Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb

22 İyun 2018
Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü iyunun 22-də Qəbələ şəhərində gerçəkləşib.

Nazir Qəbələ şəhər Mədəniyyət Mərkəzində Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarının sakinlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdən öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Nazir Mədəniyyət Mərkəzi ilə tanış olub.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Şamaxı sakinləri mədəniyyət işçilərinə fəxri adların və mükafatların verilməsi, tarixi abidələrin bərpa edilməsi, Şamaxı Dövlət Rəsm Qalereyası üçün binanın tikilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

İsmayıllı sakinlərinin müraciətləri rayonda mədəniyyət işçiləri üçün kurort-sanatoriyanın tikilməsi, Lahıc folklor qrupuna “Xalq kollektivi” adının verilməsi, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların sənətkarlarının və folklor qruplarının xarici ölkələrə səfərlərinin təşkili, tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisi və ya mövcud binanın regional idarənin balansına verilməsi, Diyallı kənd Yaradıcılıq Evinin dam örtüyünün təmir edilməsi və başqa məsələlər barədə olub.

Qəbələdən qəbula yazılan vətəndaşların müraciətləri tanınmış yazıçı və şairlərlə görüşlərin təşkili, kitabxanalara uşaqlar üçün intellektual oyunlara aid elektron nəşrlərin alınması, Xalq Teatrının repertuarına uyğun səhnə əsərlərinin çap olunması, Heydər Əliyev Mərkəzinin fondunun zənginləşdirilməsi, incəsənət məktəbində skripka sinfinin açılması barədə olub.

Ağsu sakinləri uşaq musiqi məktəbində qarmon ixtisası üzrə tədris proqramına təkliflərini, rayon ərazisindəki tarixi abidələrin bərpa olunması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Qobustan sakinləri rayonun Nərimankənd adlanan hissəsində eramızdan əvvəlki dövrə aid mağaralara inventar nömrəsinin verilməsi, folklor qruplarına peşəkar mütəxəssislər tərəfindən köməklik göstərilməsi barədə müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.