Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Ermənistanın təcridi siyasətini gücləndirir

04 İyul 2018
 

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı Bakıda keçirilən hərbi parad ordu quruculuğu prosesində dövlətin, onun lideri İlham Əliyevin həyata keçirdiyi siyasətin istənilən uğurlu nəticəni verməsinin növbəti təzahürü oldu.

Silahlı Qüvvələrin ən müasir silah-sursat və hərbi texnika ilə təmin edilməsi kimi vəzifənin öhdəsindən layiqincə gəlinməsinə bu paradın fonunda bütün dünya yenidən şahidlik etdi. Bu baxımdan, hərbi paradda nümayiş olunan ən müasir hücum və müdafiə sistemləri həm də Azərbaycanın iqtisadi gücünün, potensialının göstəricisi kimi qiymətləndirilir.
Azərbaycan Silahlı Qüvvələrinin arsenalında dünyanın müxtəlif ölkələrində istehsal olunan hərbi texnika var. Hərbi paradın önə çıxardığı daha bir əhəmiyyətli məqamın Azərbaycanın hərbi-sənaye kompleksi, burada istehsal olunan silah-sursat və hərbi texnikanın yüksək keyfiyyət göstəriciləri ilə bağlı oldu. Bütün bunlar Prezident İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının bariz sübutudur.

 

“Məxməri inqilab” davam edir

 

Ermənistanın belə vəziyyətdə Azərbaycana hansısa formada müqavimət göstərməsinin mümkünsüzlüyü artıq işğalçı ölkədə açıq etiraf olunur. Əslində, burada diqqət indi daha çox başqa məqamlar üzərində cəmlənir. Belə ki, Ermənistanda yeni hakimiyyətin əvvəlki iqtidar nümayəndələrinə qarşı həbs və digər formada təzyiq göstərmək metodu getdikcə daha geniş vüsət almağa başlayıb.
Bu fonda indi fikirlər səslənir ki, Ermənistanda sanki “məxməri inqilab” davam edir. Siyasətçi və ictimai xadim, “Yeni Ermənistan” partiyasının sədri, yaxın keçmişdə isə “Rosreyestr”də və “Rosimuşestvo”da rəhbər vəzifələr tutmuş erməni ekspert Boris Avakyan da qeyd edilənləri təsdiqləyir.
Bildirir ki, “Ölkədə yüksək vəzifəli bəzi məmurları da yaxşı heç nə gözləmir: “Son bir ayda general Manvel Qriqoryan həbs olunub, o, Respublika partiyasından deputat, “Yerkrapa” Könüllülər Birliyinin rəhbəridir. Oğlu Eçmiədzinin meriydi və atasının həbsindən sonra vəzifədən gedib. Ona da ittiham elan edilib. General Qriqoryanın arvadı da tutulub, onun evi və bağ evi axtarılarkən çoxlu “Əsgər payı” ət konservləri, corab, siqaret, əlcək və Müdafiə Nazirliyinin anbarlarından oğurlanmış başqa mallar tapılıb. Fikrimcə, faktiki olaraq Eçmiədzin şəhərini “qəsb edən” və orada feodal kimi hökm sürən general Qriqoryan kimi ünsürün zərərsizləşdirilməsi düzgün qərardır və mən bunu bütünlüklə dəstəkləyirəm.
Bu günlərdə Ermənistanın keçmiş prezidentinin qardaşı Aleksandr Sarkisyan və Serj Sarkisyanın mühafizəsinin keçmiş rəisi, ehtiyatda olan general-mayor Vaçaqan Qazaryan həbs edilib. Onu pul götürdüyü banklar üzrə “turne” prosesində həbs ediblər, onda milyardlarla dram tapılıb”.

