Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın onkologiya sahəsindəki nailiyyətləri İraqlı həkimlərlə bölüşüləcək

04 İyul 2018
Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev və Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan üzrə ticarət elçisi, parlamentari Baronessa Nikolson Vinterbornun dəvəti əsasında Yaxın Şərqdə xeyriyyəçiliklə məşğul olan AMAR Fondunun davamlı uğurlarının qeyd edilməsinə həsr olunmuş tədbirdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd müharibə nəticəsində zərər çəkmiş İraq ərazilərində yenidənqurma işlərinin aparılması, xeyriyyəçilik konsertinin təşkil edilməsi və bu kimi digər işlərin görülməsi üçün maliyyə vəsaitinin toplanması olub.

Tədbir zamanı Baronessa Nikolson Azərbaycanda xərçəng araşdırmaları və onkologiya sahəsində əldə olunmuş böyük uğurlardan, özünün Azərbaycanda olarkən Milli Onkologiya Mərkəzini ziyarət etməsindən, bu ölkədə həkimlərin peşəkarlıq səviyyəsindən söz açıb. O, Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu və Azərbaycan Şahmat Federasiyası tərəfindən səfirliyin dəstəyi ilə İraqda münaqişədən əziyyət çəkmiş qadınlar üçün təşkil olunan şahmat oyunlarına görə minnətdarlığını ifadə edib.

Tədbirdə iştirak edən akademik Cəmil Əliyev və səfir Tahir Tağızadə Lordlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Xarici İşlər Nazirliyində beynəlxalq enerji siyasəti üzrə keçmiş dövlət naziri Lord Houel, Dünya Bankının keçmiş prezidenti, ABŞ müdafiə nazirinin sabiq birinci müavini Pol Volfoviç və AMAR Fondunun prezidenti Teodor Zeldin, eləcə də Baronessa Nikolson ilə görüş keçirib.

Görüş zamanı Azərbaycanda tibb sahəsində əldə edilən nailiyyətlərin İraqdan olan həkimlərə ötürülməsi yolları və onlar üçün təlimlərin keçirilməsi perspektivləri, Britaniya və Azərbaycan arasında qarşılıqlı səfərlərin təşviqi, o cümlədən Azərbaycanda xərçəng xəstəliyi üzrə araşdırmalar və təcrübələrlə yaxından tanış olmaq üçün Baronessa Nikolson və AMAR-ın baş icraçı direktoru, professor Piter Klarkın Azərbaycana səfərlərinin təşkili, eləcə də Azərbaycanda qaçqın və məcburi köçkün əhalinin hazırkı vəziyyəti, ölkəmizin sürətli və çoxşaxəli inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycanda onkologiya sahəsinə aid olan bütün məsələlərin bir mərkəz altında birləşdirilməsi təqdirəlayiq hesab edilib və P.Klark Azərbaycana səfəri zamanı məhz bu təcrübə ilə yaxından tanış olmaq istədiyini bildirib.

B.Nikolson İraqda onkoloji xəstəliklərin yüksək sürətlə inkişaf etdiyini, xəstələrin cəmi 25 faizinin sağala bildiyini, xəstəliyin diaqnostikası, poliativ müalicə üsulları ilə bağlı problemlərin mövcud olduğunu, o cümlədən kimya-terapiya üçün lazım olan kimyəvi maddələrin və ixtisaslaşmış aparatların çatışmadığını bildirib. Bu xüsusda, Azərbaycanda onkoloji xəstələrin xəstəliklə mübarizə apara bilmə və sağalma faizinin nəzərəçarpacaq qədər yüksək olduğu nəzərə çatdırılıb.

B.Nikolson onkoloji problemlərin aradan qaldırılması və İraqdakı həkimlərə təlim keçirilməsi sahəsində Cəmil Əliyevin ekspert-müşavir qismində AMAR-ın fəaliyyətinə dəstək verməsini xahiş edib.

Pol Volfoviçlə söhbət zamanı Azərbaycanın ABŞ-la tərəfdaşlığı, eləcə də P.Volfoviçin yaxın günlərdə Bakıda keçirilən Ramsfeld konfransı barədə müsbət təəssüratları üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki,1991-ci ildə Baronessa Nikolson Vinterbornun təşəbbüsü ilə yaradılan və baş rəhbəri Uels şahzadəsi Çarls olan AMAR Fondu hazırda Yaxın Şərq regionunda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. 2018-ci ildə Fond 25 illik yubileyini qeyd edir.