarixli müvafiq Fərmanına əsasən dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi kimi fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyasından (DİA) 2017-2018-ci tədris ilində magistratura pilləsindən məzun olan dövlət qulluqçularına diplomların təqdim edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, akademiyada fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə keçirilən tədbirdə rektor, akademik Urxan Ələkbərov məzunları təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov təhsilin magistratura pilləsini müvəffəqiyyətlə başa vuran dövlət qulluqçularını təbrik edib.

Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən şöbə müdiri ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinə diqqət çəkib. Dövlət idarəçiliyi üçün milli kadr potensialının formalaşdırılmasının müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi olduğunu bildirən S.İsmayılov dövlət qulluğu sisteminin inkişafı, bu sahədə hüquqi bazanın tənzimlənməsi məsələlərinin Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını xüsusi vurğulayıb.

Tədbir çıxışlarla davam edib. Sonra magistrlərə diplomlar təqdim olunub.