Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir

20 İyun 2018
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun dəvəti ilə Çin Xalq Respublikasında rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, iyunun 20-də nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub. Nümayəndə heyəti əvvəlcə partiyanın muzeyi ilə tanış olub. Bildirilib ki, muzeydə partiyanın tarixinə, onun ölkənin siyasi həyatındakı vacib roluna dair eksponatlar saxlanılır.

Milli Məclisin sədri Oqtay Əsədovun partiyanın rəhbərliyi ilə görüşündə iki ölkənin tarixən formalaşmış əlaqələrindən, müasir dövrdə müxtəlif sahələrdə, o cümlədən hakim partiyalar arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, dövlət başçıları İlham Əliyevin və Si Cinpinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimiz qarşılıqlı faydalı şəkildə inkişaf edir.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Pekindəki İmperator Sarayı və muzeyi ilə də tanış olub.

Bildirilib ki, 1420-1912-ci illərdə Çin imperatorlarının iqamətgahı kimi fəaliyyət göstərmiş bu tarixi abidə dünyada ən böyük saray kompleksi hesab olunur. Ənənəvi Çin memarlığı üslubunda inşa olunan, böyüklü-kiçikli 990-a yaxın tikilidən ibarət olan saray kompleksi UNESCO-nun Bəşəriyyətin Maddi İrs Siyahısına daxil edilib.

Azərbaycan parlamentinin nümayəndə heyəti İmperator sarayını gəzib, kompleksin müxtəlif hissələri ilə tanış olub.