Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əlcəzair nümayəndə heyəti Milli Məclisdə olub

21 İyun 2018
Azərbaycanda səfərdə olan Əlcəzair nümayəndə heyəti iyunun 21-də Milli Məclisdə olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan ilə Əlcəzair arasında münasibətlərin müsbət dinamikasını qeyd edib. Bildirib ki, Azərbaycan tərəfi bu münasibətlərin dərinləşməsində maraqlıdır. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlığı var. Əlcəzair nümayəndə heyətinin ölkəmizə səfəri dövlətlərarası münasibətlərin dərinləşməsi üçün gözəl təşəbbüsdür.

Əlcəzairin ədliyyə naziri Tayeb Louh bildirib ki, ölkələrimiz arasındakı münasibətlər inkişaf edir. İkitərəfli münasibətlərin inkişafı məqsədilə iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu gün isə ikinci müqaviləni imzaladıq. Əlaqələrin inkişaf etdirilməsinə hər iki ölkənin rəhbərləri böyük diqqət göstərirlər. Hər iki tərəf parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə də maraq göstərir. Azərbaycan-Əlcəzair parlamentlərarası dostluq qrupunun yaradılmasına dair təklif irəli sürəcəyəm. Bu da hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin qurulmasında yardımçı olacaq.

Görüşdə Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün var. Bu münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır. Əlcəzair hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqq səsini müdafiə edib və istərdik ki, bundan sonra da bu səyləri artırsın.