Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Gələcəyə doğru” adlı tədbir olub

23 İyun 2018
 

Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil məktəblərini yüksək qiymətlərlə bitirmiş şagirdlər üçün “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib.

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın məzunlara təbrik məktubunu oxuyub.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov çıxış edərək gənclərə təbriklərini çatdırıblar.

Sonra tanınmış müğənnilərin, beynəlxalq musiqi müsabiqələrinin qaliblərinin ifasında maraqlı musiqi proqramı təqdim olunub. Həmçinin gənclər arasında müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilib, fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin keçirildiyi məkanda bir sıra gənclər təşkilatlarının stendləri quraşdırılıb. Burada təşkilatlar barədə məlumat verilib, həmin qurumların fəaliyyətlərini əks etdirən maarifləndirici materiallar nümayiş etdirilib. Stendlərdə gənclərin ölkəmizin ictimai həyatında fəal iştirakı imkanları barədə də ətraflı məlumat verilib.