Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Paytaxtda birinci sinfə şagird qəbulunun ikinci mərhələsi başlanıb

20 İyun 2018
Paytaxtın ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ili üçün birinci sinfə şagird qəbulunun ikinci mərhələsinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, bu mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə birinci sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra valideynlər övladlarının sənədlərini iyunun 20-dən sentyabrın 18-dək (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər. Sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz təqdim olunur.

Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə Bakının hər inzibati rayonunda 50 məktəbdə Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Müəyyən səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər həmin mərkəzlərə müraciət edə bilərlər. Birinci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə altı ümumi təhsil müəssisəsində Apellyasiya Komissiyası fəaliyyət göstərir.

Qeyd edək ki, indiyədək birinci sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 42.000-dən çox uşaq qeydiyyatdan keçib. Bu göstərici paytaxtdakı dövlət ümumtəhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur.