Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

29 İyun 2018
 

İyunun 28-də “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Müsabiqə “Azərbaycan müəllimi” qəzeti və “Bank of Baku”nun birgə təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolunu qeyd edən təhsil nazirinin müavini cümhuriyyət dövründə təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

Eyni zamanda, müsabiqə barədə məlumat verilib. Qeyd olunub ki, müsabiqəyə yazıların təqdim edilməsi üçün ayrılmış bir ay müddətində təşkilat komitəsinə 305 yazı daxil olub. Müsabiqəyə 47 şəhər və rayonun müəllimləri qatılıblar. Seçimin nəticələrinə əsasən iki yazı birinci, iki yazı ikinci, üç yazı üçüncü yerlərə, yeddi yazı isə həvəsləndirici mükafata layiq görülüb. “Bank of Baku”nun idarə heyətinin sədri Eldar Həmidov cümhuriyyət dəyərlərinin öyrənilməsi və təbliği baxımından müsabiqənin əhəmiyyətini qeyd edib.

E.Həmidov rəhbərlik etdiyi qurumun sosialyönümlü layihələrə hər zaman maliyyə dəstəyi göstərdiyini diqqətə çatdırıb.

Qaliblərə diplom, hədiyyə və pul mükafatları təqdim olunub.