Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hüquq elminə dəyərli töhfə

06 İyul 2018
 

Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabı beş dildə çapdan çıxıb

 

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə
elmlər doktoru, professor Əmir Əliyevin müəllifi olduğu və beş dildə - Azərbaycan, fransız, ingilis, rus və türk dillərində çap edilmiş “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabında Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən, hazırda da Ermənistan tərəfindən davam etdirilən beynəlxalq cinayətlərin hüquqi təhlili aparılıb. Giriş, 6 fəsil və nəticədən ibarət olan kitabın rəyçiləri Ukrayna, Qazaxıstan, Rusiya, Gürcüstan, İran, Türkiyə və digər dövlətlərin beynəlxalq hüquq üzrə tanınmış alimləridir.
Girişdə qeyd edilir ki, ermənilərin xalqımıza qarşı XIX əsrdən başlayan, XX əsrdən isə sürətlənən təcavüzkarlıq və soyqırımı siyasətinin dünya ictimaiyyətinin gözü qarşısında davam etməsi beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurmaqdadır. Bu hadisələrə dünyanın mütərəqqi qüvvələrinin biganə qalması, son nəticədə beynəlxalq hüququn fəaliyyətsizliyi təəssüfləndirici hal kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanında azərbaycanlıların tarixi-etnik torpaqlarından ədalətsiz deportasiya siyasətinə ilk dəfə dolğun hüquqi-siyasi qiymət verilmişdir. Növbəti fərman 1998-ci ilin 26 martında olmuşdur - “Azərbaycanlıların soyqırımı haqqında”. Burada da erməni millətçilərinin əməllərinə hərtərəfli hüquqi-siyasi qiymət öz əksini tapmışdır. Nəhayət, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Prezident İlham Əliyevin imzaladığı sərəncamda isə qeyd edilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımıları həyata keçirmişlər.
Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət xətti və atılan əməli addımlar təcavüzkar Ermənistanı bir daha işğalçılıq hərəkətlərinə son qoymağa, münaqişəni dinc yolla həll etməyə dəvət edir.
Kitabda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da sözlərinə istinad edilmişdir: “Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir… Mən əminəm ki, ədalət bərpa olunacaq. Azərbaycan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq”.
BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiqliyini bir daha göstərərək, daim sülhsevər və müharibədən imtina siyasətini saxlayır, dünyada və regionda sülh naminə bütün mümkün kompromis variantları təklif edir. Ermənistan isə ikili standartlarla pərdələnərək özünün işğalçılıq və hələ də beynəlxalq cinayətlər törətmək siyasətindən əl çəkmir.
Kitabdakı təhlillər əsasən xarici alimlərin əsərlərinə, ermənilərin öz mənbələrinə, geniş beynəlxalq müqavilələrə və beynəlxalq müqavilə praktikasına əsaslanmışdır. Müəllif vətəndaşlıq mövqeyindən çıxış edərək göstərir ki, bu gün də cəmiyyətimiz tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ölkəmizə qarşı həyata keçirilən ədalətsiz siyasətə son qoymağa nail olmaqda genişmiqyaslı fəaliyyət tələb edilir. Professor Əmir Əliyev yazır: “Odur ki, bir hüquqşünas alim olaraq bizlər də bu məsələyə biganə qala bilmərik. Məhz bu baxımdan tədqiqatın nəticələrini müxtəlif dillərdə çap etdirərək problemin hüquqi təhlilini verib əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışmışam, bununla da onları bu məsələdə ədaləti qorumağa və beynəlxalq hüququn bərqərar olması istiqamətində fəaliyyət göstərməyə dəvət edirik”.
