Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlin əvvəlindən əhalinin sayı 25018 nəfər artıb

14 İyun 2018
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 25018 nəfər artaraq mayın 1-i vəziyyətinə 9923103 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bir kvadratkilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib.

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44540 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 846-sı əkiz, 33-ü üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

2018-ci ilin yanvar-aprel aylarında ölkədə 20406 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5-dən 6,3-ə qədər azalıb. 2018-ci ilin ilk dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17715 nikah və 4868 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.

Cari ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1310 nəfər Azərbaycana gələn, 426 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 884 nəfər təşkil edib.