İlham Əliyevin Ermənistan üzərində növbəti diplomatik uğuru

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyevin Ermənistan üzərində növbəti diplomatik uğuru

06 İyul 2018
 

Rusiyanın Azərbaycanla sıx hərbi siyasi münasibətləri işğalçı ölkədə narahatlıq yaradıb

 

Azərbaycanın uğurlu gedişləri, Prezident İlham Əliyevin rasional, məqsədyönlü siyasəti bu gün işğal siyasətinə görə Ermənistanın tam təcrid vəziyyətinə düşməsinə gətirib çıxarıb. Hətta hamiləri belə yavaş-yavaş bu işğalçı ölkədən imtina etməyə başlayıblar. Rəsmi Bakı ən yüksək səviyyədə bildirir ki, Ermənistanın düşdüyü bu ağır vəziyyətin əsas səbəbi məhz işğal faktorudur və bu davam etdikcə Yerevan blokada vəziyyətində qalacaq.

 

R.AKOPCANYAN: “Rusiya Ermənistana böyük dərs verəcək”

 

İşğalçı tərəf onu da bilməlidir ki, Dağlıq Qarabağ probleminin həlli təkcə Ermənistana yox, bütövlükdə Qafqaza sülh və əmin-amanlıq gətirə bilər. Bu da həm Cənubi Qafqaz üçün rifah və sabitlik, həm də regionda strateji marağı olan ölkələr üçün yeni əməkdaşlıq perspektivləri deməkdir. Qeyd edilən fakt növbəti dəfə təsdiqini Cocuq Mərcanlıda keçirilən möhtəşəm tədbirdə əksini tapdı.
İyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib.
Bu konfrans və görüşdə Rusiyanın Azərbaycanla açıq şəkildə yaxınlaşmaq niyyəti Ermənistanda narahatlıq yaradıb. Erməni siyasi şərhçi Razmik Akopcanyan bildirir ki, Kreml bununla Ermənistandan işğal etdiyi əraziləri Azərbaycana qaytarmağı tələb edir. O vurğulayır ki, Kremldə Ermənistan üçün yeni plan hazırlayırlar: “İndi Kreml bu planlarını gizlətmir. “Aprel müharibəsi” zamanı azad edilmiş ərazilərə Rusiya nümayəndə heyətini göndərdi və bəyan etdi: “Azərbaycan Qafqazda Rusiyanın tək müttəfiqidir”.
Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir, Gürcüstan və Ukrayna ilə dostluq edir, GUAM-da təmsil olunur. Kreml isə bütün bunlara rəğmən, Bakının əlini sıxır və onu dəstəkləyir. Görünür, Rusiya Ermənistana böyük dərs verməyi qərarlaşdırıbdır”.

 

D.SAVELYEV: “Dağlıq Qarabağ və yeddi rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”

 

Erməni şərhçi işğaldan azad edilmiş ərazilərə ilk dəfə baş çəkən Rusiya nümayəndə heyətinin açıqlamalarından sitat gətirir. Söhbət Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyevin açıqlamasından gedir. Dmitri Savelyev deyir: “Dağlıq Qarabağ və ona bitişik yeddi rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”.
Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin isə bəyan edir: “Qarabağda bu görüşü keçirmək simvolikdir. Bu, Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu bir daha göstərir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa əsaslanıb. Mən Qarabağa ilk dəfədir səfər edirəm. Bu həm də Qarabağ münaqişəsinə Rusiya ziyalılarının yanaşmasıdır”.

 

“Yeni müharibə başlasa, Ermənistanın heç bir şansı yoxdur”

 

Razmik Akopcanyan qeyd edir ki, Rusiya Ermənistanın yeni hakimiyyətinə təzyiq edir: “Kreml bizim hakimiyyətdən vaxtilə Putin və Serj Sarkisyan arasında razılaşdırılmış ərazilərin qaytarılması ilə bağlı planı həyata keçirməyi tələb edir. Əks təqdirdə, sabah müharibə başlayacaq. Bu müharibədə isə Ermənistanın heç bir şansı yoxdur”.
Konfrans iştirakçısı, Rusiya “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenkonun açıqlaması da erməni tərəfində ciddi narahatlıq yaradıb. O bildirib ki, Azərbaycanın güclü Prezidenti var və biz İlham Əliyevin özünü təmin edə bilən suveren dövlətin möhkəmləndirilməsi üzrə səylərini alqışlayırıq: “Biz Azərbaycanın ordu quruculuğu prosesini diqqətlə izləyirik. Rusiya Azərbaycanı silahla təchiz edir. Rusiya ölkənizin ordusunun möhkəmlənməsində maraqlıdır”.

 

“Armenianreport.com”: “Kreml Cocuq Mərcanlıya öz desantlarını göndərdi”

 

Baş verənlərlə bağlı “armenianreport.com” saytı yazır: “Kreml Gürcüstan və Ukrayna kimi Ermənistana qarşı da nəsə hazırlayır. Bu, əvvəl də aydın idi, ancaq indi planı o, heç gizlətmir də. Cocuq Mərcanlıya bir dəstə Kreml desantlarının göndərilməsi buna sübutdur. Onlar “Azərbaycan - Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı tədbirə qatılıblar. Onların hamısı Bakı publikasına xoş gələn açıqlamalar verdilər. Savelyev isə lap uzağa gedib. “Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır” deyib. Ən çox qəzəb doğuran isə Duqin oldu - hansından ki, bizim KİV sitatlar gətirməyi, müsahibə götürməyi sevir. “Bu, çox rəmzidir ki, biz bu görüşü Qarabağda keçiririk. Bu, bir daha göstərir ki, Azərbaycan Rusiyanın strateji müttəfiqidir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycan ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa görə də belədir. Mən ilk dəfə Qarabağda səfərdəyəm. Bu həm də Rusiya ziyalı təbəqəsinin Qarabağ probleminə yanaşmasının təzahürüdür” - Duqin deyib. Hələ Şevçenko kimi ayrı natiqlərin də çıxışları olub. Amma Duqinin söylədiklərindən sonra hər şey olduqca aydındır: Kreml bizim hakimiyyətə qarşı təzyiqə keçib”.
Azərbaycan və Rusiya arasında cəbhə bölgəsində belə bir konfransın keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda uğurlu addım kimi səciyyələndirilə bilər. Bu münaqişənin yaranmasında və indiyədək davam etməsində Kremlin necə bir rol oynadığı hamıya yaxşı məlumdur. Onun həlli məsələsinin əsas ağırlıq yükü də Moskvanın boynuna düşür. Buna görə də Rusiya rəsmilərinin dilindən səslənən bu bəyanatları ilk növbədə Azərbaycan diplomatiyasının uğuru kimi səciyyələndirmək düzgün olar. Bakının balanslı və müstəqil siyasəti belə bir vəziyyətin yaranmasını şərtləndirir. Bu anlamda indi Azərbaycanın da əlində ciddi təbliğati material var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaranmış hazırkı durumda bu, çox vacib məqamdır.

Elçin CƏFƏROV,
“Azərbaycan”