Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı

04 İyul 2018
 

Regionun lider dövləti olan Azərbaycan öz siyasi dəst-xətti, inkişafı və beynəlxalq nüfuzu ilə bu statusu layiqincə daşıdığını təsdiq edib. Bu gün Cənubi Qafqazı əhatə edən beynəlxalq layihələri Bakının maraqlarını nəzərə almadan həyata keçirmək mümkün deyil. Ən mühümü odur ki, regiondakı xarici tərəfdaşların da yaxından qatıldığı layihələrin təşəbbüskarı elə Azərbaycanın özüdür. Respublikamızla hesablaşır, məsləhətləşir, mövqeyini bölüşürlər.

 

Dünyada qəbul olunan dialoq platforması

 

Azərbaycan həm də əməkdaşlıq məkanıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və cəsarətli siyasət respublikamızı qlobal humanitar, mədəniyyətlər və dinlərarası, o cümlədən hərbi-siyasi məsələlərin müzakirə olunduğu platformaya çevirib. 2016-cı ildə V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: “Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq”
Düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, dünyanın müxtəlif qütblərində dayanan dövlətlərlə yaxşı münasibətlər, beynəlxalq təşəbbüslərimiz bu gün ölkəmizi dünyada yalnız sabitlik və inkişaf məkanı deyil, həm də əməkdaşlıq ünvanı kimi təqdim edir. Azərbaycanın dünyada ən etibarlı sülh və tərəfdaşlıq platforması olması artıq beynəlxalq səviyyədə qəbul olunan reallıqdır. Respublikamız bu sahədə daim öz təcrübəsini nümayiş etdirməklə və beynəlxalq səviyyədə mükəmməl nümunələr ortaya qoymaqla birləşdirici və barışdırıcı faktora çevrilib. Bu mənada respublikamızın müstəqillik illərində qazandığı mühüm nailiyyətlərdən biri də müharibələrə, humanitar böhranlara qarşı birgə beynəlxalq mübarizənin təşkili, bu istiqamətdə mövcud olan və ya yarana biləcək problemlərin aradan qaldırılması yollarının müəyyənləşdirilməsi ilə bağlı qlobal fəaliyyətin istinad nöqtəsinə çevrilməsidir.
İyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının keçirilməsi ölkəmizin beynəlxalq təhlükəsizlik məsələlərində fəal iştirakının bariz nümunəsidir. Qeyd edək ki, bir vaxtlar firavanlığın, sivil həyatın hökm sürdüyü Əfqanıstan uzun illərdir dünyanın ən ağrılı problemlərini yaşayan ölkələrindən biridir. 1979-cu ildən bəri ölkədə güllə səsləri kəsilmək bilmir. Hərbi əməliyyatların və vətəndaş müharibəsinin gedişində bir çox müəssisə və idarələr dağıdılmış, ölkənin ayrı-ayrı hissələri arasında və digər dövlətlərlə nəqliyyat və ticarət əlaqələri pozulmuşdur. Ölkə iqtisadiyyatı tənəzzülə uğramışdır. Bütün bunların ağır yükü və əzab-əziyyəti isə sadə əfqan xalqının üzərinə düşmüşdür. Əfqanıstan əhalisinin üçdə biri baş götürüb qonşu ölkələrə qaçmış, qalanları isə məşəqqətli həyat sürməli olmuşlar. Yalnız “Taliban” rejiminin devrilməsindən sonra bu ölkədə vəziyyət dəyişməyə başlayıb. Yeni hakimiyyətin yaradılması və ölkənin bərpası prosesinə start verilməsi təsərrüfatın və sosial həyatın dirçəldilməsi üçün əlverişli şərait yaradıb.

Artıq ölkədə müsbətə doğru dəyişikliklər hiss olunmağa başlayıb. Bununla belə, Əfqanıstanda həyatın normal axarına qayıtması üçün çox işlər görülməlidir. Xüsusən, ölkədə təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur.

 

Alis Uels: “Bakının görüş yeri seçilməsi faktı Azərbaycanın oynadığı rolun təzahürüdür”

 

2009-cu ildə təsis edilən Beynəlxalq Təmas Qrupu Əfqanıstan və bu ölkənin yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Azərbaycan da daxil olmaqla 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur. Geniş tərkibli beynəlxalq ölkələr qrupu Əfqanıstan-Taliban münaqişəsinin həllinə dair əməkdaşlıqda çox maraqlıdır.
Bütün iqtisadi resursları, infrastrukturu dağılan bir ölkə qarşılaşdığı çətinlikləri təkbaşına aradan qaldıra bilməz. Odur ki, Əfqanıstan problemi qonşu dövlətlərin də regional siyasətlərində mərkəzi yerlərdən birini tutur. Əfqanıstanda ötən illərdə donor ölkələrin və beynəlxalq maliyyə qurumlarının maliyyə və texniki yardımı ilə iqtisadiyyatın və infrastrukturun bərpası istiqamətində xeyli iş görülüb. Əfqanıstana yardım edən ölkələrdən biri də Azərbaycandır.
ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels iyunun 29-da Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan Əfqanıstanın regiona iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır. ABŞ hökuməti Əfqanıstanda sülhlə bağlı istənilən prosesdə iştirak etdiyinə görə Azərbaycana minnətdarlıq edir. “Bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır” - deyə Alis Uels bildirib.
Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə də qoşulub. Çünki respublikamız bu prosesi Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir. 2012-ci ildə prosesə qoşulandan bəri bu çoxtərəfli platformada fəal şəkildə iştirak edən Azərbaycan ondan əvvəlki dövrlərdə də Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar olunması işində yaxından iştirak edib, bu ölkənin inkişafına mühüm töhfələr verib. Təsadüfi deyil ki, 2017-ci ilin dekabrında Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi - İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.
Xatırladaq ki, bundan əvvəl Rusiya ilə ABŞ və NATO arasında ali hərbi danışıqlar da iki dəfə Bakıda keçirilib. Bu da ölkəmizin hərbi-siyasi problemlərin çözülməsi, sülh və əməkdaşlıq yollarının müzakirə edilməsi üçün ideal məkan olduğunu təsdiqləyir. ABŞ-Rusiya və
NATO-Rusiya hərbi danışıqlarının Bakıda keçirilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanmasının və qəbul edilməsinin əyani təsdiqidir. Bu görüşlər zamanı Azərbaycanın adı ABŞ-Rusiya münasibətlərinin yoluna qoyulması təşəbbüslərində çəkildi. Bakı bu dəfə də barışdırıcı missiyanı yerinə yetirdi.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə görüşləri üçün Bakının müəyyən edilməsi onu bir daha göstərdi ki, Azərbaycan tamamilə müstəqil - nə Rusiyanın, nə də ABŞ-ın təsir dairəsində olan dövlətdir. Bu gün dünya dövlətləri ABŞ və Rusiyanın müttəfiqləri qismində bölünüb. Onlar görüş üçün müstəqil siyasət yeridən, heç bir hərbi bloka qoşulmayan Azərbaycana gəlməyə üstünlük verdilər.
Bütün bunlar təsdiq edir ki, Azərbaycan dünyanın hərbi-siyasi qütbləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və hərbi dairələrin böyük ehtiramını qazanıb. Ölkəmiz dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Ən əsası, Azərbaycanın müstəqil siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik onu ən yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”