Birinci fəsil “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn prinsipləri kontekstində” adlanır və burada Ermənistan tərəfindən ciddi pozuntulara məruz qalmış bütün prinsiplər ayrı-ayrılıqda geniş təhlil və izah olunur. Əsas prinsiplər BMT Nizamnaməsində təsbit olunmuşdur və əksər hallarda BMT Nizamnaməsinin prinsipləri adlanır. Onların məzmunu və sistemi isə BMT Baş Assambleyasının 1970-ci il tarixli “BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında” Bəyannamədə müəyyən edilmişdir. Həmin bəyannamədə beynəlxalq hüququn 7 mühüm prinsipi əks olunmuşdur: güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək prinsipi; beynəlxalq mübahisələrin dinc yolla həll edilməsi prinsipi; dövlətlərin suveren bərabərliyi prinsipi; dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi; dövlətlərin əməkdaşlığı prinsipi; xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə prinsipi; beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipi. 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Helsinki Yekun Aktında isə beynəlxalq hüququn 3 mühüm prinsipi də təsbit olunmuşdur: dövlətlərin ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipləri.
Kitabda Ermənistan tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş beynəlxalq cinayətlər ilk növbədə, həm də beynəlxalq hüququn jus cogens normaları sayılan ümumi prinsiplərin ciddi, kobud və sistematik pozuntusu hesab edildiyindən, onların ətraflı təhlili vacib hesab edilmişdir. Aparılan təhlillər onu göstərir ki, Ermənistan bu gün beynəlxalq hüququn bütün 10 prinsipini kobud və sistemli şəkildə pozur. Beləliklə də bu dövlət özünün beynəlxalq müqavilə xarakterli öhdəliklərinə heç bir halda əməl etmək istəmir.
İkinci fəsil təcavüz cinayətinə həsr edilmişdir. Ermənistanın apardığı məqsədyönlü təcavüz siyasəti nəticəsində (1990-1992-ci illərdə) Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsi (1991-ci ilədək Azərbaycanın inzibati ərazi bölgüsünə əsasən - Şuşa, Xocavənd, Əsgəran, Hadrut, Ağdərə rayonları və Xankəndi daxil olmuşdur) işğal edilmişdir.
Kitabda “təcavüz” cinayətinin beynəlxalq-hüquqi tövsifi ilə bağlı məsələlərə xüsusi diqqət yetirilmiş, BMT Baş Assambleyasının 1974-cü il tarixli “Təcavüzün tərifi haqqında” 3314 nömrəli Qətnaməsi və digər beynəlxalq sənədlər ətraflı təhlil edilmişdir. Nəticələrə gəldikdə isə bildirilmişdir ki, təcavüzlə bağlı BMT Baş Məclisi tərəfindən qəbul edilmiş 1974-cü il qətnaməsinin bütün bəndləri Ermənistan tərəfindən kobud və sistemli şəkildə pozulmuş, hazırda da pozulmaqdadır. Digər tərəfdən, Ermənistanın Dağlıq Qarabağdan başqa, orada tarixən bir erməni belə yaşamayan Azərbaycanın 7 rayonunu işğal etməklə bufer zona yaratmaq ideyasını beynəlxalq hüquq heç vaxt qəbul edə bilməz.
Kitabda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının təhlili də öz əksini tapmışdır. Üçüncü fəsil ermənilərin törətdikləri soyqırımı cinayətinə həsr edilmişdir. Qeyd edilir ki, erməni cinayətkarları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin həyata keçirilməsi zaman-zaman davam edərək yüksələn xətt üzrə özünün “inkişafı”na doğru irəliləmişdir. Bu zaman XX əsrdə azərbaycanlılara qarşı ermənilərin etnik təmizləmə siyasəti dörd mərhələ üzrə nəzərdən keçirilir: 1905-1907-ci illəri əhatə edən birinci mərhələ; 1918-1920-ci illəri əhatə edən ikinci mərhələ; 1948-1953-cü illəri əhatə edən üçüncü mərhələ; 1988-1993-cü illəri əhatə edən, müasir dövr üçün azərbaycanlılara qarşı soyqırımı, ərazi iddiaları və hərbi təcavüz üçün geniş zəmin yaratdığı dördüncü mərhələ.
