Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Maarif fədaisi

05 İyul 2018
 

Azərbaycan xalqının tərəqqisində, ictimai fikir tarixində, maariflənməsində böyük rolu olanların sırasında Rəşid bəy Əfəndiyevin də adı var. Pedaqoq, yazıçı, etnoqraf Rəşid bəy Əfəndiyevin çoxşaxəli yaradıcılıq yolunu işıq zolağı kimi bir xətt birləşdirir. Bu, xalqa sevgi, ürək yanğısı ilə xidmət etmək arzusu idi. Rəşid bəy bu istəklə yorulmadan çalışdı. Şagirdlərini də xalqa məhəbbət, vətənə sevgi ruhunda tərbiyə etməyə, onlarda milli təəssübkeşlik hissləri, elmi biliklərə böyük maraq və həvəs oyatmağa səy göstərdi.

 

Pedaqoji fəaliyyəti

 

Rəşid bəy Əfəndiyev 1863-cü ildə Nuxa (Şəki) şəhərində, ruhani ailəsində dünyaya göz açmışdı. Kiçik yaşlarında mollaxanada təhsil alan Rəşid bəy ərəb və fars dillərini öyrəndi. 1873-cü ildən təhsilini Nuxa qəza məktəbində rus dilində davam etdirdi. 1878-ci ildə həmin məktəbi bitirdi və Zaqafqaziya Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsinə daxil oldu.
On doqquz yaşında təhsilini başa vuraraq pedaqoji fəaliyyətə başladı. Səkkiz il Qutqaşen (indiki Qəbələ) ibtidai xalq məktəbində həm müdir, həm də müəlim işlədi. Yerli əhalinin yaşayış tərzi, adət-ənənələri, folkloru, maddi-mənəvi abidələri ilə də maraqlanırdı. Sonralar etnoqrafiya, arxeologiya, ipəkçiliyin inkişafı istiqamətində tədqiqatlar apardı, bu mövzularda məqalələri mətbuatda dərc edildi.
Məktəblərdə dərs vəsaitinin çatışmazlığını bilirdi. Rəşid bəy elmi-metodiki fəaliyyətə hələ Qori Müəllimlər Seminariyasında oxuyarkən başlamış, 1879-1880-ci illərdə seminariyanın Azərbaycan şöbəsinin müdiri Aleksey Çernyayevskinin təşəbbüsü ilə dərs proqramlarının tərtibində və ana dili dərsliklərinin hazırlanmasında fəal iştirak etmişdi. Üçüncü kursun tələbəsi ikən cəbr və həndəsədən həll etdiyi məsələlər kitab formasında çapdan çıxdı. Həmin illərdə etdiyi tərcümələr də seminariyanın Azərbaycan şöbəsində oxuyan tələbələr üçün gərəkli idi.
Dövrün əksər ziyalıları kimi, Rəşid bəy Əfəndiyev də çoxşaxəli fəaliyyət göstərirdi. Öz sevimli peşəsi - müəllimliklə böyük həvəslə məşğul olmaqla bərabər, mətbuatda sosial məsələlər, qadın azadlığı, təhsil və digər mövzularda maraqlı yazılarla çıxış edirdi. 1911-ci ildə dövlət tərəfindən təsdiq olunmuş xeyriyyə cəmiyyətinin, onun əsasnaməsinin hazırlanmasında iştirak etdi. Cəmiyyətin əsas məqsədi Nuxa qəzasında müsəlmanlar arasında elmi, maarifi təbliğ və inkişaf etdirmək, ana dilində məktəblər açmaq, kasıb uşaqlarının təhsilinə şərait yaratmaq və digər əhəmiyyətli məsələlər idi.

 

“Elm bir dövlətdir ki, onu itirmək olmaz...”

 

