Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyevin yeni islahatlar konsepsiyası beynəlxalq miqyasda təqdir olunur

03 İyul 2018
 

İqtisadi artım davamlı və sürətlidir

 

 

Azərbaycan iqtisadiyyatında son iki ildə yenidən vüsət alan inkişaf Prezident İlham Əliyev tərəfindən elan edilmiş yeni iqtisadi modelə keçidin uğurlu nəticələridir. Məlum olduğu kimi, 2016-cı ilin əvvəllərindən başlanan kompleks islahatlar milli iqtisadiyyatımızın inkişafında tamamilə yeni mərhələnin əsasını qoydu. Bununla da respublikamızda dayanıqlı və inklüziv inkişaf uğurla təmin edildi.

 

4 və daha çox islahat  aparan 3 ölkədən biri

 

Əsaslı və sabitləşdirici tədbirlər nəticəsində milli valyutanın məzənnəsinin sabitləşməsi, ötən ildən etibarən bir qədər möhkəmlənməsi, makroiqtisadi dayanıqlığın güclənməsi, xarici ticarət dövriyyəsinin artması, qeyri-neft sektorunun artımı məhz həyata keçirilmiş yeni iqtisadi islahatların nəticələridir. Bütün bunlar beynəlxalq təşkilatların da diqqətindən yayınmayıb.

Belə ki, son illərdə Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən nəşr olunmuş Qlobal Rəqabətlilik Hesabatında bir neçə pillə irəliləyib və 2017-ci ildə 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Bu uğur eyni zamanda, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında da əksini tapıb. Azərbaycan bu hesabat üzrə  ötən illə müqayisədə 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşdirilib. Belə ki, “Doing Business 2018” hesabatında Azərbaycan 190 ölkə arasında 57-ci pillədə qərarlaşıb, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biridir.

Azərbaycanın bu hesabatlarda irəliləməsi təsadüfi deyil və kifayət qədər əsaslıdır. Belə ki, xüsusən son bir ildə ölkəmizdə “Doing Business”in 10 indikatoru üzrə sıçrayışa bərabər islahatlar aparılıb. Məsələn, hazırda biznesə başlama üçün işçilərin qeydiyyatı da daxil olmaqla cəmi iki prosedur və iki gün tələb olunur.

Tikinti icazələri sahəsində “bir pəncərə”nin fəaliyyəti, onlayn müraciətin tətbiqi və “ASAN Kommunal”ın texniki şərtləri təqdim etməsi nəticəsində prosedurların sayı 21-dən 9-a endirilib. Elektrikə çıxış üçün prosedurlar son bir ildə 7-dən 2-yə, günlərin sayı isə 69-dan 20-yə qədər endirilib. Əmlakın qeydiyyatı prosesi sürətləndirilib və cəmi 1 prosedur qalıb. Notariuslar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə inteqrasiya olunub. Son bir ildə vergilərin ödənilməsi sahəsində də irəliləyişlər var: ƏDV-nin geri qaytarılması müddəti 45 gündən 20 günə endirilib, kameral yoxlamalar üçün 30 gün vaxt verilir. Gömrükdə “yaşıl dəhliz” və dünyada ilk dəfə olaraq Azərbaycanda onlayn vahid ixrac ərizəsinin tətbiqi mühüm “Doing Business” islahatlarıdır.

Dünyanın iki ən nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın inamla irəliləməsi ölkəmizdə aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir.

 

Rəqəmlər inkişafdan xəbər verir

 

Qeyd edək ki, bu ilin yanvar ayından bəri ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artaraq 29 milyard 294 milyon manata çatıb. ÜDM istehsalının 48,8 faizi sənayedə, 9,9 faizi ticarətdə, 6,7 faizi tikintidə, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 13,8 faizi digər sahələrdə istehsal edilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,9 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olub.

Sənaye müəssisələri tərəfindən isə 2018-ci ilin yanvar-may aylarında 19,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,6 faiz artıb. Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 22 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Bu ilin ötən dövründə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 240,8 milyon manat yönəldilib. Bu  vəsaitin 2 milyard 887,1 milyon manatı və ya 55,1 faizi qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz artıb. Ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 73,1 faizi məhsul istehsalı obyektlərinin, 20,8 faizi xidmət sahələri üzrə obyektlərin, 6,1 faizi isə ümumi sahəsi 640,8 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 53,7 faizini təşkil edib.

Son illər Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlarda qarşıya qoyulan əsas vəzifələrdən biri xüsusən qeyri-neft sektoru üzrə ixracyönümlü məhsul istehsalının artırılması, ixracın təşviqi, xarici bazarların tapılmasıdır. Son dövrlərin yekunları bu istiqamətdə artan xətt üzrə uğurların əldə edilməsindən xəbər verir. 2018-ci ilin arxada qalan dövrü də bu baxımdan əlamətdardır. Belə ki, 2018-ci ildə respublikamızdan xarici ölkələrə 485,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 77 milyon ABŞ dolları və ya 19 faiz çoxdur. Bu ilin qeyd olunan dövründə Rusiya Federasiyasına 135,4 milyon, Türkiyəyə 127,2 milyon, Gürcüstana 52,5 milyon, İsveçrəyə 39,6 milyon və Çinə 16 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci ilin ötən ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (47,3 milyon ABŞ dolları), tomat (42,5 milyon ABŞ dolları) və ilkin formalı polietilenin (35 milyon ABŞ dolları) ilk 3 yeri tutub. Həmçinin qızıl, qabığı təmizlənmiş meşə fındığı, pambıq lifi, xurma, emal olunmamış aşqarlanmamış alüminium və digər bu kimi məhsullar qeyri-neft ixracında mühüm paya sahib olub. Ümumiyyətlə isə, bu dövr ərzində meyvə-tərəvəz ixracı 111,1 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 45,8 milyon, alüminium və onlardan hazırlanan məmulatların ixracı 44,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 18, 4 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin ötən dövründə “azexport.az” portalına 222,5 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub. Ümumilikdə isə, 2017-ci ilin yanvar ayından indiyə kimi “Azexport.az” portalına dünyanın 93 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 697,5 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin ilk 4 ayında portala daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsündə ilk beşlikdə Rusiya (19 faiz), ABŞ (7,8 faiz), Türkiyə (7,4 faiz), İran (6,1 faiz) və Səudiyyə Ərəbistanı (4,3 faiz) qərarlaşıb. Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olmuşdur ki, cari ilin aprel ayında ən çox ixrac sifarişi şərab, yumurta, nar şirəsi, alma, findıq ləpəsi, qənnadı məhsulları, pomidor, buğda kəpəyi, makaron, çay, zəfəran, pambıq yağı, tibbi tənzif, dekorativ güllər, mühərrik yağı, tikinti materialları və s. mallara daxil olub.

Ölkədə həyata keçirilən islahatlar 2018-ci ilin arxada qalan aylarında iqtisadiyyatın bir çox sahəsini əhatə edərək artımın əldə olunmasına yol açıb. İlin başa çatmasına isə hələ çox var. Şübhə yoxdur ki, başlanmış yeni iqtisadi islahatların nəticəsi kimi 2018-ci il Azərbaycanın iqtisadi inkişafında növbəti uğurlu dövr olacaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”