Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Dərm an vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1150-VQD nömrəli Qanununun tətbiqi haqqında

03 İyul 2018
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1150-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun  tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.      üç ay müddətində:

1.1.1.   Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2.   “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-2-ci maddəsinə uyğun olaraq, dərman vasitələrinin ekspertizasının aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.3.   həmin qanunun 8.6-cı maddəsinə uyğun olaraq, dərman vasitələrinin farmakonəzarət  qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.4.   həmin qanunun 12.3-cü maddəsinə uyğun olaraq, dərman vasitələrinin geri çağırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.5.   Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan  Respublikasının Prezidentinə məlumat versin;

1.2.      mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.      həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1.      “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun  6.1-ci maddəsinin  ikinci  abzasında  (birinci halda),  6.1-2-ci,  8.6-cı  və  12.3-cü maddələrində  nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.2.      həmin qanunun 1.0.26-cı, 1.0.28-ci, 4.3-1-ci maddələrində, 6.1-ci maddəsinin ikinci abzasında (ikinci halda), 6.1-1-ci, 6.1-3-cü və 14-1.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

 

İlham ƏLİYEV,

Azərbaycan  Respublikasının  Prezidenti

 

Bakı şəhəri, 27 iyun 2018-ci il