Rəşid bəy 1888-1890-cı illərdə Nuxa bölgəsi ətrafında, Xaçmaz kəndində (Oğuz rayonu) yeni məktəb açdı və orada Azərbaycan və rus dillərini tədris etdi. 1892-ci ildə Tiflis şəhərindəki müsəlman məktəbinə müəllim vəzifəsinə göndərildi. Həm müəllim, həm də Qafqaz Müsəlmanları Ruhani İdarəsində katib müavini işlədi. Müftinin “Ömər məktəbi”nin müəllimi oldu.
1892-ci ildə Tiflisdə yerləşən Aleksandrovski Müəllimlər İnstitutunun sonuncu kursuna daxil oldu. İnstitutu 1893-cü ildə bitirdi. O həm də pedaqoji fəaliyyətini davam etdirdi. 1890-1916-cı illərdə Qori Müəllimlər Seminariyasında müəllim işlədi. Təşkil etdiyi ədəbiyyat dərnəyi və teatr truppası seminariyada canlanma yaratdı. Tələbələrin ilk qələm təcrübələri müzakirə olunur, Azərbaycan və rus dillərində teatr tamaşaları göstərilirdi. Seminariyada uğurlu fəaliyyətinə görə Rəşid bəy Əfəndiyev Qafqaz Təhsil Dairəsi tərəfindən medalla təltif edildi.
“Uşaq bağçası” adlı əlifba kitabını 1887-ci ildə yazdı. Lev Tolstoyun hekayə və məqalələrindən də tərcümələr edərək kitaba daxil etdi. 1889-cu ildə bu dərslik böyük tirajla İstanbulda çapdan çıxdı. Dərslik Azərbaycan dilində təhsil verən bütün dövlət və xüsusi tədris məktəblərində istifadə etmək üçün Qafqaz Təhsil Dairəsi tərəfindən bəyənildi, 4 dəfə 90 min nüsxə nəşr edildi.
Rəşid bəy Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə müəllim təyin olunarkən həmin şöbənin tələbələri üçün Azərbaycan dilində mükəmməl ədəbiyyat yox idi. İkinci məşhur dərsliyini - “Bəsirət-ül-ətfal”ı (“Uşaq açıqgözlüyü”) tərtib etdi. Kitabda tərbiyəvi əhəmiyyətli hekayələr, ədəbiyyata, islam dininə aid mətnlər, Azərbaycan və rus klassiklərinin əsərlərindən nümunələr verdi. Müəllif yazırdı: “Zəmanəmizə uyğun, məişətimizə münasib bildiyim parça, hekayə, rəvayətləri sadə türk dili ilə təqrir və təhrir etmişəm”.
Həyatı boyu təhsilin, elmin yüksəlişinə xidmət göstərən Rəşid bəyin nəzərində: “Bu elə bir xəzinədir ki, onu sandıqda qoyub qarovul və gözətçi olmağı və hesab saxlamağı istəməyir. Elm bir dövlətdir ki, onu itirmək olmaz və oğurlamaq mümkün deyildir. Elm puldan və paradan zəngin, topdan və tüfəngdən ötgün, xəncərdən və qılıncdan kəskindir”.
O, yalnız şagirdlərin, tələbələrin dərsliklərə olan ehtiyacını düşünmürdü, müəllimlər üçün də metodik vəsait hazırladı. “Təbii üsulla təlim” adlı vəsaitdə yazmışdı: “Müəllimlər üsuli cədid üzrə dərs keçərkən ən əvvəl şüurlu təlim vacibdir ki, əməl etsin”. O, tərbiyə dedikdə üç cəhəti - fiziki, əqli, əxlaqi tərbiyəni nəzərdə tuturdu: “Hər kəs ki, bədəncə, ruhca və əxlaqca üç qisim tərbiyəyə möhtacdır. Bu üç qisim tərbiyədən məhrum olan şəxs həqiqətdə adam cərgəsində sayılmaz”. Rəşid bəy müəllim hazırlığına istiqamət verən metodiki məqalələrinin birində yazırdı: “Təlimdə müvəffəqiyyət qazanmaq üçün müəllim məlumdan məchula, yaxından uzağa, konkretdən mücərrədə, sadədən mürəkkəbə doğru getməlidir”.
Rəşid bəy Əfəndiyev həm də ilahiyyatçı alim idi. Müəllimlər seminariyalarında ana dilindən və ilahiyyatdan dərs keçirdi. “Müxtəsər şəriət” əsərində islam dini, onun mahiyyəti və qaydaları haqqında məlumat verməklə bərabər, gənc nəslin tərbiyəsini də qarşısına məqsəd qoymuşdu.

 

Yazıçı, şair, tərcüməçi...

 

Müasirləri onu yazıçı, şair, tərcüməçi kimi də tanıyırdılar. “Qan ocağı”, “Qonşu qonşu olsa, kor qız ərə gedər”, “Rüstəm və Zöhrab”, “Saqqalın kəraməti”, “Xəzan və bahar”, “Pul dəlisi”, “Tiflis səfərləri”, “Qadınların sport dəstəsi”, “Qızıl gül” və başqa bədii əsərlərinin əsas ideyası təhsil, tərbiyə, mənəvi dəyərlərin təbliği, cəhalətə qarşı mübarizə idi. Rəşid bəy “Uşaq bağçası” adlı əlifba dərsliyinə də özünün yazdığı şeir və hekayələrdən parçalar daxil etmişdi. Onun əsərləri məzmunlu olduğu qədər də diləyatımlı və yaddaqalandır:

Ey havada uçan durna,
Bizi qoyub qaçan durna,
Get xoş gəldin, səfa gəldin,
Gələcəksən haçan durna.

