Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəkidə musiqi bayramı

04 İyul 2018
 

“İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı musiqisevərlərə xoş bayram ovqatı bəxş etdi

 

Ölkəmizin qədim mədəniyyət mərkəzlərindən olan Şəki yenə də bayram ovqatına kökləndi. Növbəti musiqi bayramı - Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı iştirakçıların xatirələrində silinməz izlər buraxdı.

İyunun 27-dən iyulun 1-dək keçirilməsi nəzərdə tutulan beynəlxalq festivalın “müqəddiməsi” olaraq bu il iyunun 25-də Azərbaycan Bəstəkarlar İttifaqında kamera konserti oldu, sərgi düzənləndi. “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalında iştirak edən xarici ölkələrin nümayəndələri gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxdılar. Azərbaycanın gənc bəstəkarlarının əsərlərindən ibarət kamera konserti ilə festivalın “müqəddiməsi” daha da yaddaqalan oldu.

Nəzərdə tutulduğu kimi, iyunun 27-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalına start verildi. Tədbirin təntənəli açılış mərasimi “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında keçirildi.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq doqquzuncu dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını vəd etdi. O, Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının çox əlamətdar vaxtda keçirildiyini diqqətə çatdırdı: “2018-ci il bir sıra yaddaqalan hadisələrlə zəngin olub. Prezident seçkiləri dövlət başçısı İlham Əliyevin parlaq qələbəsi ilə nəticələnib. Ulu öndər Heydər Əliyevin 95 illiyi, dahi bəstəkar Qara Qarayevin 100 illiyi və nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi möhtəşəm tədbirlərlə qeyd olunur. Festivalın proqramında da vətənimizin tarixində iz qoymuş, ölkəmizin siyasi, iqtisadi, ictimai həyatına təsir edən, eləcə də Azərbaycanın hər bir vətəndaşı üçün mühüm əhəmiyyətə malik olan bütün bu hadisələrin mənzərəsini əks etdirməyə çalışmışıq”.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov isə qeyd etdi ki, Şəki beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkandır, bura “festivallar şəhəri” kimi tanınır. O, hər ilin yayında keçirilən və artıq ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının Şəkinin mədəni həyatında çox böyük hadisə olduğunu, musiqisevərlərin yaddaşında gözəl xatirə kimi qaldığını vurğuladı.

Rəsmi hissədən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti təqdim olundu.

Beş gün davam edən festival çərçivəsində musiqisevərlərə, şəhərin qonaqlarına, yerli sakinlərə Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qruplarının, eləcə də Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışları təqdim olundu.

Festivalın təntənəli bağlanış mərasimi iyulun 1-də axşam “Marxal” istirahət kompleksinin Yay Teatrında keçirildi. Tədbirdə festivalın təşkilatçı qurumlarının, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

TÜRKSOY-un yaradılmasının 25 illiyinə həsr olunan tədbirdə bu beynəlxalq təşkilata üzv ölkələrdən olan solistlərin iştirakı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qazaxıstanın Atırau Dövlət Filarmoniyasının “Murager” mahnı və rəqs ansamblı birgə konsert proqramı ilə çıxış etdi. Təqdim olunan musiqi nömrələri, xalq mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Festivalın bədii rəhbəri Firəngiz Əlizadənin sonda bildirdiyi kimi, Azərbaycanın qədim diyarı olan Şəkidə daha bir beynəlxalq festivalın son akkordları çalındı. Bağlanış mərasimində çıxış edənlər Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə təşəkkürlərini dilə gətirdilər.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının Türk dünyasında təşkil edilən ən önəmli festivallardan biri olduğunu nəzərə çatdırdı.

Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatdı.

Təşkilatçılarının qabaqcadan vəd etdikləri kimi, Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının proqramı çox maraqlı və rəngarəng oldu. Ecazkar təbiət qoynunda müxtəlif mədəniyyətlərin qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət konsert proqramları təqdim edildi, musiqisevərlərə xoş bayram ovqatı bəxş olundu.

Qeyd edək ki, son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyəti böyükdür. Doqquzuncu dəfə düzənlənən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı da Azərbaycanın qədim, gözəl məkanlarından olan Şəki şəhərinin tarixi və mədəniyyəti, dünya xalqlarının folklor musiqisinin qorunub saxlanması, təbliği baxımından təqdirəlayiqdir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”