Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda İran Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi keçirilib

28 İyun 2018
İyunun 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İran Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın və İranın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək İran və Azərbaycan arasında qarışlıqlı mədəni əlaqələrin inkişafından danışıb. Nazir deyib ki, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran memarlıq, xalq yaradıcılığı nümunələri, ədəbiyyat və rəssamlıq kimi sənət növləri var. Bu sahədə birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın əsas istiqamətini təşkil edir. Azərbaycan-İran mədəni əlaqələrində teatr sahəsi də önəmli yer tutur. Azərbaycan teatrları mütəmadi olaraq İranda keçirilən beynəlxalq festivallarda uğurla iştirak edirlər. İki ölkənin milli kitabxanaları arasında sıx əməkdaşlıq informasiya mübadiləsi üçün geniş imkanlar yaradır.

“Bu gün iki dövlətin həyatında olduqca mötəbər gün yaşanmaqdadır. İran və Azərbaycan mədəniyyətləri tarixən bir-birinə yaxın və oxşar olub. Bu gün İran sənətçilərinin Azərbaycanda, Azərbaycan sənətçilərinin də İranda çıxışları adi hal alıb. Bu da bizim mədəniyyətlərimizin yaxınlaşmasına daha bir zəmin yaradır. Bu dəfə İran sənətçiləri Bakı və Gəncədə maraqlı çıxışları ilə insanların zövqünü oxşayacaq. Mədəniyyət günləri çərçivəsində keçiriləcək ustad dərsləri və texniki məsələlər müzakirə edilərək öz həllini tapıb. İnanıram ki, bu tədbirdən sonra iki dövlətin

mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək, mədəni mübadiləyə təkan veriləcək. Belə tədbirlərin reallaşdırılması iki ölkənin dövlət başçılarının təşəbbüsü əsasında gerçəkləşib”, - deyə nazir vurğulayıb.

İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyyid Abbas Salehi bildirib ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün böyük potensial var. Bir tərəfdən xalqlarımızı birləşdirən mədəni və tarixi köklər, digər tərəfdən isə hazırda ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması buna əminlik yaradır. Ölkə rəhbərlərinin çoxsaylı görüşləri, dövlətlər arasında imzalanan sazişlər göstərir ki, ikitərəfli əlaqələr üçün yetərincə hüquqi baza mövcuddur. Bu da mədəni sahədə çoxsaylı proqramları icra etməyə geniş imkanlar yaradır.

“Hər iki dövlətin qədim mədəniyyətə malik şəhərləri var. Bu şəhərlərdə dünyanın nadir mədəni, tarixi abidələri yerləşir. Bizim dinimizdə, mədəniyyətimizdə bir-birinə bağlı olan onlarla maddi–mədəniyyət nümunələri mövcuddur. Bizim keçmişimizi və bu günümüzü gələcəyə birləşdirən mədəniyyətdir. Bizim mədəni əlaqələrimizin inkişafı qarşılıqlı tədbirlərin reallaşması üçün baza rolunu oynayır. Dövlətlərimizin başçıları mədəni əlaqələrimizin daha da inkişafına dəstək olurlar. İnanıram ki, bundan sonra da bu əlaqələr inkişaf edəcək”, - deyə Seyyid Abbas Salehi vurğulayıb.

Tədbir tanınmış İran dirijoru Firudin Şəhbarianın bədii rəhbərliyi ilə İran Milli Orkestrinin müşayiətində konsert proqramı ilə davam edib.