Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

XİN: Qondarma Dağlıq Qarabağ rejiminin “sənədi”nin BMT-də yayılması xəbəri yalan və cəfəngiyatdır

14 İyun 2018
Ermənistanın BMT yanındakı daimi nümayəndəliyinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejim adından BMT-də “sənəd”lərin yayılması ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir: “Məlum olduğu kimi, cari ilin mayında Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim adından BMT-də sənəd yayıb. Bundan əvvəl də Ermənistanın BMT yanında nümayəndəliyi tərəfindən bənzər addımlar atılmışdı.

Bu məsələdə də Ermənistanın BMT yanında nümayəndəliyi saxtakarlıq və BMT üzv dövlətlərini aldatmağa cəhd etmək yolunu seçib. Belə ki, Ermənistanın BMT yanında nümayəndəliyi tərəfindən göndərilən məktuba qondarma rejim adından hər hansı bir sənəd əlavə edilir. Sonra bu Ermənistan KİV-də qondarma rejimin “sənədi”nin guya BMT-də yayılması kimi təqdim olunur. Əslində isə bu yalan və cəfəngiyatdır.

Bununla əlaqədar olaraq cari ilin 7 iyun tarixində Azərbaycan Respublikasının BMT yanındakı daimi nümayəndəliyi tərəfindən BMT-nin baş katibinə məktub ünvanlanıb. Elə həmin gün sənəd BMT Təhlükəsizlik Şurasının sədri tərəfindən TŞ-nin üzvləri arasında yayılıb və BMT-nin rəsmi sənədi kimi dərc olunub.

Məktubda BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrə istinad edilərək, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edildiyi, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunun bir daha təsdiqləndiyi bildirilir. Habelə ərazinin zəbt olunması üçün gücdən istifadə edilməsinin qəbuledilməzliyi və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə tələblərin əks olunduğu diqqətə çatdırılır.

Bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim hərbi təcavüz və qanlı etnik təmizlənin nəticəsidir.

Məktubda, həmçinin Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymayaraq Azərbaycana qarşı törətdiyi təcavüzə görə davamlı şəkildə məsuliyyətdən yayınması cəhdlərinə şərh verilərək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi hüquqi qərara istinad edilib. Məlum olduğu kimi, məhkəmənin qərarında qondarma rejimin Ermənistanın nəzarətində olduğunu və onun siyasi, maliyyə, hərbi və digər dəstəyi sayəsində mövcud olduğu öz təsbitini tapıb.

Bir daha vurğulanıb ki, Ermənistan yürütdüyü təcavüz və anneksiya siyasəti ilə heç zaman güddüyü məqsədlərinə nail ola bilməyəcək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bu, belə olub və gələcəkdə də belə olacaq və Ermənistanın öz qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmaqdan başqa yolu yoxdur.

Məktubda rəsmi Yerevanın öz xalqı və beynəlxalq ictimaiyyəti çaşdırmaq üzrə cəhdlərə son qoymalı və münaqişənin həll edilməsi məqsədilə üzərinə düşən öhdəliklərini yerinə yetirməli olduğu vurğulanıb və yalnız belə olan şəraitdə bölgədə çoxdan gözlənilən sülh və sabitliyin bərqərar ola biləcəyi qeyd edilib”.