Rəşid bəy Əfəndiyevin qələmə aldığı bu cür şeirləri uşaqlar çox asanlıqla öyrənir və unutmurdular. Onun ictimai, sosial mahiyyət daşıyan hekayələri də uşaqların tərbiyəsində mühüm rol oynayır.
1907-ci ildə “Tazə həyat” qəzetində dərc edilən məqaləsində uşaqların təlim-tərbiyəsinin vacib olduğunu diqqətə çatdırırdı: “Bir diqqət edəlim təlimi-ümumi məsələsinə. Bu məsələ ən ümdə məsələlərdən biridir. Hər bir dövlətin tərəqqisi və taleyi təlimi-ümumiyə bağlıdır. Elm, maarif, sənaye hamısı təlimi-ümumiyyənin nəticəsidir. Camahat yaxşı bilir ki, təlimi-ümumi olmayan bir dövlətdə nə hüriyyət, nə ədalət və nə müsavat ola bilməz”.
L.Tolstoyun hekayələrinə istinadən yazdığı “Qoca baba və nənəsi” və digər əsərlərində həm də valideynləri tərbiyə edirdi. Rəşid bəy həmçinin nəsihətamiz hekayələrində, şeirlərində gənclərə mübarizlik, vətənə, ana dilinə, təbiətə, əməyə məhəbbət, xeyirxahlıq, dostluq duyğuları aşılayırdı.
L.Tolstoydan, İ.Krılovdan, Ə.Firdövsidən, Sədidən tərcümələr etmişdi. Bu tərcümələrin bir hissəsini “Bəsirətül ətfal” qiraət kitabında vermişdi.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə

 

1916-1917-ci illərdə İrəvan Quberniyası Xalq Məktəblərinin inspektoru vəzifəsinə təyin edilib orada qəza və üsuli-cədid məktəblərində təlim-tərbiyə işlərinə, tədrisin keyfiyyətinə nəzarət etməklə bərabər, qısamüddətli ixtisasartırma kursları yaratdı.
1917-ci ildə Tiflis Mərkəzi İdarə (komissariatın) rəisi Həmid bəy Şaxtaxtinski Rəşid bəyə məktubla müraciət edərək Naxçıvanda və Ordubadda müəllimlik kurslarının yaradılmasını xahiş etdi. O, 1918-ci ildə Qazax seminariyasına direktor təyin olundu.
1918-ci ildə Bakıya dəvət aldı, xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işinə cəlb olundu. Bakı Kişi Seminariyasının direktoru təyin edildi. Maarif Nazirliyi yanında əlifba komissiyasının tərkibində Rəşid bəy də var idi. O, latın qrafikasına keçmək üçün təqdim olunan layihələrin müzakirəsində fəal iştirak etdi.
Rəşid bəyin kiçik qardaşı Abdulla bəy də pedaqoq idi. Qardaşlar Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınırdılar. Müxtəlif məktəblərdə müəllim və məktəb müdiri vəzifələrində işləyən Abdulla bəy AXC dövründə Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu”na əsasən Nuxa (Şəki) şəhərindən AXC parlamentinə deputat seçildi. Cümhuriyyət dövründə Abdulla bəy Əfəndizadə Maarif Nazirliyinin əlifba islahatına dair təşkil etdiyi komissiyanın tərkibində çalışdı.
Cümhuriyyətin süqutundan sonra Rəşid bəy Şəkiyə dönərək yenə öz sevimli peşəsi ilə məşğul oldu, oğlan və qız seminariyaları təşkil etdi. Bir müddət pedaqoji məktəbin direktoru vəzifəsində çalışdı. Eyni zamanda, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının əməkdaşı kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirdi. Rəşid bəy Azərbaycanın I Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etnoqrafiya Cəmiyyətinin Şəki şöbəsinə elmi katib seçildi.
Görkəmli maarif xadimi, vətənpərvər ziyalı Rəşid bəy Əfəndiyev 1942-ci il avqust ayının 31-də 79 yaşında Şəkidə dünyasını dəyişdi.

 

Hədər getməyən ömür...

 

Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və daha neçə-neçə tələbəsi mədəniyyətimizin, elmimizin aparıcı mütəxəssisləri, alimləri, incəsənət xadimləri kimi tanındılar.
Rəşid bəyin mükəmməl təhsil görmüş altı övladı - iki oğlu və dörd qızı da adlı-sanlı ziyalı idilər. Böyük oğlu Məmməd bəy Əfəndiyev görkəmli riyaziyyatçı, professor, əməkdar elm xadimi, Nadir məşhur həkim-cərrah idi. Rəşid bəyin qızları - Maral Əfəndiyeva-Nəbiyeva, Mahtaban Əfəndiyeva-Rüstəmova, Cəmilə Əfəndiyeva-İbrahimbəyli də ataları kimi ömürlərini xalqın maariflənməsinə həsr etdilər.
Rəşid bəy Əfəndiyev ocağının işığı bu gün də yanır. Şəkidə vaxtilə yaşadığı mənzil ev muzeyi kimi qorunur. Adı Şəkidə tarix-diyarşünaslıq muzeyinə, tədris müəssisəsinə, kitabxanaya və küçəyə verilib. Əsərləri latın əlifbası ilə yenidən nəşr olundu. Arzusu ilə yaşadığı müstəqil vətənində Rəşid bəy Əfəndiyevin xatirəsi 155 illiyində ehtiramla yad edilir.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”