Erməni daşnakları tərəfindən təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda və Azərbaycanın digər regionlarında 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Ermənilərin soyqırımı siyasəti təkcə azərbaycanlıların məhv edilməsi ilə məhdudlaşmır, bu, digər etnik və milli qrupların da qətlə yetirilməsinə gətirib çıxarmışdır. Belə ki, Azərbaycan yəhudi icmasının Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı məktubdan da göründüyü kimi, 1918-1919-cu illər ərzində törədilən Quba soyqırımı zamanı 3000-ə qədər yəhudi öldürülmüşdür.
Tədqiqat əsərində Qaradağlı kəndində, Xocalıda və Ağdabanda törədilən soyqırımı cinayətləri ətraflı şəkildə qələmə alınmışdır. Burada Xocalı soyqırımının törədilməsi ilə bağlı niyyətin mövcudluğu və faktiki konkret aktın törədilməsi tam sübuta yetirilmişdir. Həmin dövrdə Ermənistanın prezidenti olan Levon Ter-Petrosyan erməni ordusuna müraciətində söyləmişdir: “Siz, ermənilər düşməni öldürərkən ürəyi yumşaqlıq göstərməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir”. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan isə ermənilərin həqiqi simasını açaraq xarici jurnalistlə müsahibəsində bildirmişdir: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmaz. Biz bu stereotipi dağıtdıq. Məhz bu baş verdi”. Bunlar ermənilərin soyqırımı törətdiklərinə dair etiraflarıdır. R.Köçəryanın prezidentliyi dövründə onun xanımı Bella Köçəryan Yerevan Qanköçürmə Mərkəzinin açılışında XXI əsrdə müstəsna olaraq erməni qanından ibarət ayrıca qan bankı mərkəzinin açılması təklifini irəli sürərək söyləmişdir ki, erməni qanında səciyyəvi genetik faktorlar vardır və ermənilərə yalnız erməni qanı köçürmək lazımdır. Sual yaranır: dünyanın heç bir millətinin qanını qəbul etməyən erməni millətçiləri nə düşünür? Bu digər dünya xalqlarına birbaşa hörmətsizlik deyilmi?
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarına uyğun olaraq, erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” kimi qeyd edilir. Bundan əlavə, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” 690 nömrəli Fərmanı isə tarixin ayrı-ayrı mərhələlərində xalqımızın üzləşdiyi beynəlxalq cinayətlərin, soyqırımı aktlarının istənilən aspektdən araşdırılması, “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək” istiqamətində mühüm addım hesab olunmalıdır. Həmin sənədə uyğun olaraq hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamında isə qeyd edilir ki, Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir. Sərəncamla erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycanın Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması qərara alınmışdır.
Kitabın növbəti fəsli Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə həsr edilmişdir. Burada söhbət müharibə qurbanlarının beynəlxalq hüquqi müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının ciddi pozuntusundan gedir. Həmin hissədə Azərbaycan ərazilərinin işğalı nəticəsində ətraf mühitə vurulan ciddi ziyan əks olunmuşdur.
