Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək

14 İyun 2018
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Milli-mənəvi dəyərlərimiz, dövlətçilik ənənələrimiz tarixin ən sərt dönəmlərində də qorunub saxlanılıb. Xalqımız digər milli, dini bayramlar kimi müqəddəs Ramazan bayramını da həmişə böyük istək və sevgi ilə qeyd edib. Xeyirxah əməllər naminə birliyə, qardaşlıq və bərabərliyə çağıran, mənəvi saflığa, dostluğa, həmrəyliyə söykənən, ailələrə sevinc, məhəbbət və şadlıq gətirən Ramazan bayramı sülhün, əmin-amanlığın təzahürüdür.

Azərbaycan müstəqilliyə yenidən nail olduqdan sonra bərpa edilən dövlətçiliyimiz xalqa öz bayramlarını təmtəraqla qeyd etməyə imkan yaratdı. Xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz ictimai-siyasi böhrandan, xaosdan xilas oldu və respublikamızın hərtərəfli inkişafı istiqamətində dönüş yarandı. Böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan beynəlxalq layihələr Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsində mühüm rol oynadı. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, sarsılmazlığını, dönməzliyini sübut edən ulu öndər Heydər Əliyevin prinsipial və dönməz siyasəti ölkənin ordu quruculuğuna da əvəzsiz töhfələr verdi. Müstəqilliyimizin, dövlətçiliyimizin dayağı və qarantı olan müasir Azərbaycan Ordusunun banisi ümummilli lider Heydər Əliyevin başladığı ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, nizami ordumuzun hərbi qüdrəti gündən-günə artır”.

Təbrik məktubunda əminliklə bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti ümummilli lider Heydər Əliyevin ideyalarına və hərbi anda sadiq qalaraq, nizamnamələrin tələblərinə uyğun xidmət edəcək, döyüş və mənəvi-psixoloji hazırlığını artıraraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək.