Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“AzerGold” QSC beynəlxalq əlaqələrini inkişaf etdirir

21 İyun 2018
 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) nümayəndə heyətinin Qazaxıstan Respublikasına işgüzar səfəri başlayıb. 19 iyunda “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının İnvestisiya və inkişaf nazirliyinin vitse-naziri Timur Toktabayev, “Tau-Ken Samruk” və “Qazgeology” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Vitse-nazir Timur Toktabayevlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft ixracının təşviqi istiqamətində görülən işlər sayəsində 2004-2017-ci illərdə qeyri-neft ixracının 4 dəfə artdığı və qeyri-neft sektorunun artımında əlvan metal sənayesinin oynadığı rol diqqətə çatdırılıb. Bundan əlavə, görüşdə investisiyaların stimullaşdırılmasında mədən şirkətlərinin rolu, yeraltı sərvətlərdən istifadədə proqnozlaşdırma və şəffaflığın təmin edilməsi, geoloji məlumatın rəqəmsallaşdırılması metodologiyası ətrafında geniş müzakirələr aparılıb, Qazaxıstanın son illər dağ-mədən sənayesinin inkişafı istiqamətində gördüyü silsilə tədbirlər haqqında ətraflı məlumat əldə edilib.

Faydalı qazıntıların prioritet növləri üzrə kəşfiyyat təşəbbüslərini həyata keçirən Qazaxıstanın milli geoloji-kəşfiyyat şirkəti “Qazgeology” və Qazaxıstanın milli dağ-mədən şirkəti olan “Tau-Ken Samruk”un rəhbər şəxsləri ilə görüş çərçivəsində polimetal yataqlarında texnoloji həllər, geoloji-kəşfiyyat işləri, beynəlxalq tərəfdaşların cəlbi istiqamətində görülən tədbirlər, habelə dağ-mədən sənayesində mövcud tendensiyalar və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“AzerGold” QSC-nin nümayəndə heyəti 19-22 iyun tarixlərində keçirilən Dünya Dağ-Mədən Konqresində (World Mining Congress) iştirak edib. 49 ölkənin nümayəndələrini qəbul edən beynəlxalq tədbir 1958-ci ildən başlayaraq hər 2-3 ildən bir keçirilir.

Qazaxıstana səfər “AzerGold” QSC-nin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi siyasəti çərçivəsində baş tutub. Azərbaycanda dağ-mədən sənayesinin kompleks inkişafını hədəfləyən “AzerGold” QSC-nin fəaliyyətində beynəlxalq tərəfdaşlıq əlaqələrin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir.

 

“Azərbaycan”