Digər bir məsələ: nə qədər insan girov, əsir götürülüb və itkin düşüb! Bu insanlar üzərində qanunsuz məhkəmələr qurulub! Bunlar özü 1949-cu il Cenevrə Konvensiyalarının ciddi şəkildə pozulması deməkdir və müharibə cinayətləridir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 fevral 2018-ci ilə olan rəsmi məlumatına görə qeydiyyatdan keçən itkin düşmüş şəxslərin sayı 3875 nəfərdir ki, onlardan 3165 nəfəri hərbçi, 710 nəfəri isə mülki şəxsdir. İtkin düşmüş şəxslərdən 67 nəfərini uşaqlar (23 nəfər qız, 44 nəfər oğlan), 265 nəfərini qadınlar, 326 (o cümlədən 166 qadın) nəfərini isə qocalar təşkil edir. Bununla yanaşı, 871 nəfərin əsir-girov götürülməsi barədə məlumat mövcuddur ki, onlardan 602 nəfərini hərbçi, 269 nəfərini mülki şəxs təşkil edir. Həmin şəxslərin 29 nəfəri uşaqlar (7 nəfər qız, 22 nəfər oğlan), 98 nəfəri qadınlar, 113 nəfəri (o cümlədən 64 nəfər qadın) isə qocalardan ibarətdir
Ən mühüm beynəlxalq cinayətlərdən biri başqa dövlətlərin vətəndaşlarının - ermənilərin qanunsuz olaraq Qarabağa və ətraf 7 rayona köçürülməsidir. Erməni mənbələrində bunlar açıq etiraf edilir. Halbuki bunlar ağır müharibə cinayətləridir. Bu faktlardan bəziləri kitabda əks olunmuşdur. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2015-ci il məlumatlarına görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə 8500, Laçına 13000, Kəlbəcərə 700, Zəngilana 520, Cəbrayıla 280 nəfər olmaqla, cəmi 23000 nəfər şəxs qeyri-qanuni olaraq məskunlaşma üçün köçürülmüşdür.
Növbəti beşinci fəsil Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə cinayətlərdir. Bunlar insanların kütləvi öldürülməsi, işgəncələr, deportasiyalar və digər vəhşiliklərdir. Kitabda tam olaraq belə bir nəticəyə gəlinir ki, azərbaycanlılara qarşı törədilən insanlıq əleyhinə cinayətlərin bünövrəsində soydaşlarımızın milli və etnik əsaslarla təqibi dayanmışdır. Məhz bu təqiblər insanlıq əleyhinə cinayətlərin törədilməsi üçün “ideoloji baza” rolunu oynamışdır.
Növbəti altıncı fəsil ermənilərin ən çox istifadə etdiyi terror cinayətləridir. Ermənilərin terror cinayətləri 3 qrupa bölünür. Kitabda Ermənistanın azərbaycanlılara və Azərbaycana qarşı terrorçuluq hərəkətləri beynəlxalq hüququn prinsiplərinin pozulması, törədilmiş beynəlxalq cinayətlərlə qarşılıqlı əlaqədə olan ictimai-təhlükəli əməl və sadəcə terrorçuluq kimi nəzərdən keçirilir.
Bütövlükdə götürdükdə, hədəfləri və zərərçəkən qurbanlarının tərkibinin müxtəlifliyi baxımından Ermənistanın dövlət səviyyəsində terror siyasətini və erməni terror təşkilatlarının fəaliyyətini üç aspektdən qiymətləndirmək olar. Bunlardan birincisi erməni terror təşkilatlarının qlobal miqyasda dünya dövlətlərinin hər hansı birində müxtəlif terror aktları törətməsi ilə bağlıdır. Erməni terrorunun hədəfinin ikinci istiqaməti isə Türkiyə Cümhuriyyəti və türklər hesab olunur ki, burada qurban qismində türk diplomatlarını xüsusilə qeyd etmək lazımdır. Ermənistanın dövlət səviyyəsində terror siyasəti və erməni terror təşkilatlarının fəaliyyətinin üçüncü aspekti və ən başlıcası azərbaycanlılara və Azərbaycana qarşı yönəlmiş cinayətkar fəaliyyətdir.
Kitab bu sözlərlə bitir: “Ümidvarıq ki, qeyd edilən məsələlərin həlli beynəlxalq ədalətin bərpasına, beynəlxalq hüquq normalarına olan ümidlərin artmasına, beynəlxalq səviyyədə cəzasızlıq mühitinin aradan qaldırılmasına, nəhayət, cinayət qurbanlarının pozulmuş hüquqlarının bərpasına gətirib çıxaracaqdır”.

İradə ƏLİYEVA,
“Azərbaycan”