 

Azərbaycanla silah yarışı aparmaq düzgün deyil

 

Məmurların saxlanılması və həbsləri korrupsiyanın öhdəsindən gəlməyə nə dərəcədə imkan verəcəyini o belə şərh edir: “Korrupsiya iqtisadi hadisədir və dünyanın bütün ölkələrində bu və ya digər dərəcədə var. Hesab edirəm ki, korrupsiyanın səviyyəsini gerçəkdən azaltmaqda təkcə həbslər azdır. Dövlət qulluqçularının, hüquq-mühafizə əməkdaşlarının maaşlarını yüksəltmək lazımdır. Düşünmək lazımdır ki, bunu necə edək və vəsaiti haradan götürək? Dövlət gəlirlərini artırmaq və Müdafiə Nazirliyinin xərclərini azaltmaq gərəkdir. Ermənistan öz büdcəsinin 30 faizə qədərini uzun illər boyu buna sərf edib. Bu, ölkəni var-yoxdan çıxaran iki əvvəlki prezident üçün əlverişliydi. Amma məsələn, bax, həm ərazicə, həm də əhalicə Ermənistanla tutuşdurula biləcək üç Baltikyanı respublika ÜDM-in cəmi iki faizini müdafiəyə xərcləyir”.
Erməni ekspert bildirir ki, ölkəsinin Azərbaycanla silah yarışı aparması da mümkün deyil: “Çox işləmək, vəsaitləri effektsiz layihələrdə itirməmək, Azərbaycanla silahlanma qovğasından çıxmaq və populizmlə məşğul olmamaq lazımdır. Şəxsi fantaziya və utopiyalardan deyil, gerçəkliklərdən çıxış edərək yaşamaq gərəkdir”.

 

Bakıdakı paradda nümayiş etdirilən silahlar Ermənistan üçün əlçatmazdır

 

İndi erməni tərəfini daha çox narahat edən Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə Bakıda keçirilmiş hərbi paradda nümayiş etdirilən möhtəşəm silahlardır. İşğalçı ölkə bu silahların onun üçün əlçatmaz olduğunu yaxşı bilir.
“Ermənistanın hərbi sənaye kompleksi” bloqunun aparıcısı Samvel Aqbabyan bildirir ki, Azərbaycan milyardlarla dolları müasir silahlara və hərbi texnikaya parad üçün xərcləmir. Bu silahlar Qarabağ probleminin hərbi yolla həll edilməsi üçün alınır. Aqbabyana görə, Azərbaycanın operativ-taktiki və tank əleyhinə raket kompleksləri, raket-artilleriya silahları və zərbə dronları Ermənistan və Dağlıq Qarabağdakı rejim üçün xüsusi təhlükəsizlik təhdidi yaradır: “Bu silahlar yüksək texnologiyalara əsaslandığına və uzaq məsafədən hədəfləri vurduğuna görə Azərbaycan silahlı qüvvələrinə imkan verəcək ki, birbaşa atəş təmasına girmədən effektiv hərbi əməliyyatlar aparsın”.
Aqbabyan “Kavkazskiy uzel” portalına açıqlamasında, xüsusən diqqəti Bakıdakı paradda ilk dəfə nümayiş etdirilmiş SOM-B1 aviasiya operativ-taktiki raketinə cəlb edib: “Belə hesab etməyə əsas var ki, Azərbaycanın Su-25 döyüş təyyarələri Türkiyədə SOM-B1 qanadlı raketlərini daşımaq üçün modernləşdirilib”.

 

Rəsmi Yerevan üçün xoşagəlməz xəbər

 

Digər hərbi analitik Leonid Nersisyan isə bildirir ki, Bakıda SOM-B1 raketinin nümayiş etdirilməsi Ermənistan üçün xoşagəlməz xəbər oldu: “250 kilometr mənzilli qanadlı, üstəlik də, olduqca aşağı hündürlükdən uçan raket Ermənistan üçün xoşagəlməz xəbər oldu. HHM sistemi bu cür hədəflərlə mübarizə apara bilər, amma bu, sadə məsələ deyil. Bunun üçün radiolokasiya stansiyalarının geniş şəbəkəsi və zenit-raket komplekslərinin heyətlərinin yüksək peşəkarlığı gərəkdir”.
İndi paradda nümayiş etdirilən silahlar ermənilərin etiraf etdikləri kimi, heç nə vəd etmir. Bütün bunlar hərbi texnika baxımından işğalçı ölkənin Azərbaycana böyük fərqlə uduzduğunu aydın təsdiqləyir.

Elçin CƏFƏROV,
“Azərbaycan”