Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynin elektrik stimulyasiyası cinayətləri azalda bilər

03 İyul 2018
Alimlərin tədqiqatları göstərib ki, beynin elektrik stimulyasiyası qatilləri sui-qəsd niyyətindən daşındıra bilər. Bunun üçün potensial cinayətkarın ön beyin qabığı nahiyəsindəki zorakılıqla əlaqəli nöqtəyə müəyyən dozada elektrik cərəyanı ötürmək kifayət edir.

AZƏRTAC “Neuroscience” jurnalına istinadla xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universiteti və Sinqapurun Nanyanq Texnoloji Universitetinin alimləri əvvəlcədən sui-qəsd, yaxud seksual xarakterli ağır cinayətlərə istəyi olduğunu bildirən 86 sağlam insandan yarısının üzərində 20 dəqiqəlik beyin elektrik stimulyasiyası həyata keçiriblər. Bu eksperimentdən dərhal sonra onlardan öz niyyətlərini izah etmələri xahiş olunub. Elektrik stimulyasiyasına məruz qalanların 70 faizində nifrət hissi və cinayət niyyətinin azaldığı məlum olub.

Nanyanq Texnoloji Universitetinin professoru Oliviya Çoy bildirib ki, psixoloqlar bundan əvvəl də ön beyin qabığındakı nöqtələrin antisosial davranışla əlaqəli olduğunu söyləyiblər. Tədqiqatların məqsədi bu iddiaları konkret elmi faktlarla sübut etməkdir.

Birbaşa transkranial stimulyasiya adlanan metoddan istifadə edən Pensilvaniya Universitetinin alimləri Adrian Reyn və Roy Hamilton beyin qabığının ön hissəsinə 2 milliamper elektrik cərəyanı ötürüblər. Bunun nəticəsində insanların sui-qəsd niyyəti azalıb, hətta cinayətə qarşı mənəvi keyfiyyətləri üzə çıxıb. Eksperimentə cəlb olunan könüllülərə öz hikkələrini kuklalar üzərində zorakılıq yolu ilə soyutmaq imkanı da yaradılıb. Tədqiqatlardan sonra Adrian Reyn deyib: “İnsanlar cinayət törətmək fikrinə pis qonşular, yoxsulluq, diskriminasiya səbəblərindən düşürlər. Lakin biz düşünürük ki, cinayət halları, xüsusilə sui-qəsdlərin törədilməsi bioloji amillərlə də bağlıdır. Əvvəllər bu amilə diqqət yetirilməyib. Məhz bu səbəbdən beynin funksiyalarının daha dərindən öyrənilməsi və müəyyən sahələrinin stimulyasiyası cəmiyyətdə residivistlərin sayını azalda bilər”.

Tədqiqatlar onu da göstərib ki, beyin stimulyasiyasının əks təsiri də istisna olunmur. Belə ki, bəzi residivist cinayətkarlar üçün elektrik stimulyasiyası onların zorakılığa daha çox meyilli olması ilə də nəticələnə bilər. Bunu nəzərə alan alimlər tədqiqatları daha çox insan üzərində davam etdirməyi planlaşdırırlar.