Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirildi

29 İyun 2018
 

İyunun 28-də Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin “Məzun günü” keçirildi. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, ali məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.
BANM-ın rektoru Elmar Qasımov tədbiri açaraq qonaqları salamlayıb.
SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev tədbirdə çıxış edərək deyib: “Möhtərəm Prezident 2011-ci ildə qarşımıza yüksək texnoloji biliklərə sahib olan ingilisdilli neftçi mütəxəssislər hazırlayacaq müasir təhsil sistemi ilə təchiz olunmuş ali məktəbin Azərbaycanda yaradılması kimi şərəfli bir vəzifə qoydu. Çəkilən zəhmətin bəhrələrini görmək bizi sevindirir. Müasir Avropa təhsil konsepsiyasına uyğun hazırlanmış tədris proqramı, yeni yaradıcı mühit və təhsilin yüksək keyfiyyəti qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri Bakı Ali Neft Məktəbini seçməyə həvəsləndirir”.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbirdə çıxış edərək məzunları təbrik edib və bildirib ki, Bakı Ali Neft Məktəbinin vətənpərvər ruhda təhsil almış məzunları ölkənin neft-qaz sənayesinin ən peşəkar mütəxəssisləri və alimləri olacaqlar. Nazir bu ali məktəbin yaradılmasını ölkə rəhbərinin təhsilə və neft-qaz sənayesinə olan diqqətinin nəticəsi olduğunu vurğulayıb.
Rektor Elmar Qasımov çıxışında məzunları və onların yaxınlarını bu əlamətdar gün münasibətilə təbrik edib və onlara gələcək karyera və həyatlarında uğurlar arzulayıb. “Biz tələbələrimizi həyata və dünyaya hazırlayırıq. Əminəm ki, bu gün məzun olan tələbələrimiz keçənilki məzunlarımız kimi, Bakı Ali Neft Məktəbini və doğma Azərbaycanı yerli və transmilli şirkətlərdə, eləcə də dünyanın aparıcı universitetlərində layiqincə təmsil edəcəklər. Ötən il BANM iki ixtisas üzrə məzun buraxılışı həyata keçiribsə, bu il artıq üç ixtisas üzrə məzunlarını yola salır. Yeni dərs ilindən isə biz bakalavr pilləsi üzrə yeni ixtisasın tədrisinə başlayırıq. Biz bu gün böyük qürur hissi ilə deyə bilirik ki, ali məktəbimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarını rəhbər tutaraq ölkəmizə potensiallı mütəxəssislər bəxş edir”.
Tədbir zamanı həmçinin vurğulanıb ki, BANM-ın ötənilki ilk məzunlarının hamısı işlə təmin olunub. Bu gün həmin məzunlar SOCAR, Türkiyədə STAR Neft Emalı Zavodu, “Azneft” İB, “Azərikimya” İB, Heydər Əliyev adına NEZ, BANM, BP, Halliburton, Maire Tecnimont və s. kimi şirkətlərdə öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirirlər.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz BANM-a böyük rəğbət bəslədiyini, ali məktəbin tədris proqramlarının və hazırladığı mütəxəssislərin yüksək səviyyədə olduğunu qeyd edib və BP-də çalışan keçənilki məzunlardan öz razılığını bildirib.
Tədbirdə SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 60 illik yubileyi münasibətilə təbrik edilib. Öz növbəsində Xalik Məmmədov məzunları təbrik edib və BANM kimi möhtəşəm layihənin gerçəkləşdirilməsində yer aldığına görə qürur hissi keçirdiyini bildirib.
Böyük Britaniyanın Heriot-Vatt Universitetinin prorektoru, professor Culian Counz və BANM-ın əməkdaşlıq etdiyi Yunanıstanın Qərbi Attika Universitetinin professoru və Erasmus+ layihəsinin universitet üzrə koordinatoru Panayotis Yannakopoulos da çıxış edərək məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzu ediblər.
Tədbirdə BANM-ın ötənilki ilk məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu, eyni zamanda Heriot-Vatt Universitetinin professor-müəllim kollektivinin təbrikini əks etdirən videomaterial nümayiş olunub.
“Məzun günü” diplomların təqdim olunma mərasimi ilə davam edib. 2017-/2018-ci tədris ilində Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə məzun olan 16 tələbəsi BANM-ın diplomunu, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə məzun olan 35 nəfər və “Kimya mühəndisliyi” ixtisası üzrə məzun olan 41 nəfər tələbə isə BANM-ın və Heriot-Vatt Universitetinin diplomlarını alıblar. Ali məktəbi fərqlənmə ilə bitirən 12 tələbənin diplomu isə SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən onlara təqdim edilib.
“Məzun günü”ndə eyni zamanda ali məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə birinci olan tələbəsi Rəşad Nəzərəliyev, “Kimya mühəndisliyi” ixtisası üzrə birinci olan Tərlan Əliyev və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə birinci olan Rəhim Rəhimli Rövnəq Abdullayev tərəfindən plaketlə təltif olunublar. 2018-ci il məzun buraxılışında həm də bütün ali məktəb üzrə birinci olan Rəşad Nəzərəliyevin adı isə simvolik kötüyə həkk olunub.
Ali məktəbin məzunları - Məmməd Cəbrayılov, Sevinc Qafarlı, Emilya Məmmədova məzun dostları adından çıxış edərək onların gənc mütəxəssis kimi yetişmələrində, bilik və bacarıqlarının formalaşmasında böyük əməyi olan fədakar müəllimlərinə sonsuz minnətdarlıq hisslərini çatdırıblar.
Tədbirdə valideynlər adından “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan Nigar Allahverdiyevanın atası Zahid Allahverdiyev çıxış edib. O qeyd edib ki, qızı Nigar Allahverdiyeva BP şirkətindən iş təklifi alıb. Qızının bu uğurunu BANM-ın professor və müəllimlərinin zəhmətinin, ali məktəbin güclü tədris proqramlarının və buradakı qayda-qanunun nəticəsi kimi qiymətləndirən ata, SOCAR və BANM rəhbərliyinə Azərbaycan övladlarına yaradılan bu şərait və dəstək üçün təşəkkür edib.
Tədbirin bədii hissəsinə rəssam Nagia Rzayevanın BANM-ın yaranması haqqında qumla olan kompozisiyasının təqdimatı ilə başlanılıb. Daha sonra respublikanın xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblı gözəl musiqi nömrələri ilə məzunları təbrik edib. “Qaytağı” ansamblının və şotland musiqisinin ifaçısı İnnes Moirin Azərbaycan milli və klassik musiqisilə şotland etnik musiqisini sintez edərək ifa etməsi isə tədbirdə iştirak edənlərin böyük marağına səbəb olub.
“Məzun günü”nün sonunda mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. Məktəb Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında, ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.

“Azərbaycan”