Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət büdcəsinin gəlirləri artırılır

29 İyun 2018
 

Dünən Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov 40 məsələnin daxil olduğu gündəliyi təqdim etdi. 

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edildi. İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, son 15 il ərzində ölkəmizin iqtisadi inkişafı dünya miqyasında rekord səviyyəsindədir. Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə artıb və bu, dünya miqyasında analoqu olmayan göstəricidir. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Ölkənin valyuta ehtiyatları ümumi daxili məhsula bərabər səviyyədədir. Ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini yeridir. Məhz belə siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan ayları böyük iqtisadi fəallıqla müşahidə olunur. Bu yaxınlarda “Cənub qaz dəhlizi”, TANAP kimi qlobal layihələr istifadəyə verilib. Bakı Dəniz Limanının istifadəyə verilməsi isə Azərbaycanın tranzit ölkə kimi nüfuzunu daha da artıracaq.
Maliyyə naziri Samir Şərifov qeyd etdi ki, təqdim olunmuş qanun layihəsi ilə dövlət və icmal büdcələrinin bir sıra gəlir və xərc üzrə maddələrin artırılması və azaldılması, həmçinin, dövlət büdcəsinin gəlir və xərclərinin tarazlaşdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkənin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, əhalinin həssas qruplarının müdafiəsinin artırılması və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq əlavə maliyyə təminatının formalaşdırılması zərurəti 2018-ci ilin dövlət və icmal büdcələrinin gəlirlərinə yenidən baxılmasını şərtləndirib. Belə ki, gömrük inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə qəbul edilmiş son qərarlar, o cümlədən bir sıra rüsumların artırılması, əsasən də alkoqollu içkilərə və tütün məmulatlarına yeni aksiz dərəcələrin tətbiqi, Dövlət Gömrük Komitəsinin xətti ilə gömrük rüsumu və əlavə dəyər vergisi üzrə daxil olmaların əlavə 785 milyon manat artırılmasına imkan yaradıb. Xam neftin dünya bazarlarında qiymətinin əhəmiyyətli dərəcədə artması dövlət və icmal büdcələrinin müvafiq gəlir göstəricilərinin dəqiqləşdirilməsinə şərait yaradıb. 2018-ci il üzrə təsdiq edilmiş dövlət büdcəsinə görə büdcə gəlirlərinin hesablanmasında bir barel neft 45 dollar müəyyən olunub. Bunun 10 dollar artırılaraq bir barel üçün 55 dollara çatdırılması təklif olunur. Bunun nəticəsində neft gəlirlərindən Vergilər Nazirliyi xəttilə dövlət büdcəsinə daxilolmalar 500 milyon manat artırılacaq. Bu artım əsasən Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərindən mənfəət vergisi qismində əlavə gözlənilən daxilolmalar hesabına proqnozlaşdırılır. Bununla yanaşı, Dövlət Neft Fondunun icmal büdcədə əksini tapan gəlirləri dəqiqləşdirilir və 5,6 milyard manat artırılır. Eyni zamanda, qeyd olunmalıdır ki, Vergilər Nazirliyinin xəttilə qeyri-neft sektoru üzrə gəlir proqnozunun təsdiq olunmuş büdcə ilə müqayisədə 1 milyard 27 milyon manat məbləğində azaldılması zərurəti yaranıb. Həmin zəruri dəyişiklik əvvəlki illərdə vergi ödəyicilərindən, əsasən də qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərindən proqnozlarda nəzərdə tutulduğundan artıq alınmış vergi ödənişlərinin sahibkarlara geri qaytarılması və ya cari büdcə ilində ödəniləcək vergilərlə əvəzləşdirilməsi ilə bağlıdır. Vergilər Nazirliyinin xəttilə 2018-ci il dövlət büdcəsində təmin olunması nəzərdə tutulan məcmu daxilolmaların 527 milyon manat azaldılması dövlət büdcəsində öz əksini tapmalıdır. Beləliklə, təklif olunan dəqiqləşdirilmələrin aparılması nəticəsində 2018-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinin gəlirləri 14 milyon manat büdcədənkənar daxilolmalar da nəzərə alınmaqla cəmi 272 milyon manat məbləğində artırılacaq.
Hesablama Palatasının sədri Vüqar Gülmməmədov dedi ki, müzakirə olunan qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsinə uyğun və qanunla müəyyən edilmiş məlumatlar əlavə olunmaqla təqdim edilib.
V.Gülməmmədov bildirdi ki, 2018-ci ilin ilk 5 ayında neftin orta qiyməti dövlət büdcəsində ilkin nəzərdə tutulmuş göstəricidən 71 faiz, yenidən baxılan dövlət büdcəsində nəzərdə tutulmuş göstəricidən isə 40 faiz çoxdur.
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
İclasda Vergi Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri qəbul edildi.
Sonra “Məşğulluq haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim edən Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd etdi ki, qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. 6 fəsil, 37 maddədən ibarət qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.
“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi də üçüncü oxunuşda müzakirə edildi. 4 fəsil, 21 maddədən ibarət qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, məqsəd ölkəmizdə dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən etmək, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləməkdir.
Layihədə deyilir ki, dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan məlumatlar itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitlərin, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması üçün istifadə edilir. Qanun layihəsi qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” sənəd ləğv ediləcək.
Layihə üçüncü oxunuşda qəbul edildi.
Yenidən büdcə ilə bağlı məsələyə baxıldı. Qeyd edildi ki, “Büdcə sistemi haqqında” qanun layihəsində edilən dəyişikliklər 2019-cu büdcə ilindən başlayaraq dövlət və icmal büdcələrin tərtib olunmasını təkmilləşdirmək məqsədi daşıyır. Dəyişikliklər fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb və fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır.
Qeyd olundu ki, bu dəyişikliklərin tətbiqi dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaldacaq. Layihə səsverməyə çıxarılaraq təsdiqləndi.
Sonra “Hesablama Palatası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olundu. Komitə sədri Ziyad Səmədzadənin məlumatından sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olundu.
“Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi, “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və SOCAR-ın Ortaq neft şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSİ arasında Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihələri də səsverməyə çıxarılaraq qəbul edildi.
“İnformasiya əldə etmək haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verən Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, sənədin 30.1-ci maddəsinə “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyət məlumatların, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir” məzmunlu ikinci hissə əlavə olunacaq. Layihə təsdiqləndi.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, Cinayət Prosessual Məcəlləsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinin təkmilləşdirilməsi və 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğunlaşdırmaq məqsədi daşıyır.
Bu layihə də təsdiqləndi.
İclasda Cəzaların İcrası Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Polis haqqında” qanunlara təklif edilən dəyişikliklər də müzakirə olundu. Bildirildi ki, bu dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tədbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun icrası ilə əlaqədardır və mövcud qanunların təkmilləşdirilməsi məqsədi daşıyır. Qanun layihələri qəbul olundu.
Deputatlar Vergi Məcəlləsində, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi haqqında”, “İcarə haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında və “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında” qanun layihələrini də təsdiqlədilər.
“Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsi də qəbul olundu. Deputatlar həmçinin, İnzibati Xətalar, Mülki Prosessual, Cinayət, İnzibati Prosessual, Miqrasiya məcəllələrində nəzərdə tutulan dəyişikliklərin lehinə səs verdilər.
İclasda “İcra haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Notariat haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də qəbul olundu.
Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatdı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Səbinə MƏMMƏDOVA,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”