Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Professor Nizami Məmmədov “Elmə və ekologiyaya verdiyi töhfəyə görə” M.V.Lomonosov medalı ilə təltif edilib

03 İyul 2018
Rusiya Ekologiya Akademiyasının qərarı ilə RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, Rusiya Təbiət Elmləri Akademiyasının və Rusiya Ekologiya Akademiyasının həqiqi üzvü, UNESCO-nun eksperti, həmvətənimiz Nizami Məmmədov “Elmə və ekologiyaya verdiyi töhfəyə görə” M.V.Lomonosov medalı ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, Nizami Məmmədov bu mükafata ekologiyanın fəlsəfi məsələləri, ekoloji mədəniyyətin və davamlı inkişaf mədəniyyətinin ilkin şərtlərinə həsr edilmiş silsilə işlərinə görə təqdim edilib.

Professor Nizami Məmmədov Rusiya Ekologiya Akademiyasının “Sosial ekologiya” seksiyasının rəhbəri və bu Akademiyanın Rəyasət Heyətinin üzvüdür. Elmi ictimaiyyət onu ekologiyanın fəlsəfi və metodoloji məsələlərinə, müasir cəmiyyətdə davamlı inkişaf mərhələsinə keçidin mədəni əsaslarına həsr edilmiş əsərləri müəllifi kimi yaxşı tanıyır. Rusiya Federasiyasında ekologiya üzrə məktəb dərsliyinin, ali məktəblər üçün davamlı inkişaf nəzəriyyəsinə aid dərs vəsaitlərinin, ayrı-ayrı fənlərin ekologizasiyası üzrə müəllimlər üçün silsilə elmi-metodik işlərin müəllifi olan N.Məmmədov davamlı inkişaf mədəniyyətinin izahına sanballı töhfələr verib.

Nizami Məmmədovun davamlı inkişaf mədəniyyətinin statusunun formalaşması yolları barədə ideyaları və təklifləri UNESCO-nun rəsmi sənədlərində öz əksini tapıb.